🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bir İnsanı Yenidən Kəşf Etmək – Elnarə Akimovaya

 

Elnarə Akimova ilə demək olar ki, şəxsi tanışlığım yox idi. Təxminən on il əvvəl, Facebook-da bir status paylaşmışdım – həyatın çətinliklərindən, maddi sıxıntılardan söz açmışdım. Ertəsi gün tanımadığım bir nömrədən zəng gəldi. Elnarə xanım idi. Səsi də, sözü də tanımadığım bir insandan gözləmədiyim qədər səmimi və diqqətli idi. Təklif etdi ki, esselərimi və tərcümələrimi “Ədəbiyyat qəzeti”nə göndərim – qonorar da veriləcək. Bir müddət yazılarım həmin qəzetdə çap olundu, qonorar aldım. O gündən yaddaşımda həssas, diqqətcil, insana dəyər verən bir obraz kimi qaldı.

Son seçkilərdə deputat seçildiyini eşidəndə sevincim sonsuz oldu. Bir ədəbiyyat adamının parlamentdə təmsil olunması – bu, cəmiyyətin ruhuna verilən ən gözəl hədiyyədir. Facebook-da dost siyahımdadır Elnarə xanım. Bu yaxınlarda bir status paylaşmışdı – bir yazıçının əsəri haqqında yazırdı. Nədənsə o yazını oxuyandan sonra esse kitabımı ona göndərmək keçdi ürəyimdən. Kitabın PDF versiyasını elə Facebook üzərindən göndərdim, yazdım ki, vaxtı olsa, bu kiçik kitabı oxuyar. Bir gün keçdi, cavab gəlmədi. Etiraf edim ki, bir az pərt oldum. Öz-özümə dedim: “Yəqin o da bəziləri kimi deputat olandan sonra adi insanların mesajlarına cavab vermir…” Amma növbəti gün mesaj gəldi. Elnarə xanım çox səmimi cavab yazmışdı: “Kitabınızı mütləq oxuyacam.” O an düşündüklərimə görə utandım.

Və nəhayət, bu gün “Ekspo”da kitab sərgisinə getmişdim. İçəri daxil oldum, “Zərdabi” nəşriyyatının direktoru Elman müəllimlə görüşüb söhbət edirdik. Birdən bir qadın qollarını açaraq mənə tərəf gəldi. Əvvəlcə tanımadım. Öz-özümə dedim: “Kimdir mənə belə qucaq açan bu qadın?” Yaxınlaşdı. Elnarə Akimova idi. Onun bu qədər səmimi, isti münasibəti məni dərindən duyğulandırdı. Çoxdandır ətrafımda yalnız laqeydlik görürdüm. Bu zəmanədə insani keyfiyyətlərini qoruyub saxlayanların sayı azalıb. Əsl insanları vəzifəyə qalxanda tanımaq olur. Kitabımı oxuduğunu dedi, problemlərimlə maraqlandı, təsəlli verdi.

Bu gün bir İNSAN-ı yenidən kəşf etdim. Kaş onun kimi insanların sayı çox olaydı. Allah sizə ilk növbədə can sağlığı versin, Elnarə xanım. Səsiniz daha yüksəklərdən gəlsin – həm parlamentdə, həm ədəbiyyatda, həm də insanlığın qəlbində.

Hörmətlə,
Sevil Gültən
Tərcüməçi, yazıçı-publisist

Mənbə: Azərbaycan.media