Azərbaycan.media saytına zavoddan verilən məlumata görə, peşəkar mühəndis və texniki heyət tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa və modernləşdirmə işləri nəticəsində gəminin texniki göstəriciləri tam bərpa olunub, etibarlılığı və istismar müddəti artırılıb.
Layihənin uğurla başa çatması Bakı Gəmiqayırma Zavodunun yüksək istehsal potensialını, texniki imkanlarını və beynəlxalq standartlara uyğun fəaliyyətini bir daha nümayiş etdirir.
“Xankəndi” Xəzər dənizinin yeni flaqman gəmisi olub, dəyəri 378 milyon ABŞ dollarıdır və 2017-ci ilin sentyabrında istifadəyə verilib. Gəmi xüsusi olaraq “Şahdəniz-2” layihəsi çərçivəsində Xəzərdə ən böyük sualtı hasilat sistemini quraşdırmaq üçün inşa edilib.
Müasir sualtı hasilat texnologiyaları ilə təchiz olunmuş “Xankəndi” Bakı Gəmiqayırma Zavodunda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və “Keppel O&M” şirkətinin birgə müəssisəsi kimi layihələndirilmiş və inşa edilmişdir.
Gəminin ölçüləri də təsir edicidir: uzunluğu 155 metr, eni 32 metr, əsas göyərtə sahəsi 2000 kv.metr, ümumi çəkisi 17 600 ton və suya oturumu 6,5 metrdir. Daşıma gücü isə 5 000 metrik tondur. “Xankəndi” iki mühərrik bölməsi ilə təchiz olunub: 6 ədəd 4,4 MVt və 2 ədəd 3,2 MVt gücündə generatorlar mövcuddur.
Gəmidə 3,5 metr hündürlüyündə dalğalarda fəaliyyət göstərə bilən dinamik mövqeləndirmə sistemi, 600 metrədək dərinlikdə sualtı əməliyyatlar üçün 900 tonluq əsas kran, 2 ədəd 18 nəfərlik dalğıc kapsulu, iki məsafədən idarə olunan sualtı aparat və möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası quraşdırılıb. “Xankəndi” lövbərlərə ehtiyac olmadan ən mürəkkəb işləri yerinə yetirə bilir.
Gəminin göyərtəsində heyət və mütəxəssislər də daxil olmaqla 175 nəfər fəaliyyət göstərə bilər ki, onların böyük əksəriyyəti yerli mütəxəssislərdir.
