🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İtaliyada keçirilən beynəlxalq konqresdə Azərbaycanın elmi təmsilçisi

“Azərbaycan.media saytının “Sözlü adam” rubrikasının bu dəfəki qonağı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, i.e.d., professor Rəsmiyyə Abdullayevadır.”

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, i.e.d., professor Rəsmiyyə Abdullayeva ilə müsahibə

– Rəsmiyyə xanım, İtaliyanın paytaxtı Romada keçirilən IX Beynəlxalq Tətbiqi Sosial Elmlər Konqresində iştirak etdiniz. İlk olaraq, bu tədbir barədə məlumat verərdiniz.

– Qeyd edim ki, 13-15 oktyabr tarixlərində Roma şəhərində keçirilən IX Beynəlxalq Tətbiqi Sosial Elmlər Konqresi çox əhatəli və elmi baxımdan səmərəli tədbir oldu. Konqres İtaliyanın Sapienza Universiteti, Malta Universiteti, Kosovanın Haxhi Zeka Universiteti, Şimali Makedoniyanın Tetova Universiteti, Moldoviyanın İqtisadiyyat Elmləri Akademiyası, Xorvatiyanın Rijeka Universiteti, Rumıniyanın Qərb Universiteti və Hindistanın Grafik Era Universitetinin birgə təşkilatçılığı ilə reallaşdı. Tədbirdə 30-dan çox ölkədən alimlər iştirak edirdi.

– Konqresin əsas mövzusu nə idi və bu mövzu bu gün üçün niyə aktuallıq kəsb edir?
– Bu ilki konqresin əsas mövzusu “Yeni çağırışlar dövründə gələcəyi formalaşdırmaq: sosial, iqtisadi və ekoloji sabitlik və dayanıqlılıq” idi. Bu mövzu qlobal miqyasda gedən sosial-iqtisadi prosesləri və ekoloji problemləri əhatə edir. Müasir dövrdə davamlı inkişaf, sosial inklüzivlik və ekoloji tarazlıq məsələləri bir-biri ilə sıx bağlıdır. Konqres bu istiqamətdə elmi müzakirələr üçün çox vacib platforma oldu.

– Siz konqresdə hansı mövzuda çıxış etdiniz və əsas məqamlar nədən ibarət idi?
– Mən konqresdə “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında sosial sahibkarlığın rolu” mövzusunda məruzə ilə çıxış etdim. Məruzəmdə ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında sosial sahibkarlığın rolundan danışdım. Bildiyiniz kimi, son illərdə dünyada sosial sahibkarlıq sürətlə inkişaf etməkdədir. Lakin ölkəmiz üçün bu biznes modeli yenidir. Çıxışımda Azərbaycanda sosial sahibkarlığın mövcud vəziyyətini təhlil etməklə yanaşı, həm də ölkəmizdə sosial sahibkarlığın təşkilati-hüquqi əsaslarının təkmilləşdirilməsi, habelə bu sahənin inkişaf istiqamətləri haqqında da məsələlərə toxundum. Hesab edirəm ki, ölkəmizdə bu sahənin inkişaf etdirilməsi bir sıra sosial problemlərin həllinə kömək etməklə yanaşı, dövlətin sosial yükünün azaldılmasına, iqtisadi artımın sürətləndirilməsinə, inklüzivliyin yüksəlməsinə təsir göstərə bilər.

– Bildiyimizə görə, Siz, konqresin bölmələrindən birinə də sədrlik etmisiniz. Bu barədə də məlumat verərdiniz.

– Bəli, mən konqresin bir bölməsinə sədrlik etdim. Sədrlik etdiyim bölmədə müxtəlif sosial-iqtisadi mövzularda çıxışlar oldu və səmərəli müzakirələr aparıldı. Bu konqres hər il fərqli ölkədə keçirilir və konqresin materialları nüfuzlu elmi bazalarda indekslənir. Mən bu konqresin Təşkilat komitəsinin üzvüyəm. Onu da qeyd edim ki, bu konqresin illərdir ki keçirilməsində Türkiyənin Uşak Universitetinin professoru Ercan Özenin xüsusi əməyi var və fürsətdən istifadə edib ona minnətdarlığımı bildirmək istəyirəm.

– Belə beynəlxalq tədbirlər Azərbaycan elminin beynəlxalq səviyyədə tanıdılmasına necə təsir göstərir?

– Bu kimi tədbirlər ölkəmizin elmi potensialını nümayiş etdirmək, beynəlxalq elmi əməkdaşlığı gücləndirmək baxımından çox önəmlidir. Azərbaycan alimlərinin beynəlxalq konfranslarda fəal iştirakı həm elmi mübadiləni genişləndirir, həm də yeni layihələr və tədqiqat istiqamətləri üçün imkanlar yaradır.

– Gələcək fəaliyyət planlarınız nələrdir?

– Gələcəkdə inklüziv sosial inkişafın müxtəlif aspektlərini daha dərindən tədqiq etməyi və bu istiqamətdə beynəlxalq tədqiqat layihələrinə qoşulmağı planlaşdırıram. Həmçinin, İqtisadiyyat İnstitutunun bu sahədə aparılan elmi işlərini beynəlxalq platformalarda daha geniş şəkildə tanıtdırmaq istəyirəm. Bir nüansı da qeyd edim ki, Azərbaycan elminə xidmət etmək çətin və şərəflidir.

– Rəsmiyyə xanım, siz elm adamı olmaqla yanaşı, həm də tanınmış şairsiniz. Romada şeir yazdınızmı?

Romada ən çox qızım üçün darıxırdım və ona şeir yazdım.

– Maraqlı müsahibə üçün Sizə təşəkkür edirəm və həmin şeirinizi bizim oxucularımızla paylaşmağınızı xahiş edirəm.

– Məmnuniyyətlə.

 

QIZIMA

Romanın məşhur küçələrini

dolaşdıqca

yadıma Sən düşürsən.

Darıxıram, Qızım…

 

Kolizeyin yanında

anasının qucağında

tarixə gülümsəyən qızcığaz

Sənin gülüşlərini xatırladır.

Darıxıram, Qızım…

 

Az qaldı.

Gözlərini

söndürüb yandırana kimi,

Vətənə – Sənə qayıdıram.

Darıxıram, Qızım…

 

Bu tarixi yerlərdə

içimdə Səni gəzdirirəm.

Birlikdə dolaşırıq

Roma Forumunu, Navona meydanını,

İspan pillələrini, Palatino təpəsini.

Sənin gözlərinlə baxıram həyata…

Darıxıram, Qızım…

 

Bilirsən?

Mən buluddan

nəm çəkən adamam.

Durduq yerdə

içimə qəm əkən adamam.

Amma

Səndə tapdım

itirdiyim gücümü.

Romaya gedərkən

arxamdan buludlar ağlamışdı…

İndi Romada payızdır.

Ağaclar ağlayır.

Göz yaşları

Yarpaq-yarpaq tökülür…

Darıxıram, Qızım…

 

Bu sətirləri yazarkən

Səndən mesaj gəldi.

“Sənin üçün darıxıram, Ana!”…

Gözlərimdə yaş göyərdi…

Mən də

Quşun səma,

Balığın su,

Dalğanın sahil üçün

darıxdığı kimi

Sənin üçün darıxıram, Qızım…

Qızım, Sənin üçün darıxıram…

 

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

 

Mənbə: Azərbaycan.media