🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Əlimizdəki güc, ruhumuzdakı boşluq

Müasir dövr texnologiya əsridir. Həyatımızın hər sahəsinə sirayət edən bu güc bir tərəfdən bizə rahatlıq, sürət və əlçatanlıq bəxş edir, digər tərəfdən isə bizi yavaş-yavaş özümüzdən, ruhumuzdan uzaqlaşdırır.
Texnologiyanın xeyirli tərəfləri danılmazdır. Tibbdə inqilab baş verib – əvvəllər ölümcül sayılan xəstəliklər bu gün müalicə olunur. Süni intellekt xəstəliklərin erkən mərhələdə aşkarlanmasına kömək edir, robot cərrahiyyəsi əməliyyatları daha dəqiq və təhlükəsiz edir. Gen texnologiyaları isə irsi xəstəliklərin qarşısını almağa imkan verir. Bu yeniliklər insan ömrünü uzadır, həyat keyfiyyətini yüksəldir.
Məlumata çıxış saniyələr içində mümkündür – dünyanın o başındakı hadisədən anında xəbər tuturuq. Təhsil, iş, ünsiyyət – hamısı bir düymənin ucundadır. Distant təhsil, süni intellekt, ağıllı ev sistemləri həyat keyfiyyətini yüksəldən yeniliklərdir.
Lakin bu inkişafın bir də görünməyən üzü var. İnsanlar ekran qarşısında tək qalır. Virtual ünsiyyət real münasibətləri kölgədə qoyur. Göz təması, toxunuş, səmimi gülümsəmə, bunlar unudulmağa başlayır. Uşaqlar həyətin səs-küylü oyunlarını yox, süni aləmdə səviyyə qazanmağı seçirlər. Sürətli həyat tərzi insanı tükəndirir; istirahət, sakitlik, dərinlik anlayışları tədricən yox olur.
Nəticə aydındır: texnologiya həyatımızı asanlaşdırır, lakin onu necə və nə qədər istifadə etdiyimiz önəmlidir. Texnologiya bizə xidmət etməlidir, biz ona yox. Hər yeni proqram, hər yeni cihaz bizə vaxt qazandırmalı, onu oğurlamamalıdır.
Gündəlik həyatımızda balans yaratmaq vacibdir, həm texnologiyanın imkanlarından faydalanmaq, həm də insani duyğularımızı, sosial münasibətlərimizi qorumaq zamanın tələbidir. Ağıllı telefonlar, sosial şəbəkələr, süni intellekt , bunlar bizi bir-birimizdən uzaqlaşdırmamalı, əksinə, anlayış və sevgi körpülərini möhkəmləndirməlidir.
Əks halda, ekranlar qarşısında keçən ömür bizi özümüzdən uzaqlaşdırar. Ruhumuz texnologiyanın səsinə qarışar, bizi biz edən dəyərlər – mərhəmət, səmimiyyət, paylaşmaq hissi  tədricən unudular.
Unutmayaq ki, insanın əsl dəyəri texnologiyanı idarə etməkdə deyil, ruhunu qorumaqda gizlidir.
Texnologiya nə dostdur, nə düşmən – o, sadəcə vasitədir. Onu necə istifadə etdiyimiz isə bizim seçimimizdir. Ruhumuzu və insani bağlarımızı itirmədən bu gücdən faydalanmağı bacarmalıyıq. Əks halda, texnologiya bizi idarə etməyə başlayacaq və biz “ağıllı” cihazlar arasında “unutulmuş insan”a çevriləcəyik.

Mənsurə  XƏLƏFBƏYLİ

Mənbə: Azərbaycan.media