🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sərvaz Hüseynoğlunun şeirləri

Üzünü görüncə mən bu dünyanın

Ərk yerim çox idi ərk eyləyincə,

Utandım səhvimi dərk eyləyincə.

Mən ki, bu dünyanı tərk eyləyincə

Gedib o dünyanı görüb qayıtdım.

 

Düzüydü, səhviydi – bu yolu getdim,

Qəlbimi düzlüyə su yolu etdim.

Qərib durna yolu, qu yolu etdim,

Gedib o dünyanı görüb qayıtdım.

 

Çəkdim hesabını hər ötən anın,

Gördüm uduzmuşam… daha nə danım…

Üzünü görüncə mən bu dünyanın

Gedib o dünyanı görüb qayıtdım.

 

Geriyə dönməyib neyləyəcəkdim?

Qayıtdım, bir özgə yolum yoxuydu.

Kimi öz yolundan eyləyəcəkdim?-

Yağışım, leysanım, dolum yoxuydu…

 

Uddum bu nahaqqı, ölümüm haqdı,

Gözümdə təəssüf şimşəyi çaxdı…

Yumruq vurmaq üçün çevrilib baxdım,

Qələmə dönmüşdü, qolum yoxuydu…

 

Nədən qorxuramsa

Nədən qorxuramsa – yol yoldaşımdı,

Nədən çəkinirəm – məndə yaşayır.

Məsələn, nəfəsim, məsələn, canım –

Hərəsi bir məzhəb, dində yaşayır.

 

Birinə doğmayam, mininə yadam,

Bir doğma imzayam, bir qərib adam.

Tanrı elə çaşıb, bilmir ki, adam

Kimdə unudulub, kimdə yaşayır…

 

Azərbaycan.media