“Narkotik maddələrin qanunsuz dövriyyəsi cinayətkarlığın artmasına səbəb olmaqla yanaşı, terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə də ən ciddi təhdidlərdən biridir.”
“Bu sahədən hər il on milyardlarla dollar gəlir əldə olunur.”
Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya insan sağlamlığına, mənəviyyatına və sosial sabitliyə ciddi zərbə vuran ən təhlükəli qlobal problemlərdən biridir. Bu bəla irqindən, dinindən və yaşından asılı olmayaraq bütün xalqları narahat edən, sərhəd tanımayan beynəlxalq problemə çevrilib.
Bu barədə Azərbaycan.media-ya danışan “Vəfa Sosial Problemlərin Həllinə Dəstək” İctimai Birliyinin sədri Fatimə Hacıbəyli bildirib ki, narkomaniya millətin həm fiziki, həm də mənəvi sağlamlığı üçün böyük təhlükədir.
“Narkomaniya nəsillərin genetik degenerasiyasına, QİÇS və hepatit kimi xəstəliklərin yayılmasına səbəb olur. Bu bəla həm də fahişəlik və homoseksuallıq kimi digər sosial problemlərlə sıx şəkildə bağlıdır. Əslində narkomanlıq bütöv bir sosial fəsadlar ‘buketi’dır”, – deyə o qeyd edib.
“Narkomaniya ilə mübarizə kampaniya yox, davamlı dövlət siyasətidir”
Fatimə Hacıbəylinin sözlərinə görə, Azərbaycanda narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması istiqamətində dövlət siyasətinin prioritet istiqamətlərindən biridir:
“Narkomaniya ilə mübarizə kampaniya xarakterli tədbir deyil, davamlı və məqsədyönlü dövlət siyasətidir. Azərbaycanın əsas vəzifələrindən biri sağlam nəslin formalaşdırılmasıdır. Bu istiqamətdə aparılan işlər təhsil müəssisələrində də sistemli şəkildə həyata keçirilir.”
QHT rəhbəri əlavə edib ki, təşkilatın apardığı tədqiqat çərçivəsində məktəblilərin, müəllim və valideynlərin iştirakı ilə anket sorğuları keçirilib. Məqsəd – gənclərin zərərli vərdişlərdən qorunması yollarını müəyyənləşdirmək və maarifləndirici tədbirləri təkmilləşdirmək olub.
Aparılan maarifləndirmə proqramları nəticəsində bir çox məktəblərdə narkotik vasitələrdən istifadə hallarının qarşısı alınmağa başlayıb.
Gənclər arasında təhlükəli artım tendensiyası
Fatimə Hacıbəyli qeyd edib ki, hazırda narkotik asılılığı xüsusilə yeniyetmə və gənclər arasında daha geniş yayılmağa başlayıb:
“Son illər narkomaniya problemi gənclər arasında ciddi narahatlıq doğurur. Bu hal təkcə şəxsin deyil, onun ailəsinin də maddi və mənəvi vəziyyətinə mənfi təsir göstərir. Narkotik maddələr mərkəzi sinir sisteminə təsir göstərərək tez bir zamanda asılılıq yaradır.”
Onun sözlərinə görə, bir çox gənclər narkotik vasitələrdən istifadəni stressi azaltmaq və problemləri unutmaq vasitəsi kimi görürlər, lakin qısa müddətdə bu, daha dərin psixoloji və fizioloji fəsadlara gətirib çıxarır.
Bunlara yaddaş və təfəkkür pozuntusu, depressiya, yuxusuzluq, diqqət əksikliyi, intihar riski və aqressiv davranışlar daxildir.
Narkotik ticarəti — qlobal təhlükəsizlik üçün əsas təhdidlərdən biri
QHT rəhbəri vurğulayıb ki, narkomaniya təkcə insanların sağlamlığına deyil, həm də qlobal iqtisadi sabitliyə və beynəlxalq təhlükəsizliyə ciddi zərbə vurur:
“Narkotik maddələrin qanunsuz dövriyyəsi cinayətkarlığın artmasına, terrorizmin maliyyələşməsinə və yeni münaqişə ocaqlarının yaranmasına səbəb olur. Mütəxəssislərin hesablamalarına görə, bu sahədən hər il on milyardlarla dollar gəlir əldə olunur. Bu vəsaitlər terrorçu qrupların, silah alverinin və digər cinayətkar şəbəkələrin maliyyələşdirilməsinə yönəldilir.”
Azərbaycanın beynəlxalq səviyyədə mübarizə tədbirləri
Azərbaycan müstəqillik qazandıqdan sonra narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində mühüm addımlar atıb. Ölkəmiz 1992-ci ildə BMT-yə üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il Konvensiyaya, eləcə də 1961 və 1971-ci illərdə qəbul olunmuş beynəlxalq sənədlərə qoşulub.
Bundan əlavə, Azərbaycan bir sıra ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq sazişləri, eləcə də birgə tədbirlər planları imzalayıb.
Heydər Əliyev: “Narkomaniya ilə mübarizə xalqın fiziki və əqli sağlamlığı uğrunda mübarizədir”
Ulu öndər Heydər Əliyev narkomaniya və narkobizneslə mübarizəni milli təhlükəsizlik və sağlam cəmiyyətin qorunması baxımından ümumdövlət vəzifəsi kimi qiymətləndirib:
“Narkomaniya və narkobizneslə mübarizə hər bir xalqın fiziki və əqli sağlamlığı uğrunda aparılan mübarizədir.”
Bu strateji xətt bu gün də dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır.
Müəllif: Fuad BİLƏSUVARLI
