🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bir ananın hekayəsi….- Fuad Biləsuvarlı yazır

Autizmli bir övladla 17 illik mübarizə: Bir ananın hekayəsi

Bu yazı autizmli övladı olan bir ananın 17 illik mübarizəsini, çətinliklərini və əldə etdiyi nailiyyətləri əks etdirir. Almara Məlikova, bu müddət ərzində öz təcrübələrindən çıxardığı nəticələri, qarşılaşdığı maneələri və qazandığı uğurları bizimlə bölüşür. Onun hekayəsi yüzlərlə valideyn üçün bir işıq, motivasiya və doğru addım atmağa stimul ola bilər.

Almara xanım inanır ki, bu hekayə valideynlər üçün mühüm dərs olacaq: övladlarını vaxtında reabilitasiyaya yönləndirmək, onların cəmiyyətə adaptasiya prosesini gecikdirməmək və bu yolda mübarizədən vaz keçməmək.

Hüseynin dünyaya gəlişi və ilk şübhələr

Almara Məlikova 1978-ci ildə Ağdamda dünyaya gəlib. Xoşbəxt bir ailədə böyüyən Almara xanımın atası hərbçi, anası isə fransız dili müəllimi olub. 13 yaşında Qarabağ müharibəsi səbəbindən ailəsi ilə birlikdə Bakıya köçüb və burada təhsilini davam etdirib. Bakı Xarici Dillər Universitetində ispan dili üzrə tərcüməçi ixtisasına yiyələnib və peşəsini böyük sevgi ilə davam etdirib.

17 il əvvəl üçüncü övladı Hüseyn dünyaya gəldi. İlk dəfə onu qucağına alanda Almara xanımın ürəyindən keçən fikirlər bunlar idi: _“Necə yaraşıqlı, necə nur saçan bir uşaqdır! İnşallah, çox gözəl bir gələcəyi olacaq.”_ Hüseynin gözlərində bir işıq, bir ümid var idi. Lakin zaman keçdikcə onun inkişafında bəzi fərqliliklər müşahidə edilməyə başladı.

Daha əvvəl iki övlad böyütdüyü üçün Almara xanım normal inkişaf mərhələlərini bilirdi. Hüseyn isə adı çağırıldıqda reaksiya vermirdi, ağrıya həssaslığı az idi, saatlarla eyni hərəkətləri təkrarlayır, qeyri-adi səslər çıxarırdı.

1 yaşına yaxın olduğu dövrdə diqqət çəkən xüsusiyyətlər bunlar idi:

– Göz təması yox idi.
– İnsanlara xüsusi maraq göstərmirdi.
– Anasını və atasını seçmirdi.
– Saatlarla eyni hərəkəti edirdi.
– Fırlanan əşyalara marağı böyük idi.
– Acı və şirin dadları ayırd edə bilmirdi.

Hüseyn çox gözəl və nur saçan bir uşaq idi, ona görə də Almara xanım bu fərqliliklərin ciddi bir problem olmasını qəbul etməkdə çətinlik çəkirdi.

Diaqnozla qarşılaşmaq və mübarizənin başlanğıcı

Hüseynin fərqli davranışları ailədə tibb sahəsində çalışan insanlar tərəfindən də müşahidə edildi. Almara xanımın bacıları – Şəlalə xanım (tanınmış neyropsixoloq, professor) və Lamiyə xanım (psixoloq-psixoterapevt) – Hüseynin davranışlarını izləyərək autizmin mümkün olduğunu bildirdilər. Lakin Almara xanım bu diaqnozu qəbul etmək istəmirdi. Düşünürdü ki, bu sadəcə bir inkişaf gecikməsidir və zamanla düzələcək.

Bir müddət sonra Bakıda həkimlər də autizm diaqnozunu təsdiqlədilər. Bu xəbər Almara xanımı dərin bir sarsıntıya uğratdı. İnternetdən autizm haqqında araşdırmalar aparmağa başladı. Böyük yaşlı autizmli insanların videolarını izlədikcə gələcək qorxusu daha da artdı. O an anladı ki, əgər diaqnoz doğrudursa və ağırdırsa, Hüseyn ömür boyu ona ehtiyac duyacaq.

Müalicə və çarə axtarışı

Hüseynin atası ilə birlikdə onlar xarici ölkələrdə müxtəlif müalicə metodları axtarmağa başladılar. 5 yaşına qədər Hüseyn üçün 31 müalicə metodundan 18-i sınandı. Bu müddət ərzində müxtəlif terapiyalar, xüsusi pəhrizlər, duyusal bütünləmə və digər üsullardan istifadə edildi. Delfin terapiyasından maqnit müalicəsinə qədər geniş metodlar tətbiq edildi.

Bütün bu cəhdlər Hüseyn üçün kiçik də olsa irəliləyişlər gətirirdi. Amma bu yolun asan olmayacağını anlamışdılar. Ən çətin hissəsi isə bir valideyn olaraq bu diaqnozu tam qəbul etmək idi.

Hüseynin nitqini inkişaf etdirmək üçün Türkiyədə yeni bir terapiya üsulu tapıldı və bu metod onun həyatını dəyişdi. 23 gün davam edən intensiv terapiyadan sonra Hüseyn ilk dəfə danışdı: *”Merhaba, anne, nasılsın?”* Bu an, Almara xanım üçün əsl möcüzə idi.

Mübarizədən qələbəyə

Almara xanımın qarşısında iki yol var idi: bu metodu Azərbaycana gətirmək və ya ömür boyu həmin ölkədə qalmaq. O, birinci yolu seçdi və terapiya metodlarını ölkəmizə gətirdi. Hüseynin təlimləri burada davam etdirildi və nəticələr özünü göstərməyə başladı.

Nitqi açıldıqdan sonra Hüseynin digər istedadları da üzə çıxmağa başladı. Plastilindən heykəltəraşlıq bacarığı, rəssamlığa olan marağı və musiqiyə qarşı duyarlılığı ortaya çıxdı. O, piano dərslərinə başladı və bir neçə dəfə beynəlxalq yarışlarda laureat oldu. Hətta Yunanıstanda ölkəmizi təmsil etməyə dəvət aldı.

Hüseynin ilhamverici yolu

Bu uğurlar Almara xanımı yeni bir missiyaya yönəltdi. O, psixologiya üzrə yenidən təhsil aldı, autizm və reabilitasiya metodlarını öyrənərək Azərbaycana gətirdi. Hüseynin potensialını üzə çıxarmaq və digər ailələrə dəstək olmaq üçün reabilitasiya mərkəzi qurdu. Bu mərkəzdə, autizmli uşaqlar cəmiyyətə adaptasiya olunur, sosiallaşır və yeni bacarıqlar əldə edirlər.

Hüseynin bacısı və qardaşı kiçik yaşlarından böyük məsuliyyət hissi ilə böyüdülər. Onlar ona bir valideyn kimi qayğı göstərir və daim dəstək olurlar. Almara xanımın anası və bacıları da ona bu yolda təsəlli və güc veriblər.

Ümid və inam

Bu hekayə sübut edir ki, autizm bir maneə deyil – doğru metodlar və sevgi ilə hər şey mümkündür. Almara xanım, autizmli uşaqların ailələrinin tək olmadığını göstərir və onlara ümid verir.

O, inanır ki, hər bir valideyn övladına inanmalı və onun potensialını üzə çıxarmaq üçün mübarizə aparmalıdır.

Müəllif: Fuad BİLƏSUVARLI

Mənbə: Azərbaycan.media