Bir ana, bir nənə, bir ipək qarı öldü.
Övladları vay-şüvən qopartdı. Kənardan baxan cavan igidin öldüyünü zənn etdi.
Səksən yaşa sürünə-sürünə gəldi. Baxan olsaydı, doxsanı adlayardı. Heyvanları yemləyəndə yıxılıb qıçını qırdı. Kənddəki oğul göndərdi şəhərdəkinin üstünə. Şəhərdəki dedi:
– Əşşi, qoca arvaddı da, nə olasıdır ki?..
Vaxtında müalicə almadı
ğı üçün yatağa düşdü. Ağrılar içində qovrulan ana kəndinin xiffətini çəkdi. Ağlamaqdan gözləri tutuldu. Ətrafındakıların nifrətli baxışlarını görmədi. Elə hey canıyla əlləşdi.
Dörd qız, dörd oğul, çoxlu nəvə-nəticə sahibi olan ana sızıldaya-sızıldaya dedi:
– Ay Allah, ölüm arzulamaq günahdır, amma dözə bilmirəm. Nə olar, mənə ölüm ver. Övladlarım da yazıqdır, al canımı…
Sonra da utana-utana övladlarına yalvardı:
– Məni kəndimə götürün. Gözlərim görməsə də, son dəfə torpağımın ətrini doyunca ciyərlərimə çəkim…
Di gəl, ağbirçəyin son arzusunu da qulaqardına vurdular. Ana yaşadıqca övladlarına böyük dərd oldu. Gəlinlər baldızları, baldızlar gəlinləri elə hey sancdı, qınadı.
“Bircə ölsəydi, canımız qurtarardı…” – istəklərini dilə gətirməsələr də, ürəklərindən keçirdilər.
Səhərə yaxın ananın ağrıları azaldı. Kəlmeyi-şəhadətini gətirib gözlərini yumdu. Övladları yuxudan ayılanda ananı ölmüş gördülər.
Ehsan üçün hər şey çoxdan hazır idi. Mərsiyəxan gəldi. Qızları, gəlinləri sıraya düzüldü.
– Ay ana, hee-ey… Ay an-a-a-a…
Səsə qonum-qonşu töküldü. Vay-şüvən səsləri məhəllə-məhəllə dolaşdı.
Böyük bacı hamıya tapşırıq verdi:
– Elə ağlayın ki, deməsinlər, yiyəsizdir. Hərdən üzünüzə də əl atın. Qoy görsünlər ki, biz anamızı necə sevirdik.
Bütün məhəllə ana üçün verilən ehsan süfrəsindən danışdı:
– Halaldır belə övladlara!..
Bir ana, bir nənə, bir ipək qarı öldü.
Övladları vay-şüvən qopartdı…
MƏNSURƏ XƏLƏFBƏYLİ
yazıçı- publisist
