🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

FATMAYI BAĞLARINDA PAYIZIN HÜZNÜ

Payız Fatmayı bağlarına kədərli bir ovqat gətirib.
Oktyabr ayına xas buludlu, boz bir gündür.
Dostumla dəmir yolu xəttini keçib maşını məşhur su quyusunun önündə saxlayırıq.
Bir zamanlar həyat qaynayan bağlarda indi qulaqbatıran səssizlik hökm sürür.
Hər həyətin divarından, hər pəncərənin gözündən sükunət və ətalət sızır.
Sanki dünyanın sonudur.
“İndi qayıdacam” deyib maşından enirəm.
“Torpağa düşən xəzəl çoxaldıqca xatirələr də ağırlaşır”, – nə vaxtsa bloknotuma yazmışdım. Son bahar küləyi yarpaqları sovurub aparır.
Ancaq yaddaşın saralmış yarpaqlarını heç nə qopara bilmir.
Hər yarpaq sanki bir məktubdur – payız məktubları…
Saralmış incə bir xışıltı ilə danışan məktublar.
Hər biri bir hekayədir: uşaqlıq, hamı sağdır, samovar tüstüsünün qoxusu…
Hər payız bu məktublar yenidən yazılır, amma göndərilmirlər.
Çatdırılası yerin ünvanı yoxdur çünki…
Bir vaxtlar su quyusunun başında dayanan insanlar, vedrələrin cingiltisi, balaca uşaqların quyu suyu ilə əllərini yuyub gülüşməsi – bütün bunlar bir filmin kadrları kimi geri dönür…
O çağlarda buradan keçən bütün maşınlar dayanıb, quyudan mütləq su çəkər və bağ evlərinin yolunu tutardılar. Suyun sərinliyi, şüşələrə dolan şəffaflığı o gözəl günlərin simvolu idilər.
Quyunun başındayam.
Kimsəsizdir.
Yoldan maşın da keçmirdi.
İndi quyu mənim üçün sadəcə bir su mənbəyi deyil, uşaqlıqla indi arasında gizli bir körpüdür.
Fatmayı bağlarının bu kədərli mənzərəsi həm də Bakının dəyişən simasının bir güzgüsüdür. Əvvəllər həyatla dolu olan bu yerlər indi susqunluğa qərq olub.
Xatirələr isə susmur, hər payız küləyi ilə geri dönür, canlanırlar…
Yağış başlayır, dostum maşına çağırır.
Ətrafdakı bağ evlərini seyr edirəm.
Hər üç-dörd evdən birinin üstündə “Satılır” lövhəsi asılıb.
Hər lövhə, hər qapısı bağlanmış ev bir ailənin, bir nəsilin hekayəsini danışır.
Burada yalnız daş divarlar deyil, insan xatirələri də köhnəlib.
İçimdən üzüntü seli axır…
Maşına tərəf gedirəm, xəfif bir caz musiqisinin giriş akkordları gəlir kabindən.
Donub qalıram birdən.
Görkəmli caz ustası Erroll Qarnerin ölməz “A Cottage for Sale” kompozisiyası çalır.
Kədərimi daha da dərinləşir.
Bizdəki “Ev Satılır” elanını Amerikada “A Cottage for Sale” yazısı ilə verirlər…
Necə də hüzünlüdür – ev satılır, amma xatirələri içində qalır.
Yoxsa yanılıram, bəlkə satılan daş divarlarla bərabər illərin yaddaşı, uşaqlığın səsləri, ana əllərinin qoxusu, ata nəfəsi də qeyb olub gedir, elədirmi?
“A Cottage for Sale” XX əsrin əvvəllərində yazılmış, klassik caz musiqisinin sevilən balladalarındandır. Bu musiqi parçası illər ərzində bir çox sənətçi tərəfindən səsləndirilsə də, Erroll Qarnerin piano ifası bu mahnıya duyğusal dərinlik, xüsusi bir ruh qazandırır. O, caz balladasının duyğu yükünü bütün gözəlliyi ilə açır. İmprovizasiyası kədərli olduğu qədər bir az da ümid verir.
Giriş elə yumşaq və zərif toxunuşlarla başlayır ki, sanki köhnə xatirələrin qapısını döyür asta-asta. Qarnerin sol əli hər zamankı kimi “sallanır”, bu da ritmik dalğalanma verir, amma melodiyanın üzərinə kölgə salmır. Sağ əlin melodik xətti bəzən pıçıltı kimi, bəzən də bir ah kimi yüksəlir. Bu da parçaya qəribə bir hüzn, qüssə verir. Arada musiqiyə anidən azacıq işıq saçır. Bu, bir ümid parıltısıdır ki, qatır, lakin ümumi ovqatda ortada ayrılıq acısının dərin boşluğu var.
Qaarnerin ifasında ballada sadəcə “satışa çıxarılmış bir evin hekayəsi” deyil, o, həm də unudulmayan bir sevginin musiqi yaddaşıdır.
Errol Qarner fortepianonun arxasından keçmişin pəncərəsindən baxar kimi baxır: kottec, toz basmış mebellər, boş divarlar, divarda qalmış bir şəkil çərçivəsi və içimizdəki sükut…
A Cottage for Sale
Satlıq ev
(sərbəst tərcümə)
Bizim o kiçik arzular qalası,
İndi arzularsız, səssiz və tənha.
Pərdələr çəkilib, işıq sönüb,
Ev sanki nəfəs almır daha.
Evin öyündüyüm bağçasında indi
Otlar boy verib, unudulub hər şey.
O kiçik ev… satlıqdır indi.
Hər pəncərədə sənin üzünü görürəm,
Yaxınlaşanda boşluq, səssizlik.
O səs, o nəfəs yoxdur artıq.
Açar yenə poçt qutusundadır,
Hər zamankı kimi.
Amma artıq o qapının arxasında
Heç kim gözləmir məni.
Sevginin qırılmış qəlbi
İncə və kövrək.
Satlıq bir ev kimi…
Goradil “pereyezdini” keçib Bakı istiqamətinə döndük. Erroll Qarnerin barmaqları klavyelərin üzərində dolaşdıqca musiqinin hər notu illərin tozu ilə örtülmüş xatirələrin qapısını açır. Bağlar sükuta qərq olar, evlər boşalar, qapılara qıfıl vurular, ancaq…
Ancaq xatirələr hər daim qalacaq və yaşayacaqlar – satılmayan, alınmayan, yalnız yaşanan xatirələr…
Erroll Qarner çalırdı.
“A Cottage for Sale” balladası qulağıma Fatmayı bağlarının dilə gəlməyən fəryadı kimi gəlirdi artıq. Notların titrəyişi bağların darvazalarına vurulmuş köhnə qıfılların səsinə bənzəyirdi…
Müəllif: İbrahim NƏBİOĞLU 
Mənbə: Azərbaycan.media