Qazax Rayon İcra Hakimiyyətinin və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.
Azərbaycan.media xəbər verir ki, tədbir filialın Heydər Əliyev auditoriyasında baş tutub. Dəyirmi masada Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının əməkdaşları, BDU-nun Qazax filialının direktoru, dosent Arif Rüstəmov, professor-müəllim heyəti, tələbələr, QHT nümayəndələri və qonaqlar iştirak ediblər.
Tədbirdən öncə iştirakçılar filialın foyesində şəhidlərin xatirəsinə yaradılmış guşə ilə tanış olublar. Onlar həmçinin Vətən müharibəsi şəhidi, “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş leytenant Məmmədov Məhəmməd Zakir oğlunun xatirəsinə yaradılmış guşəyə baxış keçirib, onun əziz xatirəsini ehtiramla yad ediblər.
Dəyirmi masa iştirakçıları 8 Noyabr – Zəfər Gününün dövlətçilik tariximizdəki əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı düşməndən azad edib. Bu gün Azərbaycan xalqı həmin qələbəni və azad edilmiş şəhərlərin adlarını böyük qürurla qeyd edir.
Çıxışlarda vurğulanıb ki, ötən ilin ən önəmli hadisələrindən biri də Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlının bir güllə belə atılmadan Azərbaycana qaytarılması olub. İştirakçılar kəndlərin yaxın zamanda yenidən qurulacağına, infrastrukturun bərpa ediləcəyinə, sakinlərin doğma yurdlarına qayıdacaqlarına əminlik ifadə ediblər.
