Finlandiyanın Turku Universitetində aparılan yeni bir araşdırma göstərib ki, hər gün cəmi 30 dəqiqəlik yüngül fiziki aktivlik — məsələn, parkda gəzinti və ya telefon danışığı zamanı ayağa qalxmaq — bədənin yağ və karbohidratları enerjiyə çevirmək qabiliyyətini artırır.
Azərbaycan.media xəbər verir ki, ScienceAlert.com saytına istinadən yayımlanan bu araşdırmada 40-65 yaş arası, diabet və ürək xəstəliyi olmayan, lakin bu xəstəliklər üçün risk altında olan 64 nəfər iştirak edib. Könüllülərin bir hissəsinə gündəlik oturaq həyat tərzini azaltmaq üçün sadə vərdişlər aşılanıb: lift əvəzinə pilləkəndən istifadə, masa arxasında ayaqüstə işləmək və qısa fasilələrlə gəzintiyə çıxmaq kimi.
Nəticələr göstərib ki, oturaq vaxtın gündə ən azı yarım saat azalması maddələr mübadiləsini yaxşılaşdırır və həyat tərzi ilə bağlı xəstəliklərin qarşısının alınmasına kömək edir.
Tədqiqatın müəlliflərindən biri olan Taru Qartvayt qeyd edib ki, “hətta yüngül gündəlik hərəkət belə metabolik sağlamlığı dəstəkləyə və risk qrupunda olan insanlar üçün faydalı ola bilər.” Alimlər həmçinin həftə ərzində orta intensivlikdə ümumilikdə 2 saat 30 dəqiqə fiziki aktivlik etməyi tövsiyə edirlər.
Bu tədqiqatın nəticələri Scandinavian Journal of Medicine & Science in Sports jurnalında dərc olunub.
