Günel NATİQ
Şəhid mayor Rahib Babayev və həyat yoldaşı Aygünün sevgi hekayəti
Rahib Babayev 1985-ci il iyunun 19-da Naxçıvanın Şahbuz rayonunun Külüs kəndində doğulmuşdu. Valideynləri sadə, zəhmətkeş insanlardı. Rahib uşaq yaşlarından cəsurluğuyla seçilirdi. Hərbçi olmaq istəyirdi. Taxtadan oyuncaq silah düzəldib onunla oynayardı.
Külüs kəndinin tarixi yaddaşı onda qürur doğururdu. Qədim abidələri olan Külüs kəndi hər zaman tarixi muzeyi andırıb. Arxeoloji qazıntılar zamanı tapılan silah, bəzək əşyaları, metal məmulatlar Külüsün qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləyib. Külüs kəndinin yaxınlığında yerləşən gümbəzvari Qaradağın adı hətta “Kitabi Dədə Qorqud”da da çəkilir.
1918-1920-ci illərdən yadigar qalmış səngərlərə Rahib maraqla baxardı. Bu səngərlərdən Naxçıvan camaatı ermənilərin hücumundan qorunmaq üçün istifadə etmişdi. Kəndin igid oğlanları Qaçaq Quşdanın dəstəsində ermənilərə qarşı mərdliklə döyüşmüş və vətənlərini canları bahasına qorumuşdular. Həmin döyüşlər haqqında hekayətlərə qulaq asanda Rahib qeyri -ixtiyari əlini oyuncaq silahına doğru aparardı.
80-ci illərin sonlarında ermənilərin Azərbaycana yenidən torpaq iddiası başladı. Qarabağla birgə Naxçıvan da düşmən hədəfindəydi. 1990-cı ildə Naxçıvan kəndləri tez-tez ermənilərin hücumuna məruz qalırdı.
Külüs kəndinin də evlərini ermənilər hədəf seçirdi. Rahibin anası axşamlar işıqları sönülü saxlayırdı ki, evi nişan almasınlar. Onda Rahib yumruğunu düyünləyər, oyuncaq silahını düşmən tərəfə tuşlayıb deyərdi: “Ana, mən böyüyüb erməniləri öldürəcəyəm və bizim işıqlarımız daha sönməyəcək”.
Ruhundakı mübarizlik onu illər sonra hərbi məktəbə gətirdi. Əvvəl Cümşüd Naxçıvanski adına hərbi liseydə, daha sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan Rahib 2006-cı ildə hərbçi kimi peşəkar fəaliyyətə başladı. İlk komandiri general Polad Həşimov idi.
Düşmənin namərdcəsinə öldürdüyü generalın qisasını alacağına and içmişdi Rahib. Həmin gün isə çox uzaqda deyildi…
Müxtəlif hərbi hissələrdə xidmətini davam etdirən zabit ən son Murovdağda qulluğa başlayır. N saylı hərbi hissənin 1-ci tabor komandiri vəzifəsinə və mayor rütbəsinə kimi yüksəlir. “Mənim taleyim Kəlbəcərlə bağlıdır, gün gələcək, öz ordumla Kəlbəcərə daxil olacağam” deyən mayor Murovun o üzünü soraqlayırdı.
Hərbi qulluğa başlayandan az sonra Aygün adlı mələküzlü bir qızla tanış olmuşdu Rahib. Bu təsadüfi tanışlığın hansısa qanunauyğunluğun əsəri olduğunu ikisi də tezliklə anlamışdı.
Aygün Masallı rayonundan idi. Elə qız toyu da 2008-ci ilin 11 iyulunda Masallıda baş tutur.
Oğlan toyunu isə iyulun 18-də Naxçıvanda edirlər. Külüs kəndi ellikcə xeyir-duaya gəlmişdi.
Naxçıvanın dağının-daşının vurğunu olan Rahib həyat yoldaşını da bu təbiət gözəlliklərinin şahidi etmək istəyirdi:
-Aygün, yəqin ki, Əshabi-Kəhf haqqında, onun qəribə möcüzələri haqqında eşitmisən, hə?
-O qədim ziyarətgah haqqında? Çox eşitmişəm. Rahib, necə bir yerdir Əshabi-Kəhf?
– Bu qədim insan məskəninin gözəlliklərini deməklə başa gəlməz, öz gözlərinlə görməlisən.
Əshabi-Kəhf öz sirli əzəməti ilə Aygünü heyrətə gətirmişdi.
-Aygün, Əshabi-Kəhfin öz rəvayətləri var. Belə deyirlər ki, Allaha inanan gənclər təqiblərdən yaxa qurtarmaq üçün mağarada gizlənirlər. Allah onları yatırdır, bir neçə yüz ildən sonra oyadır, lakin gənclər özlərinə yad dünyanı görüb, yenidən əbədi yuxuya gedirlər…
-Yəni dünyadan köçüblər? Yazıq sevgililər… Vaxt necə də üzüdönükdür…
-Mənə elə gəlir, bura hər gələn cütlük onların taleyindən bir az pay alır…
-Yəni biz də?
-Nə bilmək olar…
-Çox qəmli söhbət oldu… Bura bax, Rahib, gör hara gəlib çıxdıq! Necə gözəl yerdir!
– Hə, bura Damcıxana adlanır. Bu mağaradakı su damcısını görürsən, bax, bu su durmadan axır…
-Yəni heç kəsilmir?
-Yox, havaların yağışlı və quraq keçməsindən asılı olmayaraq, burada heç vaxt damcı kəsilmir. Belə bir inam da var. Öz taleyini bilmək istəyən Damcıxanaya gedir və niyyət edib damcının altında durur. Əgər damcı başa və yaxud çiyinə düşərsə, demək arzun çin olacaq.
-Rahib, gəl biz də niyyət tutaq.
-Tutaq.
-Mən arzu edəcəm ki, vaxt-zaman bizə üzüdönüklük etməsin. Sən də ürəyində bu niyyəti tut, yaxşı?
-Yaxşı!
Ailə qurduqdan sonra Sumqayıta köçmüşdülər. Üç gözəl övladları dünyaya gəlmişdi: Mələk, İbrahim və Əli.
Rahib mehriban, qayğıkeş ata idi. Hərbi hissədən zəng edəndə ən əvvəl uşaqları soruşurdu. “Mələyin dərsləri necədir?” “İbrahim yemək yeyəndə şıltaqlıq etmir ki?” “Əli gecələr oyanıb ağlamır ki?”

Azərbaycan Ordusunun nümunəvi zabiti 18 illik xidmətinin 8 ilini Murov dağlarında keçirmişdi. Qüsursuz xidmətə görə dəfələrlə fəxri fərmanlar, medallar və Ali Baş Komandanın xüsusi mükafatı ilə təltif olunmuşdu.
Aygünlə söhbətində tez-tez Polad Həşimovu xatırlayır, onunla fəxr etdiyini deyirdi:
-Aygün, əsgərlər nadir hallarda komandirlərini yadda saxlayırlar. O, belə nadir insanlardan idi. Əsgərlərin hamısı onu böyük hörmət və ehtiramla yad edir. İndi ən böyük istəyimiz onun qisasını almaqdır… Heç bilirsən, o yurdlar məni necə özünə çəkir? Füzuli, Ağdam, Cəbrayıl, Şuşa, Laçın, Kəlbəcər…
-Kəlbəcəri sən xüsusilə çox sevirsən.
-Yurdlarımızın hər biri mənimçün bir qaladır. Kəlbəcər də bir başqa möhtəşəm qaladır. Bu möhtəşəmliyi öz gözlərimlə görmək, o torpaqlara ilk azadlıq gətirənlərdən biri olmaq istəyirəm.
Düz 8 il idi ki, o, Murovdağ yüksəkliyini qoruyurdu. Yalnız məzuniyyət vaxtlarında icazə alıb evə gələ bilirdi. Yayda isə Aygün uşaqları götürüb Rahibin yanına gedərdi. Birlikdə Göygölü gəzər, füsunkar təbiətin tamaşasına durardılar.
Müharibə başlanan gün, 26-dan 27-ə keçən gecə Rahib evə zəng vurdu. Uşaqları soruşdu, necə olduqlarını xəbər aldı. Həmişəki kimi təmkinli danışırdı, amma səsində Aygün əvvəllər hiss etmədiyi bir həyəcan sezdi. Xüsusilə mayor əvvəllər söz salmadığı mövzuya qəfildən toxunanda.
-Aygün, sənə demək istəyirəm ki… Necə desəm… Biz hərbçilər ölümün gözünə dik baxırıq. Hər an hər şey ola bilər. Əgər mənə nəsə olsa… sən…
-Rahib, sən nə danışırsan? Necə bu haqda adi bir şeymiş kimi danışa bilirsən? Sənə ölüm toxuna bilməz! Sənə…
-Aygün, xahiş edirəm mənə qulaq as. Bilirəm, bunları eşitmək sənə ağırdır, çətindir, bilirəm, amma xahiş edirəm dinlə məni. Əgər mənə nəsə olsa, heç kimin qarşısında sınma, əyilmə, məni eşidirsən?

-Axı sən niyə indi bütün bunları deyirsən?
-Çünki hər an hər şeyə hazır olmaq lazımdır.
-Bəsdir, belə danışma.
-Aygün, yadındadır, sənə Əshabi- Kəhfin rəvayətini danışmışdım? Əbədiyyət yuxusuna gedib yüz ildən sonra oyanan sevgililər haqqındakı rəvayəti deyirəm.
-Əlbəttə yadımdadır. Sən dedin ki, bu ziyarətə gələn o sevgidən mütləq pay alır.
-Doğrudur, amma sevgidə hikmət var, ölməzlik var. Sevənlər ölmür, sadəcə əbədiyyət yuxusuna gedirlər. Həmişə bunu xatırla.
Bir gün sonra müharibənin od püskürən nəfəsi gəldi. Aygün Rahibin dünənki sözlərini xatırladı. Ağlına cürbəcür qarışıq fikirlər gəldi, az qaldı başını itirsin. Telefona tərəf qaçdı, amma hara zəng vuracağını kəsdirə bilmədi. Qaynar xətti yığdı, onların vasitəsilə Rahibdən xəbər ala bildi, “sağdır” dedilər.
28 sentyabrda Rahib özü zəng etdi. Səsi yorğun gəlirdi. Amma səsindəki sevinc işartıları özünü büruzə verirdi.
-Aygün, məndən nigaran qalma, yaxşıyam, qələbəyə doğru gedirik, Kəlbəcərə varmağımıza… az qalıb… Yolumuz uzundur… Son nəfəsimizə qədər döyüşəcəyik…
-Rahib, sən doğrudan yaxşısan? Hiss edirəm ki, sənə nəsə olub…
-Hər şey yaxşıdır, Aygün. İndi söhbəti bitirməliyəm. Uşaqlardan, özündən muğayat ol. Sizi çox sevirəm, bunu unutma.
Aygün sonralar bildi ki, Rahib onunla danışanda yaralı olub. Amma onu qorxutmamaq üçün büruzə verməyib.
Rahib 8 il xidmət etdiyi Murov silsiləsində ərazini yaxşı tanıyan ik-üç komandirdən biri idi. O, öz vəzifəsini döyüşlər başlayanda da layiqincə yerinə yetirirdi. Düşmənin strateji əhəmiyyətli “Canavar” sol döyüş mövqeyinin götürülməsində şəxsən özü iştirak etmişdi. “Canavar”– Vətən müharibəsi başlanandan ermənilərdən alınan ilk post idi. Rahib Babayev böyük şücaət göstərərək aldığı postu 3 gün yaralı halda döyüşərək əlində saxladı. Yaralı yoldaşlarını döyüş bölgəsindən çıxararaq, onların da həyatını xilas etdi.
Oktyabrın 30-u qəhrəman mayor ikinci dəfə yaralandı. Və 8 il qoruduğu zirvədə qəhrəmancasına şəhid oldu.

Rahib Babayevin şəhid olduğu xəbərini onun ailəsinə çatdırmağı döyüş yoldaşı öz üzərinə götürdü. Özünü nə qədər toplasa da, qara xəbəri deməyə dili gəlmirdi. “Rahib yaralanıb” dedi və özünü saxlaya bilməyib ağladı. Aygün hər şeyi anladı. Əgər Rahib yaralı olsaydı, döyüş yoldaşı belə için-için ağlamazdı.
Aygünün əlindən telefon düşdü, bir anlıq faciəsinə yenik düşdü, fəryad qopardı. Fəryad səsinə uşaqlar da qorxub ağladılar, sonra nə baş verdiyini sanki anlamış kimi gəlib analarını qucaqladılar. Üç uşaq və ana baş-başa verib onlara ən əziz insanın yoxluğunu yaşayırdı.
Sonrakı günlər Aygün üçün dəhşətli yuxu kimi keçdi. Rahibin üçrəngli bayrağa bələnmiş tabutuna sarılıb ağlaması, səhərə kimi onunla canlı kimi danışması, ən əziz adamının son mənzilə gedişinin ağrısını yaşaması…
Rahib Babayev Sumqayıt Şəhidlər Xiyabanında dəfn olundu. Döyüşçü dostları igid mayorun məzarı başında onun qəhrəmanlıq hekayətini danışdılar. Rahib Babayev qolundan ağır yaralansa da, döyüş meydanını tərk etməmiş, yaralı halda vuruşaraq yaralanmış əsgərlərinin həyatını xilas etmiş, xeyli sayda hərbi texnika və düşmənin canlı qüvvəsini məhv etmişdi.
Rahibsiz keçən iki il… Aygün başını uşaqların qayğılarıyla qatmağa çalışsa da, içindəki ağrı onun bütün dünyasını sarır. O dünya ki, orda Rahib var, onunla sevincli-kədərli xatirələri var.

İgid komandirin ləyaqətli ömür-gün yoldaşı içindəki ağrıya rəğmən addımlarını torpaq üzərində daha inamla, daha qürurla atır. Çünki bu torpaq Rahiblərin çiynində ucalır.
Şəhid mayorun üç yadigarı- Mələk, İbrahim və Əli atalarının yüksəldiyi zirvənin gerçəkliyini anlayır və onu məzarında ziyarət edəndə ağlamırlar. Əksinə, başlarını dik tuturlar: “Ata, biz səni çox tez itirdik. Amma sən bizə çox şey öyrətdin. Vətəni, bayrağı sevməyi sən bizə öyrətdin. Biz hiss edirik ki, sən bizim yanımızdasan. Biz səninlə fəxr edirik, ata”.
Rahibi xəyalən qaytarmaq üçün Aygün xatirələrə sığınır. Sanki qopmuş bir bütövün hissələri kimi hər şey fikirlərində bir yerə cəmlənir. Hər an bir əbədiyyət kimi görünür: Əshabi- Kəhfi ziyarət etmələri, bu qədim ziyarətgahın möcüzəli gözəlliklərinə heyran olmaları, birlikdə niyyət tutmaları… Və Rahibin vaxtdan uca sözləri: “Sevgidə ölməzlik var, sevənlər ölmür, yalnız əbədiyyət yuxusuna gedir”.
Mənbə: Azərbaycan.media
