Azərbaycan.media xəbər verir ki, rəsmi dövlət qəzeti olan “Xalq qəzeti”ndə yeni struktur dəyişikliyi həyata keçirilib. Mətbu orqanda direktor vəzifəsi yaradılıb.
Yeni yaradılan bu vəzifəyə qəzetin baş redaktoru Əflatun Amaşov təyin olunub. Beləliklə, o, bundan sonra “Xalq qəzeti”nin həm direktoru, həm də baş redaktoru kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Xalq qəzeti”nin təsisçisi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsidir.
Əflatun Amaşov 1957-ci il aprelin 26-da Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində dünyaya gəlib. 1985–1994-cü illərdə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AzərTAc) müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun birinci müavini vəzifələrində çalışıb.
2003-cü ildən etibarən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin sədri olan Ə.Amaşov, eyni zamanda V çağırış Milli Məclisin deputatı olub.
