🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ay ürkək baxışlı – Sona Vəliyevanın şeirləri

BU UŞAQLIQ MƏNİMDİ

 

Uşaqlığını uşaq ikən ehtiyaca

xərcləyən adam.

Uşaq ikən böyüyən, böyükləşən

Zəhmətin, ehtiyacın kürəsində

bişən adam,

İçimi sözlərin göyüm-göyüm

göynətdi.

Alnına uşaqlığı doğulmazdan

əvvəl yazılmayan

adam.

Övladına özün uşaqlığını

calaq edib, uzatmaq

istədin.

«Uşağın uşaq qəlbini sıxma» –

dedin.

Gözlərində nisgilli üsyan

gördüm.

«Bu mənim uşaqlığımdı»-

dedin.

Mənim alınmayan oyuncaqlarıma,

Gözüm qalan güllü köynəyimə

Gəlib çıxmayan ata payıma.

Ömrümə yazılmayan uşaqlığıma,

Sən Allah toxunma, dedi gözlərin.

İçində solan qönçə-qönçə

arzuların gördüm təzədən

çiçəkləyir,

toxunmağa haqqım çatmadı

Bir ata həsrəti, ata zəhmi

övlad istəyiylə qucaqlaşdı.

Donub qaldım.

Ehey, qadınlar, analar,

Göylər parça-parça olar,

Hey dağılar.

Ya da ən böyük günah

sayılar.

Atasız böyüyən ataların

övladının qəlbinə toxunmayın,

siz Allah.

 

ŞİRİN ÇİÇƏK

 

(Qızım Səfiyəyə)

 

Ömrümə gəlişi bahar vaxtıdır,

Çiçəklər içində öz çiçəyimdir.

Taleyə yazılan tanrı baxtıdır,

Lalə çiçəyimdir, qız çiçəyimdir.

 

Bu da bir qismətdir, bal dadındadır,

İlıq arzuları içində min-min.

Balalar onsuz da bal dadındadır,

Çiçək şirinliyin mən indi gördüm.

 

Ay ürkək baxışlı körpə çiçəyim,

Sən hansı nağıldan çıxıb gəlmisən?

Sən mənim ömrümə gələnə qədər.

Necə yaşamışam, hardan biləsən?

 

Dünyanın sərvəti, varı, dövləti,

Bu çiçək balanın telinə dəyməz.

Dünya gözlərində gülüşdü hələ,

Qayğılar hələ ki, eyninə gəlməz.

 

Ay şirin çiçəyim, ay qız çiçəyim,

Gəlişin evimə gətirib bahar.

Hər ağac bir çiçək bitirməyibsə,

Dünya məhvərindən qopar, dağılar…

 

ADİ QAYĞILARDAN BEZMİŞƏM DAHA

 

(Ömür-gün yoldaşıma)

 

Adi qayğılardan bezmişəm daha,

Gəl günün özündən gün oğurlayaq.

Aşaq yaş həddini, ömür həddini,

Bircə gün bir başqa ömür yaşayaq.

 

Yağışa, küləyə, qara qoşulaq,

Çıxaq adiliyin çərçivəsindən.

Bir ömrün, bir evin qayğı selindən,

Qohum küsüsündən, dost gileyindən,

Köç edən quşlara qoşulaq gedək.

 

Bir girdə dünyanın çevrəsin aşaq,

Yuxu tək, nağıl tək sirrə bələnək.

Unudaq bəndəlik qayğılarını,

Bircə an ağaca, çiçəyə dönək.

 

Görək, hansı ömür daha gözəldir,

Görək hansı ömür daha bəxtəvər.

Ağac da, çiçək də dərd çəksə, onda

Ağac ol, insan ol, nə fərq eləyər?

 

Div canı saxlanan şüşədir ruhum,

Qorumaq sənə də, mənə də əzab.

Qeybətdə, qayğıda itib batarıq,

Bir ömrün adilik səddin aşmasaq.

 

Narahat ömrümə sığmayan ruha,

Qərib yolçu kimi məkan gəzirəm.

Mənə qoşulmağın bəlkə gərəksiz,

Möcüzə axtaran səyyaham vallah,

Özümə qoşmağa insan gəzirəm.

 

PƏNCƏRƏ İŞIĞI, QADIN BAXIŞI

 

Pəncərə işığı, qadın baxışı,

Yollardan yığılmaz, nigaran qalar.

Hardasa bir kişi yol gələr evə,

Hardasa bir qadın qəlbi intizar.

 

Ürəyin işığı yollara mayak,

Gözün mükafatı tez gəliş olar.

Sədaqət, məhəbbət ən böyük sərvət,

Ehtiyac ən kiçik umacaq olar.

 

Hələ yozulmayan çox sirlər yaşar,

Bu qədər doğmalıq özü də sirdir.

Qız ikən dünyaya sığmayan gözəl,

Qadınkən evinin pərvanəsidir.

 

Pəncərə işığı, qadın baxışı,

Hardasa bir kişi qazanc dalınca.

Bəzən də xəyanət ocaq söndürür,

Bir qadın ağlayır yol ayrıcında.

 

Gözləri yollarda, qulağı səsdə,

Əzizlər sevgisin körpəsi kimi.

Min suçun üstündən bircə an keçib,

Udar sirlərini öz səsi kimi.

Qadınlar, qoruyun kişiləri siz,

Bir evə dirəkdi, işıqdı onlar.

Kişilər, ucaldın sevginizi siz,

Sonuncu qadınla dünya qurtarar.

 

Azərbaycan.media