/Bu gün böyük söz sahibi, dahi yazıçı, ədəbiyyatşünas, alim, Əməkdar İncəsənət Xadimi Mir Cəlal müəllimin anım günüdür. Ruhu şad olsun!\
Yaşadığımız həyat acılı-şirinli xatirələrlə doludur. Bu xatirələr heç zaman unudulmur, tez-tez xatırlanır.
Və nə yaxşı bu xatirələr var.
Bizə tanıdığımız və tanımadığımız adamları daha yaxından tanıdır.
Qarşımda nəfis tərtibatla çap olunmuş bir kitab var. Bu kitab böyük insan, görkəmli yazıçı və ədəbiyyatşünas, alim Mir Cəlal Paşayevin anadan olmasının 90 illiyinə həsr edilib.
Kitabın tərtibçisi və ön sözün müəllifi, filologiya elmləri doktoru, professor, xalqımızın görkəmli ziyalısı Teymur Əhmədovdur.
Çox maraqla oxunan bu kitab görkəmli alim, nasir və pedaqoq Mir Cəlalın həyat və yaradıcılığından bəhs edir. Burada onu yaxından tanıyanların xatirələrində müasir Azərbaycan ədəbiyyatının bünövrəsini qoyanlardan biri olan ədibin keçdiyi çətin və şərəfli ömür yolu əks etdirilir.
Tərtibçi hazırda haqq dünyasında olan professor Teymur Əhmədov ön sözdə haqlı olaraq yazır ki, “Mir Cəlal bütün şüurlu həyatı boyu yüksək vətəndaşlıq borcunu yerinə yetirərək milli mədəniyyətin, ictimai – ədəbi və pedaqoji fikrin inkişafı uğrunda fədakarlıq nümunəsi göstərmişdir…”
Ön sözün müəllifi qeyd edir ki, Mir Cəlal bədii yaradıcılığı ilə elmi, ədəbi-tənqidi yaradıcılığını qoşa davam etdirmiş, müəllim, elmi rəhbər olmuşdur. Onun yetirdiyi onlarla elmlər doktoru, professor ali məktəblərdə mühazirələr oxuyur, elmi-tədqiqat müəssisələrində çalışır.
Mir Cəlal Paşayev sözün həqiqi mənasında adı böyük hərflərlə yazılası insan idi. Alimliyi, görkəmli nasirliyi, pedaqoqluğu ilə yanaşı, bir insan kimi imkansızlara, çətinliyə düşənlərə arxa-dayaq olması, bacardığı qədər köməkliklər göstərməsi onu el gözündə daha da ucaltmışdı. Bu çoxsaylı xatirələrdə də geniş əks olunur.
Kitabda Mir Cəlal müəllimlə birgə çalışmış, onunla eyni dövrdə yaşamış, ondan həmişə sonsuz qayğı və diqqət görmüş ədib dostlarından, tələbələrindən Qılman İlkinin, Bəxtiyar Vahabzadənin, Balaş Azəroğlunun, Pənah Xəlilovun, Firudin Hüseynovun, Nəriman Həsənzadənin, Qara Namazovun, İsa Hüseynovun, oğlu Hafiz Paşayevin… xatirələri xüsusi maraqla oxunur. Bu xatirələrin hər birində bu böyük şəxsiyyətin 70 illik ömrünün müəyyən anları xatırlanır.
Xatirələrdəki onun yüksək insani keyfiyyətlərindən bəhs edən məqamlar böyük ədibimizi, görkəmli alimimizi bizə daha çox sevdirir.
Mir Cəlal müəllim zəngin bir həyat yaşamışdır.
Sıravi müəllimlikdən, görkəmli alimliyə, samballı roman və povestlərin müəllifliyinə qədər şərəfli bir yol keçmişdi.
Böyük bir dövrü əhatə edən bu illərdə görkəmli ədibin, ədəbiyyatşünas alimin silinməz izləri qalmışdı.
Bizim yaş dövrünün uşaqları onu “Bir gəncin manifesti” romanından sevmişdik. Əsərdə Sona arvadın söylədiyi “itə ataram, yada satmaram” ifadəsi dilimizin əzbəri olmuşdu.
Yazıçı Qılman İlkinin xatirələrində oxuyuruq: “… Mir Cəlal yumuşaq və mülayim təbiətli bir adam idi. Astadan danışardı. Biz tələbələr bir dəfə də olsun onun qəzəbləndiyini və yaxud səsini ucaltdığını nə görmüşdük, nə də eşitmişdik. O, məzə və yumoru çox sevirdi.
Bu təbiəti onun əsərlərində də hiss olunurdu.
O, bizə bir tələbə kimi deyil, yaxın dost, yoldaş kimi baxırdı…”
Bəli, belə idi Mir Cəlal müəllim.
Elə buna görə də onu tanıyan hər bir insanın qəlbində özünə abidə qoymuşdu.
Bəxtiyar Vahabzadənin xatirələrindən:
“… İnsafın olsun” sözü Mir Cəlalın qarşısındakına etirazını bildirən ən ağır sözü, təkyə – kəlamı idi… 50 illik yubileyinə biz onun şəxsi maşınında yaradıcılıq gecəsi keçirmək üçün Gəncəyə gedirdik.
Maşını oğlu Hafiz sürürdü. Yol boyu şirin söhbət edirdik. O, başı söhbətə qarışdığından maşının hansı sürətlə getdiyinin fərqinə varmırdı. Hərdən ayılıb spidometrə baxır, Sürətin saatda 80 – 90 km-dən artıq olduğunu görüncə dərhal oğluna:
– “Hafiz, insafın olsun, – deyirdi…”
Xalq şairimiz Nəriman Həsənzadə ilə söhbətimiz zamanı o, ustadı Mir Cəlal haqqında duyğulu sözlər söylədi — hətta bir şeir deməyi də unutmadı.
“Mir Cəlal Paşayev mənim sevimli müəllimim idi. Onun dərsləri, baxışları, sükutu belə öyrədici idi. Mən onun yanında sözün məsuliyyətini, ədəbiyyatın müqəddəsliyini hiss etdim. O, bizə təkcə yazmağı yox, düşünməyi, duymağı, yaşamağı öyrədirdi.”
Mir Cəlal misal çəkərdi
İş axtarma adam axtar,
Mir Cəlal misal çəkərdi.
Sonra bildim ustadımın,
Gözü niyə yol çəkərdi.
Tələbənin atasıydı,
Yerdə Tanrı sədasıydı.
“Zaçot” vaxtı qaydasıydı,
Soruşmamış qol çəkərdi.
Sayardı onu sayanda,
Hörmətə hörmət qoyanda.
Ürəyinə yatmayanda,
Əl verməzdi əl çəkərdi.
Gah xeyiri şər olardı,
Gah balı zəhər olardı.
Amma zəri zər olardı,
O zəhərdən bal çəkərdi.
“Hal-əhli” kef eləyəndə,
Özünü məhv eleyəndə.
Nəriman səhv eləyəndə,
Dərdi Mir Cəlal çəkərdi.
Tanınmış alim Əmirxan Xəlilov bir vaxt universitetdə ona dərs demiş müəllimi haqqında xatirəsini şeirlə, aşağıdakı misralarla tamamlayır:
Hər dəfə dərsində olduğumuz gün,
Şeir-qəzəl idi cah-cəlalımız.
Diqqət kəsilərdik, nə səs-səmir, ün,
Dürr-gövhər saçardı Mir Cəlalımız…
Gözü, ürəyi tox adam olub. Deyərmiş ki, mən ən yaxşı əsərlərimi İçərişəhərdə bir kiçik mənzilim vardı, orada yazmışam. Amma tanıdığı, dərs dediyi tələbələrinin sonradan münasib ev almalarına öz övladı qədər qayğı göstərərmiş.
Bu qiymətli topluda əvəzsiz xatirələrlə yanaşı, Mir Cəlal Paşayevin yaradıcılığından seçilmiş örnəklər də yer alıb. “Düzəlmədi”, “Şaftalı söhbəti”, “Təzə toyun nəzakət qaydaları” kimi satirik hekayələri bu gün də eyni maraqla oxunur, çünki bu əsərlər təkcə gülüş doğurmur — həm də cəmiyyətin dərin qatlarına işıq salır, insanın özünə güzgü tutur.
SÖZARDI: Sonda biz, oxucular, belə bir maraqlı və mənalı xatirələr toplusunu ərsəyə gətirdiklərinə görə tərtibçilərə dərin minnətdarlığımızı bildiririk. Bu cür toplular, yalnız bir ədibin deyil, bütöv bir dövrün ruhunu yaşadır. Böyük şəxsiyyətləri, görkəmli alimlərimizi, əsl ziyalılarımızı daha dərindən tanımaq, onların mənəvi irsini yaşatmaq üçün belə işlərə, belə fədakar ziyalılara həmişə ehtiyac duyulur.
Mir Cəlal Paşayevin adı yalnız ədəbiyyat tariximizdə deyil, həm də milli yaddaşımızda bir işıq kimi yaşayır. Onun irsi — həm yazdıqları, həm yetişdirdikləri — gələcək nəsillərə yol göstərən mənəvi mayakdır.
Müəllif: Fuad Biləsuvarlı
AYB və AJB üzvü
Prezident mükafatçısı
Həsən bəy Zərdabi mükafatçısı
Mənbə: Azərbaycan.media
