Zemfira Məhərrəmli
ANALIQ HAQQI
hekayə
– Yoox! O ölməyəcək!
Ülviyyənin başı üstündən bir an çəkilməyən Elçinin bu etiraz nidaları reanimasiya
otağının divarlarını aşıb xəstəxananın dəhlizlərinə yayıldı. Həyat yoldaşının düçar
olduğu ağır xəstəlikdən şəfa tapacağına hələ dünənədək inanır, ümidini üzmürdü.
Xəstəni müayinə edən bir neçə həkimin son konsiliumunun qərarı bütün doğmaları
kimi, Elçini də iliyinəcən sarsıtmışdı: “Ülviyyənin sağalmaq ehtimalı sıfra bərabərdir.
Hepatit “S” virusu xəstənin qara ciyərini dağıdıb”.”
Elçin heç cür sakitləşə, özünə yer tapa bilmirdi. Yer-göy başına hərlənirdi. Bütün
mövcudatı, varlıqları yaradan uca Tanrıya belə az qala üsyana qalxmaq istəyirdi.
Haləti anbaan dəyişən, başı üzərində ölüm kabusu dolaşan Ülviyyənin heyvatək
saralmış bənizinə, hərarətin şiddətindən titrəyən dodaqlarına, məsum çöhrəsinə dağılmış
pərişan saçlarına baxdıqca ürəyindən qara qanlar axır, iki gül üzlü körpəsini göz önünə
gətirir, yeri-göyü xəlq eləyən Allahın bu zülmə necə rəva gördüyünü düşünürdü.
Ürəyini didib-parçalayan bir hiss də vardı: Ülviyyə üçüncü uşağa hamilə idi.
Körpənin doğulmasına az qalmış ananın sarılığa tutulduğu bəlli olmuşdu. İlkin
müayinələr ana bətnindəki dölün ürək döyüntülərinin zəif eşidildiyini göstərirdi. Hətta
doğulsa belə, çağanın yaşayıb-yaşamayacağı sual altında idi. Bəzi həkimlər, heç olmasa,
körpənin salamat qalması naminə addım atmağı məsləhət görsə də, ananın zəif, üzgün
vəziyyəti bu istəyin də mümkünsüzlüyünü ortaya çıxarmışdı.
İndi isə Ülviyyə kəskin ağrılardan sayıqlayır, inildəyirdi. Nə yanına gəlib-
gedənlərdən, nə də həkimlərin cidd-cəhdindən xəbəri vardı. Vena damarlarına vurulan
iynələrin də artıq təsiri yox idi.
Gecədən xeyli ötmüş xəstənin vəziyyəti daha da kəskinləşdi. Zöhrə ana qızının
saçlarını tumarlayır, ağrılardan qıvrılan balasına kədərli zümzümələri ilə son laylasını
çalırdı. O sövq-təbii duymuşdu ki, bu səhər Ülviyyə üçün açılmayacaq…
* * *
Dəfn mərasiminə xeyli adam toplaşmışdı. Elçinə elə gəlirdi ki, izdihamın ucu-
bucağı görünmür. Üstünə al-qırmızı ipək salınmış tabutun yanında addımlayan iki oğul
atası sanki dünyanın ən ağır yerişini yeriyirdi. Evlərindən məzarlığadək uzanan bu yol
elə bil heç vaxt bitib-tükənməyəcəkdi. Ayaqlarını güclə sürüyürdü. Gözləri önündə isə
tamam başqa bir mənzərə açılırdı…
…Qonşu qızı Ülviyyə həmin gün həmişəkindən daha gözəl görünürdü. Boyuna
biçilmiş gəlinlik donu, saçına taxdığı bəyaz güllər ona xüsusi yaraşıq verirdi. Toyun
başlanmasına az qalmış sifariş etdikləri ağ “Limuzin”ə əyləşib Dənizkənarı parka,
Xəzərin sahilinə gəldilər.
Hava küləkli idi. Köpüklü dalğalar bir-birini qovaraq sahilə çırpılırdı. Ləngər
vuran ləpələr üstündə səsli-küylü qağayılar uçuşur, suya baş vurur, yenidən havaya
qalxırdı. Çığırtısı lap aydın eşidilən bir cüt ağ qağayı dəstədən geri qalmışdı. Sevgililər
qoşa süzən, bir-birinə mehr-ülfət bağlamış bu qanadlılara heyranlıqla baxır, onlara
bənzəmək, daim birgə olmaq istəyirdilər. Ağ qağayılarla bahəm ənginliyə ucalmaq,
sonsuzluğa qovuşmaq onların bu xoşbəxt anlarda ən ülvi arzusu, istəyi idi. Heyhat…
* * *
2
…Mollanın qəbirüstə oxuduğu Quran ayələri bitər-bitməz şirin xəyallarından
ayıldı. Üzügülər, gözəl Ülviyyə artıq torpağa gömülmüş, son mənzilinə yetişmişdi.
Taleyin hökmünə bax ki, bətnindəki körpəsini də özü ilə birgə haqq dünyasına
aparmışdı.
Ülviyyənin vaxtsız ölümü Elçinə çalın-çarpaz dağ çəkmişdi. Ömür-gün yoldaşının
itkisinə dözə bilmirdi. Bir yerdə qərar tutmaq müşkülə dönmüşdü. Qəhər onu boğur,
dərd əlindən göyüm-göyüm göynəyirdi. Körpə balalarının ürkək baxışları ilə göz-gözə
gələndə sarsılır, özünü günahkar sayırdı. Bəs indi o, balaca Şamilinə, Cəmilinə nə cavab
versin? Balalarının dilindən “Ana”” kəlməsi qopanda onları necə ovundursun?
* * *
Həyətdə yas mağarı qurulmuşdu. Hüzr yeri dolub-boşalırdı. Qohum-əqrəba,
qonum-qonşu, dost-tanış mərhumun ailəsinə, valideynlərinə, həyat yoldaşına başsağlığı
verir, Allahdan səbr diləyirdilər. Ağır gündə dərd-sərinə yananların, kədərinə şərik
çıxanların təsəllisi Elçinin başını qatır, ağrı-acısını bir qədər yüngülləşdirirdi.
Ağsaqqal Rəşid müəllim yeganə qızı Ülviyyənin qəfil ölümündən sarsılmış, kişinin
qəddi əyilmişdi. Zöhrə ana dizinə döyüb, “balam, vay”” deyirdi. Nəvələrini sinəsinə
sıxıb gəlininin ölümünə göz yaşı axıdan Ziba ananın ah-naləsi hamını kövrəldirdi.
* * *
Qırx mərasimi arxada qalmış, gəlib-gedənlərin sayı azalmışdı. Sən demə, çətin
günlər hələ qabaqda imiş… Uzun illərdən bəri xəstəlikdən əziyyət çəkən Ziba xalanın
ağrıları yenidən şiddətlənmişdi. Ana qayğısından məhrum olmuş balaca Şamil və Cəmil
baxımsız qalmışdı. İxtisasca aviamühəndis olan Elçin işinə davam edir, çalışdığı
ekipajın tərkibində uçuşlara yollanırdı. Uşaqlar xəstə nənənin ümidinə qalmışdı. Onların
yeməyini bişirmək, paltarlarını yumaq… ömrünü-gününü əzablar içində keçirmiş
ağbirçək qadın üçün asan deyildi. Körpələr tez-tez xəstələnir, titrədib-qızdırırdı. Cabir
əmi, əmidostu Esmira dava-dərmanlarını alır, Mətanət bibi iynələrini vururdu.
* * *
Anasızlığın dadını görmüş uşaqların saralıb-solan çöhrəsinə baxmaq olmurdu.
“Uşaq atadan yox, anadan yetim qalar”” ifadəsi, bəlkə, yüz kərə beynində dolaşırdı.
Gözüyaşlı balalarına hər kəsdən munis olan bir varlığın yoxluğunu unutdurmaq,
ciyərparalarının ana intizarına son qoymaq Elçinə mümkünsüz görünürdü.
Uşaqlar yuxuya gedəndən sonra ən ağır anlar başlayırdı. Ömrü yarıda qırılmış
Ülviyyənin portretini əlinə alıb gözlərini gözünə dikir, onunla dərdləşirdi. Cavabsız
qalan sualları isə bir deyil, iki deyildi…
* * *
Qardaş-bacıları, yaxınları, Ülviyyənin ata-anası bir yerə toplaşıb qərara gəldilər ki,
Elçin evlənsə, körpələrə yaxşı olar. Onların qayğısına qalan, nazını çəkən anaya ehtiyacı
var. Bu savab işi görəcək, sığala, tumara möhtac, nisgilli balaların qəlbini ovunduracaq
qadın, görəsən, kim olacaqdı? Belə məsuliyyətli, çətin işə qol qoyan, razılıq verən kəs
dünyanın əməlisaleh, nəcib bir insanı ola bilərdi.
* * *
Elçinin tənhalığı, küskün görkəmi, içinə çəkilib ətrafındakılarla ünsiyyətdən
qaçması iş yoldaşlarının gözündən yayınmırdı. Yaxşı ki, zərgər dəqiqliyi tələb edən
işində diqqətli idi. Hələ Moskvada Ali Aviasiya məktəbində oxuduğu illərdən özünə bu
3
keyfiyyəti aşılamışdı. Təyyarənin texniki cəhətdən sazlığına, uçuşa yararlığına
bortmühəndis kimi cavabdehlik daşıyırdı.
Stüardessa Leyla ekipaj üzvlərinin ürək qızdırdığı, hörmət bəslədiyi, təmkini, ağlı
və mədəniyyəti ilə seçilən qızlardan biriydi. Yaşı bir qədər ötsə də, şuxluğunu,
təravətini itirməmişdi. Uca boyu, cazibədar görkəmi vardı. Elçinin mənəvi sıxıntılarına
biganə qala bilmirdi. Taleyini ona bağlamağa, balalarına ana olmağa özündə güc-qüvvə
tapa bilərdi. Hətta bunu ona xatırlatmışdı.
Elçin isə qərar verməyə çətinlik çəkirdi. Seçimində yanılmaqdan qorxurdu. Axı,
bu, həyat məsələsi idi. Balalarının sonrakı taleyi atılacaq addımdan asılıydı. Leylanın
növbəli işi, tez-tez uçuşda olması Elçini düşündürürdü. Həmişə yoldaşlarına zarafatla:
“Sizi bilmirəm, mən göylər üçün doğulmuşam”” deyən Leyla peşəsini çox sevir, “məni
mavi səmadan yalnız ölüm ayıra bilər”” deyirdi. Yeni qurulacaq ailəyə isə anasız qalmış
uşaqlara ürəkdən bağlanan bir qadın gərək idi.
* * *
Anasına, qardaşı balalarına baş çəkməyə gələn Cabirin Elçinlə söhbəti qısa oldu:
– Yüz fikir bir borcu ödəməz, – deyiblər. Dərd xalvarla gələr, misqalla çıxar.
Xəyallardan ayılmaq vaxtıdır. Uşaqların da, anamın da vəziyyəti yaxşı deyil. Gəlsənə
evlənəsən…
Elçin zəndlə qardaşına baxdı:
– Elə bilirsən asandı?
– Bilirəm, sənin üçün çətin olacaq. Nə qədər ki, hələ körpədirlər, ağılları kəsmir, bu
addımı atmalısan. Bacımız deyir ki, Həmidə xalanın qızı Lalə çox yaxşı qızdır. Bəlkə,
anası ilə danışaq, fikrimizi bildirək?..
Ziba xala da söhbətə qoşuldu:
– Tanıyan-bilən o qızı çox tərifləyir, bala. Ağıllı, zirək, işgüzar olduğunu
söyləyirlər. Bu evə belə bir gəlin lazımdı.
Elçinin susmaqdan başqa əlacı qalmadı. İki gün əvvəl, rəhmətlik Ülviyyənin anası
Zöhrə xalanın dediklərini yaddaşında çözələyirdi: “Sənin və balalarının günahı deyil ki,
amansız əcəl qızımı sizdən ayırıb. Körpələrə ana lazımdı, oğul…”
* * *
Günlərin birində Elçinə uzaq qohumlarından olan ailənin qızı ilə tanış olmaq
imkanı yaratdılar. Bacı və qardaşının məsləhət gördüyü qızla. Lalə ağbəniz, yaraşıqlı,
təbiətən sadə və mehriban idi. Onu kiçik yaşlarında görmüşdü. Allahın möcüzəsi, ya nə
idisə bu qız zahirən Ülviyyəyə bənzəyirdi və bu Elçinin gözündən yayınmadı.
Aralarındakı söhbət uzun çəkmədi:
– Analarını itirmiş iki körpəyə baxmaq, onlara dərdlərini unutdurmaq, tərbiyə
vermək elə də asan olmayacaq. Subay adamla ailə qura bilərdiniz. Bu, sizin
tərəfinizdən, vallah, fədakarlıqdı, – Elçin aramla danışır, Lalənin cavabını gözləyirdi.
Gözlərini bir nöqtəyə zilləmiş Lalə:
– Güman edirəm ki, bu yükü çiynimə götürə biləcəyəm. Allah bizə yardımçı olar…
* * *
Bu izdivaca hamı sevinirdi. Yeni ailənin təməl daşı qoyulmuşdu. Lalə uşaqlara
“can”” deyib, “can”” eşidir, onların nazını çəkirdi. Düz doqquz aydan sonra ailədə bir
oğlan uşağı da dünyaya gəldi. Şamilin, Cəmilin adlarına yaraşdırıb körpəni Ramil
adlandırdılar. Hər şeyə qadir Allah bu nəcib qadına xoş əməllərinə görə şirin pay – övlad
bəxş eləmişdi.
Gənc ananın qayğıları başından aşırdı. Çətinə düşəndə anası və qayınanası
köməyinə çatırdı.
4
Ən çox sevinən isə həyatdan vaxtsız getmiş Ülviyyənin anası Zöhrə xala idi. O,
nəvələrinə tez-tez baş çəkir, onların ana sevincinə qoşulur, fərəhlənirdi. Cavan qızının
ölümünə dözməyib dünyasını dəyişən Rəşid müəllimin ruhu ilə söhbət edir, ona
təskinlik verirdi.
Ürəyi dərdli ana mehrini Laləyə salmışdı. Lalə də Zöhrə xalaya anası tək hörmət
bəsləyir, ondan məsləhət alır, birlikdə ləziz xörəklər bişirirdilər. Lalənin anası Həmidə
xalaya qoşulub xeyir-şər məclislərinə gedirdilər.
* * *
Ailə quranadək uşaq bağçasında tərbiyəçi işləmiş Lalə balacalarla dil tapmağı
bacarırdı. Bu qabiliyyəti indi ana olandan sonra daha çox karına gəlirdi.
Yayın cırcıramasında Nardarandakı bağlarına köçür, bürküdən nəfəs təntiyən
şəhərdən bir qədər uzağa çəkilirdilər. Uşaqlar Lalənin isti nəvazişi ilə böyüyür, xoş
rəftarından pərvazlanırdılar. Bağ evinin qarşısındakı köklü-köməcli tut ağacının
budağından asılmış yelləncəkdə yellənən oğlancığaz anasının şirin nağıllarına az qala
uyumuşdu:
– Evin üçyaşlı, sonbeşik oğlu ərköyünlük edib sözə baxmırdı, Ramil bala, xörəyini
yemirdi. Şanapipik uçub oğlancığazın boşqabını dimdiklədi…
Lalə elə bunu söyləmişdi ki, tut ağacından azca aralıda, təzəcə suvardıqları ləklərin
yanında bir cüt şanapipik göründü. Uzun dimdikləri ilə torpaqdan dən axtaran çox
qəribə və bəzəkli, narıncı zolaqlı quşları görəndə Ramil çox sevindi. Sual suala calandı.
– Bu quşlar başlarında niyə buynuz gəzdirirlər? Yoxsa, bunlar maral quşlardır?
Lalənin isə diqqəti eyvanda əyləşib şahmat oynayan Şamillə Cəmildə qalmışdı.
Uşaqların fərasəti ilə yaşıdlarından çox fərqlənməsi onu sevindirir, ürəyini xoş hisslər
bürüyürdü. Dünən – Ülviyyənin doğum günündə Elçinlə birgə onun məzarını ziyarət
edərkən düşündüklərini indi pıçıltı ilə özündən soruşurdu:
– Görəsən, analıq haqqını qazana bilmişəm?..
Mənbə: Azərbaycan.media
