Artıq bir neçə ildir ki, Azərbaycanın gözəl guşələrindən biri olan Abşeron rayonunun Xırdalan şəhərində məskunlaşmışam. Xırdalan mənim üçün təkcə yaşayış məkanı deyil, həm də ədəbi nəfəs aldığım bir məkandır. Burada Azərbaycan Yazıçılar Birliyinin Abşeron bölməsinə dəyərli qələm adamımız, yazıçı-publisist, “Yeni Abşeron” qəzetinin baş redaktoru Şəhla Ağbulud rəhbərlik edir.
AYB-nin Abşeron bölməsi həmişə fəallığı ilə seçilir. Şəhla xanımın təşəbbüsü ilə bu bölgədə yaşayan şair və yazıçılar mütəmadi olaraq bir araya gəlir, fikir mübadiləsi aparır, ədəbi söhbətlər edirlər. Bu görüşlər həm yaradıcılıq baxımından ruhlandırıcı, həm də dostluq və həmrəyliyin təntənəsidir.
Azərbaycan.media xəbər verir ki, budəfəki görüş də çox maraqlı və səmimi atmosferdə keçdi. Görüşdə AYB üzvü, şair Yusif Hüseyn, AYB üzvü, şair Mürvət Qədimoğlu, AYB üzvü, şair Xanlar Zəngilanlı və bəndəniz – AYB və AJB üzvü, Prezident mükafatçısı, Həsən bəy Zərdabi mükafatçısı, Azərbaycan.media saytının rəhbəri Fuad Biləsuvarlı iştirak etdik. Poeziyamızın dünənindən, bu günündən və sabahından danışdıq, ədəbi prosesdə baş verən yenilikləri müzakirə etdik.
Belə görüşlər, şübhəsiz ki, ədəbiyyatımıza, Abşeronda formalaşan ədəbi mühitə yeni nəfəs gətirir. Ədəbi söhbətlərin, fikir alış-verişlərinin davamlı olması yaradıcılıq üçün mühüm stimul yaradır.



Fuad Biləsuvarlı
Mənbə: Azərbaycan.media
