Azərbaycan.media xəbər verir ki, Ağdam rayonunun Tağıbəyli kəndi ərazisində aparılan qazıntı işləri zamanı insan sümüklərinə bənzər skelet qalıqları tapılıb. Məlumatı Hurriyyet.az yayıb.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Əraziyə prokurorluq əməkdaşları, kriminalistlər və ekspertlər göndərilib. Onlar tərəfindən ilkin baxış keçirilib və aşkar olunmuş sümük qalıqları ekspertiza və laborator müayinələr üçün götürülüb.
Hazırda müvafiq qurumlar tərəfindən araşdırmalar davam etdirilir. Qalıqların kimə məxsus olduğu, onların tarixi və hansı şəraitdə torpağa gömüldüyü ekspertiza nəticəsində müəyyənləşdiriləcək.
Qeyd edək ki, Ağdam rayonu uzun illər işğal altında qaldığı üçün bu cür tapıntılar bölgədə tez-tez qeydə alınır. Əvvəlki illərdə də rayonun müxtəlif ərazilərində insan qalıqları və kütləvi məzarlıqlar aşkarlanıb. Bu faktlar işğal dövründə baş vermiş hadisələrin araşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan.media olaraq məsələni diqqətdə saxlayırıq və araşdırmaların nəticələrini oxucularımıza təqdim edəcəyik.
