Bu gün görkəmli dövlət xadimi Həsən Həsənovun yubileyidir – 85 yaşı tamam olur. 80 yaşını qeyd etdiyi günlərdə Azərbaycan Ordusu bir neçə istiqamətdə Qarabağda Qəhrəmanlıq Dastanı yazırdı. Aşağıdakı yubiley yazısını da o tarixi günlərdə hazırlamışdım.
Bu gün o yazımı paylaşmaqla yubilyarı ürəkdən təbrik edir, 90 yaşında ona daha böyük bir təbrik yazacağımı söz verirəm!
Qasan Azizoviç, 100 yaşayın!
HƏSƏN HƏSƏNOVUN YUBİLEYİNƏ
Görülməmiş bir Ordu-Xalq-Prezident birliyinin şahidiyik.
Müzəffər əsgərlərimiz hər gün yeni bir yaşayış məntəqəsinə bayrağımızı sancırlar.
Ordumuzun bu cəngavər irəliləyişində əlimizdəki ən böyük diplomatik silah BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qəbul etdiyi qətnamələrdir:
1. 822 – 30 aprel 1993
2. 853 – 29 iyul 1993
3. 874 – 14 oktyabr 1993
4. 884 – 12 noyabr 1993
Bizim üçün həyati vacib olan bu qətnamələrin qəbul olunmasında Həsən Həsənovun titanik əməyi var. Görkəmli dövlət adamı və ictimai xadim, Azərbaycanın keçmiş Baş naziri, keçmiş Xarici işlər naziri, diplomat, ölkəmizin BMT-dəki Daimi nümayəndəsi, Macarıstan və Polşadakı (hazırda) səfiri Həsən Əziz oğlu Həsənovun 80 yaşı tamam olur…
Dünyaya 1940-cı ildə Tiflisdə gələn Həsən Həsənov ali və partiya təhsilini bitirdikdən sonra müxtəlif sahələrdə çalışmış, işlədiyi hər yerdə karyerasında yüksəliş üstünə yüksəliş gətirmişdir. Onun həyat yolu mərhum prezidentimiz Heydər Əliyevin diqqətini çəkərək öz kadrı kimi yetişdirməsi ilə fərqli bir müstəviyə keçir. Heydər Əliyevin tələbkarlığı və usta idarəetmə tərzilə Həsən Həsənov müstəqil tariximizin ən uğurlu dövlət xadimlərindən birinə çevrilir.
Mən Həsən Həsənovun rəhbərliyi altında işləməmişəm.
Diplomatik missiyaya rəhbərlik etdiyim dövrdə mənim nazirim olmayıb.
Onu ancaq tükənməz enerjisinə heyran qalaraq kənardan izləmişəm.
Ankarada qəzetçilik yapdığım illərdə Heydər Əliyevin Türkiyəyə rəsmi səfərlərində Həsən müəllimin necə çalışdığını, işə ürəyini qoyduğunun şahidi olmuşam. Və hər dəfə də düşünürmüşəm ki, Həsən Həsənov kimi 2-3 dövlət məmurumuz olsaydı ölkəmiz daha böyük işlər görə bilərdi.
Həsən müəllimdən dəfələrlə müsahibə götürmüşəm, hər dəfə də onun intellektinə və savadına heyran qalmışam. Bir dəfə Ankarada, səfirlikdə yaxınlaşıb dedim ki, iki müsahibə almaq istəyirəm sizdən. Təəccübləndi ki, niyə iki müsahibə. Dedim birini AzTV-yə, o birini isə BBC-yə. İşarət barmağı ilə eynəyini düzəldib “AzTV-yə müsahibə vermək asandır, BBC daha vacibdir” dedi…
İstanbulda Baş konsul olduğum illərdə Həsən müəllim Macarıstanda səfir idi. Hər bayram, hər tətildə Türkiyəyə gəlirdi, İstanbulda yaşayan qızının və nəvələrinin yanına deyil, buradakı arxivlərdə çalışmağa. Bir dəfə kürəkəninə dedim ki, bir imkan tap, Həsən müəllimlə görüşüb söhbətləşmək istəyirəm. “Üzünü görsək əvvəlcə biz söhbətləşəcəyik” demişdi mənə.
Həsən müəllim bu illər ərzində ölkəmiz üçün çox faydalı işlər görüb.
Ramil Səfərovun Budapeştdəki məhkəmə prosesində əsas yük onun üzərində idi.
Qaynım, tanınmış vəkil Adil İsmaylov Ramilin vəkili idi. Onun sözlərindən də səfir və missiyanın gərgin, çətin fəaliyyətini bilirdim.
Bu illər ərzində Həsən müəllim Azərbaycan tarixi ilə bağlı bir neçə sanballı kitab yazıb. Həsən Həsənovun əngin intellektini görmək üçün onun “Makedoniyalı İsgəndər və Atropat” adlı kitabını oxumaq kifayətdir. Ancaq Həsən müəllimin ən böüyk nailiyyəti, zənnimcə, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı 4 tarixi qətnaməsidir. O qətnamələr əvvəlcə Heydər Əliyevin, bu gün isə prezident İlham Əliyevin əlindəki ən böyük diplomatik rıçaqdır.
Həsən Həsənovu 80 yaşı münasibətilə təbrik edir, ona can sağlığı arzulayıram. Və bir də bu tələsik yazı üçün üzrxaqlıq edirəm. Ancaq söz verirəm ki, 90 yaşında ondan müsahibə alıb, daha geniş bir məqalə yazacam.
Uzun və sağlam yaşayın, əziz Qasan Azizoviç…
Müəllif: İbrahim NƏBİOĞLU
21 oktyabr 2020
Mənbə: Azərbaycan.media
