Gözələ
Şair gərək şeirini
Yaza bu şən gözələ.
Göydən gələn mələyə,
Gülü gülşən gözələ.
Güləndə bahar olar,
Görən bəxtiyar olar,
Tanrı özü yar olar
Eşqə düşən gözələ.
Sevgisi olan gəlsin,
Qadasın alan gəlsin,
Ağ atlı oğlan gəlsin,
Versin nişan gözələ.
O mənim gülüm olsa,
Dözərəm zülm olsa,
Yolunda ölüm olsa,
Qıyaram can gözələ.
Həsrətində qalmışam,
Bulud kimi dolmuşam,
Mən vəfasız olmuşam?
Sevgin, haçan gözələ?
Qız, sabahın xeyir olsun
Bu açılan al səhərdə,
Qız, sabahın xeyir olsun.
Bənövşəni şehli-şehli
Üz, sabahın xeyir olsun.
Bağ-bağçaya düşsə yolun,
Ürək açar xoş əhvalın,
Çəmənlikdə ayaqyalın
Gəz, sabahın xeyir olsun.
Belə baxma, belə mənə,
Nə istəsən, söylə mənə,
Hərdən, gözəl, eylə mənə
Naz, sabahın xeyir olsun.
Tanrı ola yar gözələ,
Məhəbbətim var gözələ.
Sevgin, belə bir gözələ
Yaz, sabahın xeyir olsun.
Məni sevəcəksən öləndən sonra
Ölüm gətirəcək səadətini,
Ümidlə boylanma gələn sabaha.
Öləndə tapacam məhəbbətimi,
Ölünün qiyməti diridən baha.
Məni sevəcəksən öləndən sonra.
Gəncliyim həsrətin odunda yanıb,
Hicranın dadını çəkənlər bilər.
Gündüzlər başının üstə dolanıb,
Yuxuna gələcək ruhum gecələr,
Məni sevəcəksən öləndən sonra.
Tellərin siləcək alın tərini,
Doğmalar yad olub səndən qaçacaq,
İsladıb zil qara kirpiklərini,
Göz yaşın gözündə çiçək açacaq.
Məni sevəcəksən öləndən sonra.
İllər gətirəcək yaş üstə yaşı,
Bu sirri qəlbində saxlayacaqsan.
Həmdəmin olacaq bir məzar daşı,
Önündə diz çöküb ağlayacaqsan.
Məni sevəcəksən öləndən sonra.
Yandırdın hicranın odunda məni,
Çıxmadıq sevginin sınaqlarından.
Başdaşım köksünə sığacaq səni,
Öpəcək şeh düşmüş yanaqlarından
Məni sevəcəksən öləndən sonra.
Hələ ki, ömür elə sən gülə-gülə,
Hələ yetişməyib sənə bəd xəbər.
Əzizim taleyim yazılıb belə,
Mən diri bədbəxtəm, ölü bəxtəvər.
Məni sevəcəksən öləndən sonra.
Azərbaycan.media
