Azərbaycan ədəbiyyatının inkişafında onun xidmətləri misilsizdir. “Dəli Kür”, “Ölən dünyam” kimi ölməz əsərləri ilə milli ədəbiyyatımızın klassiklərindən birinə çevrilib. Lakin o, yalnız görkəmli yazıçı deyildi; o həm də nəsillər yetişdirən böyük pedaqoq, sevilən müəllim idi. Onun mühazirələri tələbələri üçün həyat dərsi, düşüncə məktəbi idi. Elə buna görə də İsmayıl Şıxlının adı təkcə ədəbiyyat tarixinə deyil, pedaqogika tariximizə də qızıl hərflərlə yazılıb. Auditoriyada onu dinləyənlər üçün İsmayıl Şıxlı bir dünya idi. Tələbələrini yalnız biliklə deyil, düşüncə mədəniyyəti ilə də zənginləşdirir, onlara əldəbiyyatla yanaşı həyatı anlamağı da öyrədirdi. Bu mənada yazıçı-müəllim sintezinin ən parlaq nümunələrindən biridir İsmayıl Şıxlı…
Ailəmizdə ədəbiyyatçı yox idi, ancaq atamın şəxsi kitabxanasının ən gözəl yerində İsmayıl Şıxlının 1974-ci ildə nəşr edilmiş “XX əsr xarici ədəbiyyat tarixi” adlı kitabı dururdu. Gənclik illərimdə o kitabdan çox bəhrələnmişdim. Kitabın “Alman ədəbiyyatı” bölümündən o zamanlar tanımadığım müəllifləri kəşf edir, onların əsərlərini tapıb oxuyurdum…
Aradan 50 il keçib.
Əziz dostum Elçin Şıxlı atasının kitabı üzərində işləyərək, bu önəmli monoqrafiyaya yeni nəfəs verib. Kitab bu yaxınlarda “XX əsr xarici ölkələr ədəbiyyatı” adı ilə nəşr edilib…
***
1974-cü il nəşri İsmayıl Şıxlının Azərbaycan Pedaqoji İnstitutunda oxuduğu mühazirələr əsasında yazılıb. İsmayıl Şıxlı da atası Qəhrəman Şıxlinski kimi müəllim idi, APİ-nin Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri və on minlərlə tələbənin sevimlisiydi…
O illərin universitet həyatı indi bir çoxlarına nağıl kimi gəlir. 1960–1990-cı illərdə Bakı artıq böyük bir tələbə şəhəri idi. Ali məktəblərin hər fakültəsində, hər auditoriyasında görkəmli pedaqoqlar, alimlər sadəcə mühazirə oxumur, tələbələrə düşünmə, müstəqil fikir yürütmə öyrədir, rejimin gözündən uzaq, gözə batmasınlar deyə ehtiyatla, aramla yeni nəsil aydınlar yetişdirirdilər.
Bu mühazirələr həm də elm və mədəniyyətin təbliğ olunduğu təşəbbüslər idilər. Amma elə dərslər var idi ki, onlar “cədvəl dərsi” olmaqdan çıxıb açıq dərslərə çevrilir, şəhərin elmi-mədəni həyatının ən parlaq hadisəsi olurdular.
Məsələn, akademik Ziya Bünyadovun Azərbaycan və Orta Əsrlər Şərq tarixi üzrə mühazirələri…Auditoriyaya girən kimi orta əsrlərin tarixi qapıları açılır, Şərqin tozlu kitabxanaları ilə qədim məscidlərin həyətinə düşürdün sanki. Anam danışardı ki, auditoriyada yer tapmayan tələbələr pəncərələrin altına yığışır, pilləkənləri doldururdular.
Başqa bir misal, akademik Azad Mirzəcanzadənin intellekt yarışına çevrilən açıq dərsləri. Sadə bir formuldan başlayıb tələbələrə neft quyusundan kosmosa qədər, Bunyuelin filmlərindən Gödelin natamamlıq teoremlərinə qədər yollar çəkərdi. Dolub-daşan auditoriya onun bir cümləsi ilə gülüb, növbəti cümləsi ilə dərin düşüncələrə qərq olardu.
Digər açıq dərslər isə İsmayıl Şıxlının ədəbiyyat improvizasiyaları, Nəsiminin səsi, Sabirin ironiyası, Cəlil Məmmədquluzadənin kəskin sözü ilə auditoriyanın divarlarından əks-səda verən fikirləri idi. Təkcə müəllimlik etmirdi, xarici ölkələr ədəbiyyatını yaşadırdı. Bir tələbəsi belə yazırdı:
“İsmayıl müəllimin dərsindən çıxanda küçədə gördüyüm hər adamı roman qəhrəmanı kimi görürdüm”.
Məmməd Arif Dadaşzadənin ədəbiyyat mühazirələri, Məmməd Cəfər Cəfərovun dünya ədəbiyyatı təhlilləri, Fikrət Əmirovun konservatoriyadakı yaradıcılıq sinfində musiqini “rənglərlə” izah etmələri, Qara Qarayevin notlardan danışanda tələbələrin gözlərini yumub musiqini “görmələri”…
Bu korifeylərin dərsləri bitir, amma heç kim qalxıb getmək istəmirdi. Qapıdakı tələbələr də, içəridəkilər də müəllimlərini buraxmır, “bir az da qalın” deyə yerlərindən tərpənmirdilər. Çünki orada öyrənilən yalnız elm deyildi, o dərslərdə həyata baxışları formalaşır, dünyaya açılan pəncərədən ümid alırdılar.
Bütün bu dərslərin ortaq bir tərəfi var idi: auditoriyalara toplananlar ancaq o institutun tələbələri deyildilər, ədəbiyyat dərslərinə fiziklər də gəlirdi, riyaziyyatçılar da, tarix mühazirələrini kimyacılar da dinləyirdi, musiqiçilər də…
İsmayıl Şıxlı, Azad Mirzəcanzadə, Ziya Bünyadov kimi dəyərlər əslində bir nəslin düşüncə tərzini formalaşdıran memarlar idilər…
İndi belə nəhəng alimlər, pedaqoqlar varmı?!
***
“XX əsr xarici ədəbiyyat tarixi” kitabı da bu səbəbdən əzizdir, doğmadır, çünki içindəkilər İsmayıl Şıxlının mühazirələridir. Bu kitab kitab olmaqdan daha böyükdür – o ədəbiyyat tarixidir…
***
Dostlarımla Bakıda bir axşam yeməyində idim.
Elçin yeni kitabı imzalayaraq mənə hədiyyə etdi.
Hamı eşitsin deyə Elçinin yazdığını yüksək səslə oxumağa başladım.
Oxuyanda boğazım düyünləndi.
Elçinə baxdım, onun da gözləri nəmlənmişdi:
“İbrahim Nəbioğluya – qardaşıma İsmayıl Şıxlıdan bir xatirə olaraq. Səni tanımırdı, amma tanısaydı, oğlu qədər sevərdi.
Qardaşın Elçin,
Bakı, 09.08.2025”.
***
Bu gün Elçinin doğum günüdür.
Dostluğumuz 40 ilə yaxınlaşır.
Bu illər ərzində ətrafımızda çox insanlar oldu… Əksəriyyəti ələndi.
Qalanlar sınaqlardan çıxanlardır…
Dostumu – Böyük Kişinin oğlunu təbrik edirəm!
Tanrı sənə sağlam ömür versin!
Ürəyindəki sevgi, dostluq və ədalət hissi əskilməsin, Elçin!
İbrahim NƏBİOĞLU
4 oktyabr 2025
Mənbə: Azərbaycan.media
