Azərbaycan.media xəbər verir ki, Balakən rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə məqsədilə genişmiqyaslı maarifləndirici tədbir təşkil olunub. Tədbir Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Balakən Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə baş tutub.
Maarifləndirici görüş 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq təşkil edilib. Məqsəd — narkotik və psixotrop maddələr haqqında ictimai məlumatlılığı artırmaq, gəncləri bu təhlükəli vərdişlərdən uzaq tutmaqdır.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Komissiyasının sədri, Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı, Təhsil sektorunun rəhbəri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala Regional bölməsinin nümayəndəsi, rayon polis şöbəsinin və digər aidiyyəti qurumların təmsilçiləri iştirak ediblər.
Çıxışlar zamanı narkomaniyaya qarşı mübarizə üsulları təqdimat formatında izah olunub. İştirakçılara narkotik maddələrin cəmiyyətə və insan sağlamlığına vurduğu sosial-tibbi fəsadlar, psixoloji asılılığın formalaşma mərhələləri, mənəvi dəyərlərə və iqtisadi inkişafa mənfi təsirləri barədə geniş məlumat verilib.
Təlimdə gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin formalaşdırılması və zərərli vərdişlərdən uzaq durmağın vacibliyi xüsusi vurğulanıb.
Tədbirin sonunda İşçi Qrup tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara təqdim olunub.
