Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevlə bağlı yeni məlumatlar ortaya çıxıb. Hazırda barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilmiş Mehdiyevin səhhətində ciddi problemlər yaranıb.
Azərbaycan.media-nın əldə etdiyi məlumata görə, Mehdiyevin yaxın çevrəsi onun halının dünən axşam saatlarında qəfil pisləşdiyini bildirib. Akademikin üstünə təcili həkim çağırılıb. Müayinə zamanı məlum olub ki, Mehdiyev stress və gərginlik səbəbindən əsəb sistemində pozuntu yaşayıb, qan təzyiqi isə normadan xeyli yüksək olub.
87 yaşlı Ramiz Mehdiyevin psixoloji durumuna təsir edən əsas səbəblərdən biri, vaxtilə vəzifəyə irəli çəkdiyi, mandat verdiyi və mövqe qazandırdığı şəxslərin bu gün onun əleyhinə mətbuatda danışmasıdır. Bu halın akademikin mənəvi durumuna ciddi təsir etdiyi vurğulanır.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsində Ramiz Mehdiyevə qarşı cinayət işi başlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham olunur.
İstintaq orqanı onun yaşını nəzərə alaraq ibtidai istintaq dövründə ev dustaqlığı şəraitində saxlanılmasını məqsədəuyğun hesab edib.
Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. O, dövlət qulluğunun ən yüksək rütbəsi olan həqiqi dövlət müşaviri statusuna malikdir. Hazırda Təhlükəsizlik Şurasının üzvü və Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının təmsilçisidir.
