🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Millət vəkili Elnarə Akimova: “Şanlı Zəfər tariximiz hər bir azərbaycanlının qürur mənbəyidir”

“Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənovanın dəvəti ilə Abşeron Rayon Mədəniyyət Mərkəzində Zəfərin 5-ci ildönümünə və şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Şanlı Zəfər tariximiz” adlı tədbirdə iştirak etdim.
Tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbənin beşinci ildönümünə həsr olunmuşdu. Bu Zəfər, xalqımızın birliyi, ordumuzun qüdrəti və Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində əldə edilmiş tarixi uğurdur.
Tədbirdə çıxış edərək qeyd etdim ki, bu gün Azərbaycan xalqı öz dövlətçiliyinin, müstəqilliyinin ən şanlı səhifələrindən birini yaşayır. Şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qazanılmış bu Zəfər, gələcək nəsillər üçün vətənpərvərlik, milli qürur və əzm örnəyidir.
Şəhid analarının bu cür təşəbbüsləri, onların Vətən və millət qarşısında göstərdiyi fədakarlığın davamı kimi dəyərləndirilməlidir. Onların səsi xalqımızın yaddaşında əbədi qalacaq şəhid övladlarının ruhunu yaşadır, gənclərimizə vətən sevgisini aşılayır.
Bu münasibətlə bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anır, qazilərimizə sağlamlıq və uzun ömür arzulayıram. Azərbaycanın azadlığı, bütövlüyü və suverenliyi uğrunda canından keçən hər bir şəhidimizin ruhu qarşısında baş əyirəm.
Mənbə: Azərbaycan.media