🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ruhumda yenidən dirilən şəhər…- Bahəddin Həzi yazır

“Mən dünyanın mərkəzində doğulsaydım, xoşbəxt uşaqlıq dövrü keçirsəydim, yəqin hər şey başqa cür olardı”…

Bunu, deyəsən, baharda yazmışdım, indi isə sonbahardır. Yox, hələ son bahar deyil, hələ son deyil; arxada altı onillik buraxsam da, yaşayacaq, yaşlanacaq zamanlarımız var önümüzdə. “İndi mən odu söndürülmüş ata ocağının külü ilə oynayan ahıl uşağam” demişəm. Deyəsən, o ocağın o külünün altında tənbəl-tənbəl közərən bir həyat var. Ya da mənim canlı bildiyim xatirələrin işığıdır, düşür…

Mən Eyfel qülləsindən sallanmış, ya da London saatının kəfkirindən sallaşmış lovğa turistik təbəssümün şəkil deyiləm. Parıltılı şəhərlərin ərköyün uşağı olmamışam, nəriltili-gurultulu kənd havasından qopub gəlmişəm.

Bütün şəhərlərdən qabaq onu gördüm: Köndələn qaşında baxanda əl içi kimi görünəni. Dağları başının altına qoyub, ayaqlarını düzənlik çayına sallamışdı. Adına keçmişdə “Qarabulaq” demişdik. Zamanla adı da dəyişdi, özü də. Başı Məngələnatanın sinəsinə doğru qalxırdı, ayağı Arana tərəf uzanırdı. Çərəkənin qıraqlarındakı ağaclara söykənmişdi, yaşlanıb gedirdi.

Birdən hər şey dəyişdi; yerlə göy qovuşdu. Müharibə bu şəhəri bizdən aldı. Nə az, nə azacıq, düz iyirmi yeddi il bu şəhərə həsrət qaldıq. Bu şəhərdə düz iyirmi yeddi il əvvəl bir yay günü dünyaya gəlmiş oğlanlar bu şəhərdən uzaqda didərgin böyüdülər. İyirmi yeddi yaşlarında əsgər paltarı geyinib gəlib bu şəhəri alıb bizə verdilər  Üzünü görmədikləri şəhərin iyini çoxdan almışdılar. Köçkün ata-analardan, sağ qalmış nənə-babalardan.

Bu, bağ-bağatdakı akasiyaların, yasəmənlərin ətri idi. Axırdan axıra bir az barıt qoxusu da hopmuşdu havasına. Bunu da yeni nəsil ciyərlərinə çəkmişdi, daha da ciyərli olmuşdu. Yerlə, göylə əlləşirdi o cavan nəsil. Evə-eşiyə sığmırdı, öz kəndində, şəhərində öz torpağına qovuşmağın vədəsi gələndə silahlanıb getdilər. Hamısı getdi, çoxusu qayıtmadı; qalan qalmışdı, gedən getmişdi. Ancaq bizə bu şəhəri qaytardılar. Daha doğrusu, şəhərdən nə qalmışdısa, onu. Amma, qınamayın, yurdun xarabalıqlarına da üz sürtür, şükr edir adam!

…İndi o küçələrdən keçəndə nələr görürsən, nələr! Bax, bu şəhər bazarıdır; anam bir vedrə armudla  məni bura göndərəndə on üç yaşım olardı. Sarı-qırmızı, dolu, bol sulu payız armudunu pula çevirəcəkdim, o pulu da dükanda qənd-çayla dəyişib atılacaqdım kəndə gedən axırıncı avtobusa.

…Bax, burdan keçəndə məni pürrəngi çaya qarışdırılan gül suyunun rahiyəsi vurur, o biri küçədə yun yuyan qız-gəlin deyib-gülür. Bax, burda – düz bazarın girəcəyindəki yeməkxanada aşpaz sobanı qalayıb; təzə pitinin ətri adamı iştaha gətirir. Çərəkənin belində – teatrın həndəvərində vurnuxanlara bax! Bir azdan adamlar təzə paltarını geyinib bura axışacaq, yenə tamaşa var. Mədəniyyət evinin qarşısındakı çayxanada dağdan ağır kişilər oturub; keçmişdən, keçəcəkdən danışır. Hardasa, kimsə ispan “tarı”nda – gitarada muğam xalları vurmağa çalışır. Şəhərin yuxarı başında mağar qurulur; axşama toy var. Quruçayın dərəsində mal bazarı sovulur yavaş-yavaş. Bu bazar da sahibini dəyişə bilməyən mal-qara yaxın kəndlərin torpaq yollarında tozanaq qaldırır. Bir dəstə yeniyetmə Ərgünəşin sinəsindən üzü aşağı yellənib gəlir. Torbalar böyürtkənlə, moruqla, yemişanla, əzgillə doludur. Hansısa budaqda şanapipik oxuyur. Həftə bazarından gələn kənd camaatı avtobusun qapılarından sallaşıb; üzü Arazboyuna gedəsidir. Parkın girəcəyində bir ağsaqqal oturacaqda yerini rahatlayıb eynəyini taxır, “Araz” qəzetinin təzə nömrəsini vərəqləyir. Poçtun qarşısındakı dalanda balaca bir izdiham var: qəriblikdəki, əsgərlikdəki əzizlərindən məktub umanların hamısı cumub poçta. Bir də bu yanda ağaclığın arasında kənd klublarından gələnlərin növbəsi hərdən basabasa çevrilir; axşama bilet satmış kinomexaniklər Hindistan filmlərinin üstündə “mehriban” dava-dalaş salıb. Səsə gələn paqonlu müvəkkil aranı sakitləşdirir, sonra da tapançasının qabından meşə armudunu çıxarıb dişləyir, qalxır üzüyuarı, kombinata tərəf. Fotoatelyedə onuncular məzunluq şəkli çəkdirir. Mərkəzi meydanda dirəklər qurulur, yoğun iplər gərilir; kəndirbazların tamaşası hələ başlamayıb, amma şəhər uşaqlarının səs-küyündən ağız deyəni qulaq eşitmir. Dəli Bayram öz-özünə danışa-danışa, əl-qolunu ölçə-ölçə Xanlar küçəsindəki hamamın qabağından vağzala tərəf gedir…

Bu şəhər, bax, beləcə öz sakit, gözəl günlərini yaşayır.

Yox, artıq yaşamır – o şəhər daha  yoxdur. O şəhərdə o həyat da yoxdur. Artıq yenisi var.

…Düz beş il əvvəl, bax, bu gün oktyabrın 17-də biz – üç dost əsgərlərə yardım aparırdıq. Bizi Daşburunda saxladılar. Xeyli gözlədik. Və birdən bir avtomobil gəldi, içindən üç nəfər düşdü, hamıya gözaydınlığı verdilər: “Füzuli şəhəri azad olundu” dedilər. Bir-birini tanıyan, tanımayan hamı sevinc içində təbrikləşirdi. Bizi də buraxdılar, getdik əsgərlərlə görüşdük.

O gün o balaca doğma əyalət şəhəri mənim ruhumda yenidən dirildi. İndi beş yaşı var. Təzədən yeriyib-yüyürməyə başlayır, təzədən dil açıb danışmaq istəyir bu şəhər…

Müəllif: Bahəddin Həzi

Mənbə: Azərbaycan.media