Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov ərazi polis orqanlarının rəhbərlərinə vətəndaş müraciətlərinə diqqətli və məsuliyyətli yanaşmağın vacibliyini xatırladıb.
Azərbaycan.media xəbər verir ki, nazir bu fikirləri DİN-də cari ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında səsləndirib.
Vilayət Eyvazov çıxışı zamanı qeyd edib ki, vətəndaş məmnunluğunun təmin edilməsi Daxili İşlər Nazirliyinin əsas prioritetlərindən biridir. Onun sözlərinə görə, polis orqanları hər zaman cəmiyyətin etimad ünvanı olmalı və bu etimadı daim qoruyub saxlamalıdır.
Nazir ərazi orqanlarının rəislərinə vətəndaş müraciətlərinə operativ və obyektiv yanaşmağı, bütün araşdırmaların keyfiyyətlə aparılmasını, qaldırılan məsələlərin qanun çərçivəsində tez bir zamanda həllini təmin etməyi tapşırıb. O, həmçinin bu istiqamətdə məsuliyyətin artırılmasının vacibliyini vurğulayıb.
