🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Zemfira Məhərrəmli: Bir qaranlıq gecədə hekayə

Zemfira Məhərrəmli

Bir qaranlıq gecədə
hekayə

 

Axşamdan xeyli ötmüşdü. Uşaqların bütün gün vurnuxduğu dolanbac,
tozlu-torpaqlı kənd yollarından əl-ayaq çəkilmiş, ətrafa sakitlik çökmüşdü.
Güldəstə həyət-bacanı süpürmüş, toyuq-cücəni hinə salmış, qapalağını
bərkitmişdi. Qonşusu Tamaşa xalanın kürt düşmüş çil toyuğunu tülkü
aparandan sonra gözü yamanca qorxmuşdu. Toyuq-cücənin yaxın həyətlərə
dadanan bu şələquyruğa yem olmasından ehtiyatlanırdı.
Ocağın gözünə atmaq üçün bir qucaq çırpı gətirmişdi. Örüşdən
qayıdan mal-qaranı tövlədə rahatlayıb, altını təmizləmiş, yemini-suyunu
vermişdi. Yanıbalalı Bəzək inəyini sağmış, üzlü süddən qatıq çalıb, qazanın
üstünü bərk-bərk basdırmışdı.
… Səhər tezdən su qırağından yığdığı təzə-tər pencərdən bişirdiyi
xörəyi boşqablara çəkib süfrəyə düzdü. Təndirə yapdığı ətirli çörəkdən,
yuxadan qalaqlayıb ortaya qoydu. Balalarını başına yığıb qarınlarını
doyurdu. Sonra onları yatağına salıb arxayınlaşdı. Könlündən bürünüb
yatmaq keçsə də, yerindən qalxdı. Bir neçə görüləsi işi vardı.
Barmaqlarının ucunda otaqdan çıxmaq istəyirdi ki, sonbeşiyi, iki yaşlı
Gülyazın səsinə geri döndü. Qızcığazın yuxuya getməsi ilə oyanması bir
oldu. Mürgülü-mürgülü nəsə mızıldanırdı. Gülyazın nasazlığını düşündü:
“Yəqin uşağa soyuq dəyib, yeməyi, yatmağı da azıb-çaşıb”.
Artırmaya çıxdı. Qonşu qızı Validə ilə birgə köməkləşib ertədən
bişirdiyi böyürtkən mürəbbəsini ləyəndən şüşə qablara boşaldıb çardağa
yığdı. Taxçalara düzdüyü yarpaq tutması və şorabalara, əncir riçalına,
torbalardakı tut, xurma qurusuna nəzər saldı. Qışa tədarük gördüyünə, bu
gün-sabah qapını alacaq soyuq fəsil üçün balalarına az-çox azuqə
hazırladığına görə sevindi. Çardaq çox sərin idi, üşüdüyünü hiss elədi. Yağ
küpəsini götürüb pillələri ehmalca endi.

2
Nəzərləri dünən mal nobatına gedib yağışa-çiskinə düşmüş böyük oğlu
Əhmədin qapalağın ağzında atılıb qalmış qaloşlarına dikildi. Ərinməyib
rezin ayaqqabıları yerdən qaldırdı, zığ-palçığını yudu, çəpərin yanındakı iri
çaydaşının üstünə qoydu.
Yalın başında, iki gözdən ibarət evdə yaşayan Güldəstənin ailəsi
kənddə ən kasıb ailələrdən sayılılırdı. Yenə əri Məmmədin sağlığında
dolanışıqları babat idi. Yük maşını sürən Məmməd ağır yol qəzasında
öləndən sonra ailənin bütün qayğıları Güldəstənin çiyinlərinə düşmüşdü.
Evin həm kişisi, həm arvadı olmaq, doğrudan da, çətin idi.
Cavan və sağlam ərinin itkisi Güldəstəni yandırıb-yaxmış, əlini hər
yerdən üzmüşdü. Bəlkə də qürurlu, mərd olduğuna görə onu lap çox
sevmişdi. İndi dörd uşaqla damın altında başsız qalmış, tənha gecələrdə
Məmmədin vaxtsız-vədəsiz ölümünə o ki var göz yaşı axıtmışdı.
Qonşu arvadları, qohum-əqrəba yığışıb ona təsəlli vermiş, necə
deyərlər, qaradan çıxmağı məsləhət görmüşdülər. Çəpər qonşusu, ağbirçək
Telli xala sinəsini irəli verib demişdi: “Bir sənin başına gəlməyib ha, nə
birinci, nə də axırıncı deyilsən. Odur hey, Tamaşanın qızı Səkinə vur-tut üç
ilin gəlini oldu. Olacağa çarə yoxdu, Allah səbr versin, qızım”.
Güldəstə indi bütün bunları yada salır, çətin anlarında, ailəsinin
yavanlığı olmayanda dadına yetənləri, xeyirxahlıq edib kömək göstərənləri
xatırlayırdı. Ailəsinə ən çox əl tutan, son ümid yeri – təkcə qardaşı Səftər
idi. O, özü elə də böyük imkan sahibi olmasa da, dayı borcunu yerinə
yetirib atasız qalmış uşaqlara tez-tez baş çəkir, dərd-sərindən xəbərdar
olurdu. Elə keçən şənbə payızlıq buğdadan dəyirmanda üyütdürdüyü iri un
çuvalını bacısının qapısında düşürüb, Güldəstəni sevindirmişdi. Qarşısına
çıxan on dörd yaşlı Əhmədə: “Bacıoğlu, hazırlaş, səni avtoçilingərlik
kursuna yazdıracağam, əlin çörəyə çatsın,” – deyib getmişdi.
Dayısının bu canıyananlığı, Əhmədi bir yana çıxarmaq barədə
düşünməsi Güldəstəni əməlli-başlı kövrəltmişdi. Fikirləşirdi ki, oğlu yaşıdı
olan kənd cavanları kimi dəhrədən, beldən, oraqdan yapışmaz, əlləri qabar
bağlamaz, bir sənətin qulpundan tutar:

3
Bu xəyalların içində ikən birdən qulağına taqqıltı səsi gəldi. Əvvəl elə
düşündü ki, yuxuludur, onu qara basır. Ayaq səsləri, hənirti yaxınlaşdıqca
ürəyinə şübhələr, qara-qorxu dolmağa başladı. Gecənin yarısında onun
həyət-bacasına kim girə bilərdi?
Yorğanı üstündən atıb yatağından qalxdı. Uşaqlar oyanmasın deyə,
barmaqlarının ucunda yeriyərək pəncərəyə yaxınlaşdı. Tül pərdəni ehmalca
aralayıb ətrafa boylandı. Gözünə qaraltı göründü və bir anda yoxa çıxdı.
Sonra tövlənin qarşısında iki kölgə peyda oldu. Başı papaqlı, ayağına
uzunboğaz çəkmə geymiş, iri gövdəli, yöndəmsiz kişi əlindəki tüfəngi
havada yelləyərək tövlədən çıxıb qoyunları qabağına qatan cavan oğlana
göstəriş verir, onu tələsdirirdi.
Güldəstə həyət qapısının kilidini qırıb tövləyə girmiş mal-qara
oğrularını görəndə damarında qanı dondu. Nə edəcəyini bilmirdi. Evinin
ruzi-bərəkətinə göz dikən talançıların qarşısını necə alsın? Götür-qoy
etməyə macal yoxuydu. Xələtini əyninə geyib, güllü şalını başına doladı,
başmaqlarını ayağına keçirib həyətə endi.
İns-cins gözə dəymirdi. Qapısı taybatay açıq qalmış tövlədən aparılan
heyvanların ayaq izləri açıq-aydın sezilirdi. Yüyürərək darvazadan çölə
çıxdı. Özünü oğrulara çatdırıb heyvanları geri qaytarmaq istəyirdi. Nankor,
başqasının varı-mülkü hesabına ömür-gün sürənləri dodağının altında o ki
var söyüb-yamanlayırdı: “İşə bir bax, nə qədər yaramaz olasan, onun-bunun
həyətinə xəlvətcə dürtülüb oğurluq edəsən. Kasıb balasının boğazına şərik
çıxasan”.
Qoyun-quzunu qabağına qatıb aparanlar isə Güldəstəni xeyli arxada
qoymuşdular və bu talesiz qadının onları qarabaqara izləməsindən xəbərsiz
idilər.
Güldəstə yalın başından çayın kənarınadək uzanan torpaq yolla gedir,
necə deyərlər, hirsindən dişi bağırsağını kəsirdi. Əvvəlcə düşünürdü ki, bu
quldurların dalınca gedib onların yerini-yurdunu öyrənsin və polisə
bildirsin. Bəlkə, bu minvalla istəyinə çata. Tez də fikrindən daşındı, az qala
özünü qınamağa başladı: “Sənin nəslində polisə, milisə gedib, şikayət edən
olmayıb. Dul arvadsan, ailən başsız qalıb, sənə belə şeylər yaraşmaz. Bir də

4
ki, bu işin düşər-düşməzi olar, fırlanıb-dolanıb öz başında çatlar. Yazıq,
köməksiz balalarından hayıf çıxarlar. Onları qoru, axı, bu haqsız dünyada
sənin kimin var?”
Gecənin qaranlığında üzüaşağı yolla irəliləmək elə də asan deyildi.
Sakit-sakit axan çayın qamış basmış, çala-çuxurlu sahili ilə gedir, kol-kosa
ilişirdi.
Birdən ayağı iri bir kötüyə dəyib zərblə yerə çırpıldı. Ağrıdan qışqırıb
ufuldamağa başladı. Üz-gözü sıyrılmış, sağ dirsəyi bərk əzilmiş, dizləri
göynəyirdi. Qarğış eləməkdən özünü saxlaya bilmədi.
Qoyunları haraylayıb aparan oğrular qəfil qışqırıq səsinə geriyə dönüb
ətrafa boylandılar. Bir kölgə kimi onları izləyən qaraltını görəndə bir anlıq
özlərini itirdilər. Düşündülər ki, gecənin bu vədəsində tənha qadın
buralarda nə gəzir? Yoxsa, bizim əməlimizdən xəbərdar olduğu üçün
arxamızca gəlib?
Güldəstə heyi-hərəkəti qalmasa da, qamətini düzəldib üst-başının toz-
torpağını çırpdı, iki-üç addım irəlilədi. Əliçomaqlı kişinin ona tərəf
yeridiyini görüncə canına üşütmə düşdü. Bu yekəpər, eybəcər adama zəndlə
baxdı. Zülmət gecədə üz cizgilərini sezmək çətin olsa da, çalpapaq kişinin
çənəsindəki dərin çapıq gözündən yayınmadı. Birdən qeyri-iradi:
– Ay aman bu ki Çapıq Məhərrəmdir! – deyə var gücü ilə çığırdı.
– Arvad, sən kimsən? Kimin külfətisən? – Çapıq Məhərrəmin kor-kobud
səsi gecənin qaralığında əks-səda verdi.
– Kimin gözünə kül üfürürsən, yoxsa məni tanımırsan? – Bu sözləri
deyən Güldəstənin qorxu-hürküsü sanki əriyib yoxa çıxmışdı:
– Kimin evini taladığını yaxşı bilirsən, özünü tülkülüyə vurma!
Qabağına qatdığın doqquz baş heyvanı Məmmədin yetimlərinin boğazından
kəsmisən, namərd oğlu namərd, nəfsinə yiyəlik eləyə bilmirsən, belə
vicdansızlıq, tamahkarlıq olar?
Təxminən on il əvvəl baş vermiş hadisə Güldəstənin gözü önündə
canlandı. Gor qonşuları, əri cavan ikən ağır xəstəlikdən vəfat etmiş, bir
çətən külfəti olan Səlimənin iki inəyini oğurlayıb satmış Məhərrəmin bu

5
alçaq hərəkətinə dözməyən Məmməd onu tapıb kənd içində üzünə
tüpürmüş, nakişi adlandırmışdı.
Sonralar oğurluq şakərindən əl çəkməyən Məhərrəmi tutub dama
basmışdılar. Bir neçə il cəzasını çəkib qayıtmışdı. Türmədən ona yadigar
qalan isə üzündəki dərin çapıq idi. Kənddə danışırdılar ki, arvad-uşağa
sataşdığına, kasıb-kusubun malını apardığına görə “vorzakonlar”
Məhərrəmi məhbəs qanunları ilə cəzalandırmışdı. Amma bu da ona dərs
olmamışdı.
Güldəstə ona daşın haradan dəydiyini indi bir daha başa düşdü. Hər
cür naqislik, dələduzluq, müftəxorluq boyuna biçilmiş bu yaramaz vücud
onun qarşısında idi. Odur ki, dişinin dibindən çıxanı onun sifətinə
yağdırmağa başladı:
– Sən də adını kişi qoymusan, hələ bir başında papaq da gəzdirirsən?
Məmməd sağ olsaydı, bu qələti eləyə bilməzdin, dərinə saman təpərdi.
Əlinə girəvə keçib, fürsət tapıb bizdən hayıf çıxırsan. Onun-bunun hesabına
yaşamaqdan nə vaxt əl çəkəcəksən? Xalxın malını-mülkünü qarət etməkdən
doymursan? Hələ bu cavanı da yolundan çıxarıb yaramaz işlərə qoşmusan.
Güldəstə dərindən nəfəs alıb səsinə ara verdi və oğruların qarşısına
keçib daha qətiyyətlə:
–Amma balalarımın boğazından kəsdiyin bu heyvanları basıb yeyə
bilməyəcəksən. Göydə Allah var. Qaytar balalarımın qoyun-quzusunu,-
dedi.
Çapıq Məhərrəm o biri əlindəki qoşalülə tüfəngi silkələyib amiranə
tərzdə:
– Aaz, boş-boş danışma, səsini kəs, keçinin buynuzu gicişəndə başını
cobanın çomağına sürtər. Zənən xeylağı olmağına baxmaram, ha! Yolumu
kəsmə, evinə qayıt, get yetimlərinə yiyəlik elə.
– Qorxmursan ki, yetimlərin ah-naləsi səni tutar. Sənin bu hərəkətin
Allaha da, bəndəyə də xoş getməz. Gəl bu daşı ətəyindən tök! –
Güldəstənin səsi titrədi, lakin tez özünü ələ alıb:
– İstəyirsən atəş aç, ya başımı kəs! O heyvanları ancaq meyitimin
üstündən apara bilərsən.

6
Qarşısındakı qadının cəsarətini, dönməzliyini, ölümdən belə
qorxmadığını görən Çapıq Məhərrəm bir addım geri çəkildi. Ürəyindən
nələrin keçdiyini bir Allah bilirdi. Deyəsən, heç belə vəziyyətə düşməmişdi.
Güldəstənin inadı qarşısında duruş gətirə bilmədi. Əzazil, zalım, yırtıcı
xislətinə görə hamının çəkindiyi, üz-göz olmaq istəmədiyi bu yalquzaq
sanki rəhmə gəlmişdi. O, əlindəki zorba çomağı yerə tullayıb xırıltılı səslə:
-Götür apar, sox gözüyün giləsinə! İt aparan olsun!

* * *

Bu payız gecəsi yaşadıqlarımı kaş Allah ömrümə yazmayaydı. Haram
tikə ilə böyüyüb müftəxorluqla dolanan, başqasının malına-puluna qənim
kəsilən bir nadürüstün əliylə qətlə yetirilərdim. Səssiz-səmirsiz gecənin
zülmətində canımı elə alardılar ki, heç bir tikəm də ələ düşməzdi. Onda
binəsib balalarım kimin ümidinə qalardı?
Güldəstə bütün bunları düşünə-düşünə gəldiyi yolla geri qayıdır,
qoyun-quzunu haylayıb evinə aparırdı. Tikan kollarının daladığı, qanatdığı
ayaqlarına, sıyrılıb göynəyən dizlərinə fikir vermədən yeriyir, qapısı açıq
qalmış evinə, körpə balaları mışıldayan isti ocağına tələsirdi.
İşdən-gücdən yorulub yatmış doğma kəndinin sükut anları da gözəl
idi. Güldəstənin bəxtindən buludların arxasından ay doğmuş, ətrafı
işıqlandırmışdı. Bədirlənmiş, parlaq ay tənha qadının başı üstündə cövlan
edərək onunla qoşa addımlayırdı…

 

Mənbə: Azərbaycan.media