Bu barədə Millət vəkili Elnarə xanım Akimova Azərbaycan.media saytı üçün xəbər verib. Dünən deputatı olduğum Hacı Zeynalabdin qəsəbəsinin doğma, əziz sakinləri ilə səmimi və mənalı bir görüş keçirdim. Görüş zamanı sakinlərimizin gündəlik həyatlarını çətinləşdirən problemlər, onları narahat edən məsələlər və qəsəbənin ümumi inkişafına dair fikir və təklifləri diqqətlə dinlədim.
Təxminən 20-yə yaxın sakinlə fərdi şəkildə ünsiyyətdə oldum, hər birinin müraciətini ayrı-ayrılıqda dinləyərək qeydlər apardım. Qaldırılan məsələlər sırasında sosial rifah, infrastruktur, kommunal xidmətlər, abadlıq və məişət yönümlü problemlər xüsusi yer tuturdu. Vətəndaşlarımızın hər bir müraciəti mənim üçün önəmlidir və onların səsinin eşidilməsi, problemlərinin operativ həlli istiqamətində müvafiq addımlar atılacaq.
Bu baxımdan, səsləndirilən bütün müraciətlər aidiyyəti dövlət qurumlarına və müvafiq instansiyalara yönləndiriləcək, məsələlərin həlli nəzarətimdə saxlanılacaq.
Görüşün yüksək səviyyədə təşkilinə və yaradılan əlverişli şəraitə görə Hacı Zeynalabdin qəsəbəsinin ərazi dairəsi üzrə nümayəndəsi, dəyərli Lalə xanım Hacıyevaya səmimi təşəkkürümü bildirirəm.
Qəsəbə sakinləri ilə bu kimi səyyar görüşlər gələcəkdə də mütəmadi xarakter daşıyacaq. Hər bir vətəndaşla birbaşa təmasda olmaq, onların düşüncələrini, qayğılarını və arzularını dinləmək mənim üçün həm məsuliyyət, həm də böyük məmnunluqdur.
Xalqımızın etimadını doğrultmaq, onların rifahına xidmət etmək — fəaliyyətimin əsas prioritetidir.

Mənbə: Azərbaycan.media
