🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sarayevoda Zəfər Gününə həsr olunmuş Azərbaycan konserti keçirilib

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Azərbaycanın Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim olunub. Tədbir Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Səhnədə Azərbaycanın zəngin musiqi irsi, xalq və muğam sənətinin inciləri səsləndirilib. Konsert proqramında Xalq artisti Mənsum İbrahimov və tanınmış ifaçılar çıxış ediblər. Tədbir iştirakçıları Azərbaycanın mədəniyyətini, milli musiqisinin dərinliyini və zəfər ruhunu böyük maraq və alqışlarla qarşılayıblar.

Xalq artisti Mənsum İbrahimov tədbirlə bağlı Azərbaycan.media saytına fikirlərini bildirib:

“Zəfərimizin 5 illiyinə həsr olunmuş bu konsert bizim üçün həm qürur, həm də minnətdarlıq anıdır. Azərbaycan musiqisi Sarayevoda səsləndi, qardaş ölkənin insanları ilə sevincimizi bölüşdük. Zəfərimiz əbədi olsun! Amin.”

Konsert zamanı səhnədə Azərbaycan və Bosniya-Herseqovina bayraqları dalğalanıb, salonu alqış səsləri bürüyüb. Tədbir dostluq, qardaşlıq və mədəni əməkdaşlıq ruhunda başa çatıb.

Mənbə: Azərbaycan.media