Qızılın qiyməti rekord səviyyəyə çatıb – investorlar narahatdır
Qızılın bir unsiya üçün qiyməti 3 800 ABŞ dollarını keçərək yeni rekorda imza atıb. Bu yüksəliş ABŞ hökumətinin fəaliyyətinin dayandırılması ehtimalı və Federal Ehtiyat Sisteminin pul siyasətindəki qeyri-müəyyənliklərlə əlaqələndirilir.
Azərbaycan.media xəbər verir ki, “Bloomberg”in məlumatına əsasən, çərşənbə axşamı külçənin qiyməti qısa müddət ərzində 3 839,52 dollara yüksələrək tarixdə ən yüksək səviyyəyə çatıb.
2025-ci il ərzində qızılın qiyməti 45%-dən çox artıb. Bu bahalaşma mərkəzi bankların və investorların qızıla olan güclü tələbi ilə izah olunur.
Bazar ertəsi günü ABŞ Xəzinədarlığının istiqrazları da hökumətin qismən bağlanması ehtimalı fonunda bahalaşıb. Hazırda qızılın spot qiyməti 3 837,28 dollar səviyyəsindədir.
Eyni zamanda, 2025-ci ilin əvvəlindən bəri gümüş 62%, platin isə 76% bahalaşıb.
Mütəxəssislər qeyd edirlər ki, investorlar hazırda qızılla dəstəklənən birja fondlarına böyük həcmdə vəsait yatırırlar. Bu tendensiya bazarda əlavə həyəcan və hərəkətlilik yaradır.
