🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Suraxanıda yeni yol bağlantısı: Bahar və Dədə Qorqud qəsəbələrinə rahat çıxış təmin olunur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi, eləcə də paytaxtın yol infrastrukturunun yenilənməsi istiqamətində layihələri ardıcıl şəkildə davam etdirir.

Azərbaycan.media  xəbər verir ki, bu çərçivədə Suraxanı rayonunun Bahar və Dədə Qorqud qəsəbələrini Zığ dairəsi–Hava Limanı avtomobil yoluna birləşdirən yeni giriş, çıxış və yanaşma yollarının tikintisi həyata keçirilir. Yanaşma yollarının ümumi uzunluğu 1600 metrdir.

Hazırda ərazidə qazma və dolğu işləri görülür. Növbəti mərhələdə isə yol əsasının tikintisi və asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.

Layihənin icrasından sonra hərəkət təhlükəsizliyi və rahatlığı artacaq, yük və sərnişin daşımaları asanlaşacaq, həmçinin Bahar və Dədə Qorqud qəsəbələrinin sakinləri Zığ dairəsi–Hava Limanı yolu ilə birbaşa nəqliyyat əlaqəsinə sahib olacaqlar.

Bununla yanaşı, iki qəsəbəni birləşdirən mövcud 790 metrlik yolda da təmir işləri aparılır. Hazırda burada köhnə asfalt-beton örtüyünün frezlənməsi icra olunur.

Bütün tikinti və təmir işləri “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında həyata keçirilir.