🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İNSAN OLMAQ NƏ DEMƏKDİR?

    İnsan olmaq – kainatın ən böyük sirrini daşımaq deməkdir. Bu sirr maddənin, bədənin, cisimlərin fövqündə olan bir haldır. İnsan olmaq – görünənlə deyil, görünməyənlə, hiss edilənlə, duyulanla yaşamaqdır. Çünki insanlıq elə bir dəyərdir ki, onu nə var-dövlətlə, nə də şöhrətlə ölçmək olar. Bəzən bir kəlmə söz, bir təbəssüm, bir səmimi baxış yüz ömürlük dəyər daşıyar, çünki o baxışda mərhəmət, o təbəssümdə sevgi, o sözdə insanlıq gizlidir. Hər kəs doğulur, böyüyür, yaşlanır, amma az adam “insan” kimi yaşayır. İnsan olmaq, bəlkə də, ən böyük imtahandır – çünki insan olmaq üçün təkcə yaşamaq yox, yaşadığın hər anın məsuliyyətini daşımaq gərəkdir. İnsan olmaq – öz içindəki qarışıqlığı, qorxuları, eqonu ram edə bilməkdir. Çünki əsl insan başqalarını idarə edən deyil, öz “nəfsi”ni idarə edə biləndir. Qəzəbin qarşısında səbir göstərə bilmək, haqsızlığa qarşı susmamaq, amma haqlı olanda da ədaləti itirməmək – bu, insanlığın əsasıdır. İnsan olmaq – mərhəmətli olmaqdır. Yolda bir yaralı heyvan görüb yanından ötüb keçməmək, bir yetimin başını sığallamaq, bir qocanın yükünü daşımaq, bir kəsin dərdini paylaşmaq… Bütün bunlar “insan” adını doğruldan əməllərdir. Həyat elə bir yoldur ki, orada hər kəs sınaqlardan keçir. Kimisi var-dövlətlə sınağa çəkilər, kimisi yoxsulluqla. Kimisi təriflə sınanar, kimisi təhqirlə. Amma insan olan, bu sınaqların heç birində mənliyini itirməz. Hər yıxılanda yenidən qalxar, hər ağlayanda təbəssüm tapar. İnsan olmaq – mənliyini qorumaqdır. Ətrafında saxta simalar, yalan sözlər, ədalətsizliklər olsa belə, sən özündə təmiz qalmaq bacarığı tapırsansa, deməli, hələ insansan. İnsan olmaq – bağışlamağı bacarmaqdır. Çünki bağışlamaq zəiflik deyil, gücün ən nəcib formasıdır. Kiminsə səni incitməsinə baxmayaraq, kin saxlamaq yerinə onu anlayışla qarşılayırsansa, sənin içində insanlıq çiçəklənir. Bəzən bir “bağışla” sözü illərlə daşlaşmış nifrəti əridə bilər. İnsan olmaq həm də səssizcə dua etməkdir – heç kim bilməsə də, kiminsə yaxşılığı üçün ürəkdən diləməkdir. İnsan olmaq – təvazökar olmaqdır. Özünü başqalarından üstün saymadan, amma kiminsə qarşısında da əyilmədən yaşamaq. Böyük olmaq üçün boyla deyil, könüllə böyümək gərəkdir. İnsan olmaq – özün üçün yox, başqaları üçün də var olmaq deməkdir. Kiminsə gülümsəməsinə səbəb olmaq, birinin ümidini diriltmək, kimsənin unudulmuş hisslərinə can vermək – bu, insanlığın ən gözəl göstəricisidir. Zaman dəyişir, texnologiya inkişaf edir, amma təəssüf ki, insanlıq çox zaman geriyə çəkilir. İnsan olmaq indi daha çətinləşib, çünki dünya səssizcə duyğusuzlaşır. Lakin yenə də hər birimizdə bir işıq qalır – vicdanın səsi. O səs itəndə, insan da itir. Buna görə insan olmaq – vicdanını qorumaqdır. Əgər bir səhər günəş doğanda sən kiminsə ağrısını hiss edirsənsə, bir axşam ulduzlara baxanda kiminsə gileylərini düşünürsənsə, sən hələ insansan. İnsan olmaq – sevgini daşımaq, sevgini paylaşmaq, sevgini yaşatmaqdır. İnsan sevgisiz yaşaya bilməz. Amma bu sevgi təkcə bir insana deyil, bütün varlığa – torpağa, suya, ağaca, canlıya yönələndə o, əsl insanlıq olur. Çünki insan olmaq – dünyanı sevmək, amma dünyaya aldanmamaqdır. Bəli, insan olmaq çox sadə səslənir, amma çox çətin yaşanır. Hər kəsin alnında eyni söz yazılıb: “insan”. Amma bu adı yaşatmaq üçün bir ömür gərəkdir. İnsan olmaq – əməllə, davranışla, mərhəmətlə, ədalətlə sübut olunan bir haldır. Əgər bir gün səni heç kim tanımasa da, kiminsə dua etdiyi, kiminsə göz yaşını sildiyin, kiminsə qəlbini incitmədiyin üçün bu dünyadan rahat gedə bilirsənsə – sən doğrudan da insan olmusan. Nəticə olaraq demək olar ki, insan olmaq sadəcə yaşamaq deyil, yaşatmaq, sevindirmək, paylaşmaqdır. İnsan olmaq özünü başqalarının yerinə qoymaq, mərhəmət göstərmək, vicdanını qorumaq, əslində hər gün yenidən doğulmaqdır. İnsan olmaq – təkcə nəfəs almaq, danışmaq və hərəkət etmək deyil; bu, qəlbini, ruhunu və düşüncəsini daim saf, təmiz və ədalətli saxlamaqdır. Hər kəs insan doğulur, amma insan kimi qalmaq, insanlıqla yaşamaq, dünyanı bir az da yaxşı etmək hər birimizin əsl imtahanıdır. İnsan olmaq sınaqdır, zəhmət tələb edən, amma ən böyük mükafat olan bir həyat yoludur. Hər kəs ömrü boyu bu yolu seçərsə, dünya daha işıqlı, daha səmimi və daha ədalətli olar. İnsan olmaq – bu dünyanın ən böyük sənətidir, ən gözəl və ən dəyərli əmanətidir.
Müəllif:  Sevil Azadqızı
Azərbaycan dill və ədəbiyyatı müəllimi. Filoloq. Ədəbi təhlil-tənqidçi. Şair. 
            08.10.2025
Mənbə: Azərbaycan.media