Elm və Təhsil Nazirliyi ilə Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq çərçivəsində yaradılmış birgə işçi qrupunun növbəti iclası Yaradıcı Mərkəzdə keçirilib.
Azərbaycan.media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Görüşdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, elm və təhsil nazirinin müavini Həsən Həsənli, eləcə də hər iki qurumun nümayəndələri iştirak ediblər.
Tədbirdə mədəniyyət və təhsil sahələrinin inteqrasiyası, institusional əməkdaşlığın gücləndirilməsi və birgə fəaliyyətin prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
İclas zamanı, xüsusilə, işğaldan azad olunmuş ərazilərdə mədəniyyət və təhsil infrastrukturunun əlaqələndirilməsi, yaradıcı təlim mühitinin formalaşdırılması, mədəniyyət təhsili üzrə kurikulumun təkmilləşdirilməsi və istedadlı şagirdlərin inkişafı kimi məsələlər diqqət mərkəzində olub.
Sonda iştirakçılar birgə fəaliyyətin daha səmərəli təşkili və müəyyən istiqamətlər üzrə icra mexanizmlərinin hazırlanması barədə razılığa gəliblər.
