🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Polkovnik… General… Paşa!

“Qoridən gələn qatar” getdi…

Şəmistan Nəzirli bu gün Üzeyir Bəyin ad günü münasibətilə keçiriləcək tədbir üçün getdiyi doğma torpağında – Qazaxda qəflətən gözlərini bu dünyaya yumdu…

12 avqustda Bakıda onun 83-cü doğum gününü qeyd etmişdik. Tanınmış ziyalıların iştirak etdiyi o gözəl məclisdə bilsəniz necə mutlu idi, necə bəxtəvər idi. Nəvəsi ADA universitetinə qəbul olunmuşdu, akademik Nizami Cəfərov, professor İlham Pirməmmədov, filologiya elmləri namizədi Məti Osmanoğlu, Elçin Şıxlı və digər dəyərli insanlar Şəmistan müəllim haqqında, onun hərb tariximiz haqqındakı fundamental əsərləri haqqında gözəl sözlər sərf etdilər.

Masabəyi mən idim, onun “Qoridən gələn qatar” povesti haqda danışıb, Şəmistan müəllimin rütbəcə polkovnik-leytenant olsa da, bizim Könüllərimizin Generalı, Hərb Tariximizin Paşası adlandırmışdım. Uçurdu sevincdən, bilsəniz, necə maraqlı söhbətlər etdilər dostlar, onun Səməd Vurğun sevgisindən danışdılar.

Könüllərimizin Generalının haqqında yazdığı, tədqiq etdiyi əfsanəvi hərbiçilərimizə bir baxın:

Generalllar

Əli Ağa Şıxlinski, Səməd Bəy Mehmandarov, İbrahim ağa Vəkilov, Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Cəmşidxan Naxçivanski, Həbib Bəy Səlimov, Murad Gəray Bəy Tlexas, Əbdülhəmid Bəy Qaytabaşı, Məmməd Bəy Sulkeviç, Firudun Bəy Vəzirov, Yadigarov qardaşları və digər görkəmli hərbiçi və komandanlarımız haqqında onlarla kitab və minə yaxın məqalə yazmışdır.

Bir çoxları kimi mən də bu generalların çoxu haqda ilk məlumatları Şəmistan Nəzirlinin araşdırmalarından öyrənmişəm. Bu yorulmaz tədqiqatçı və yazarın nə az, nə çox, düz 42 (!) kitabı var. Şəmistan müəllim kitablarını çay içə-içə, rahat yazı masası arxasında yazmayıb. O, kitablarını şəhər-şəhər, ölkə-ölkə gəzərək, tozlu arxivlərdə, əski bir foto-şəklin, nadir arxiv materialının izindən düşüb, aylarla sürən gərgin axtarışlar sonrası ərsəyə gətirib…

Bir başqa idi Paşamız o gün. O dərəcədə yaxşı hafizəsi var idi ki, çıxışçıların danışıqlarına bilsəniz, nə qədər düzəliş və əlavələr etdi…

Canlı ensiklopediya idi, gedişi ilə böyük və yeri doldurulamayacaq boşluq yaratdı…

Məclis bitdi, ayağa qalxdıq.

Ancaq o getmək istəmirdi.

Ərklə məni yanına çağırıb dedi, “gəl şəkil çəkdirək, ancaq söz ver ki, 85 yaşımda da məclisi sən idarə edəcəksən”.

Mən də “nə 85, 90-nı da bir olcağıq” dedim.

Şəkil çəkdirdik və…

Allah sənə rəhmət eləsin, Şəmistan Paşa!

 

Müəllif: İbrahim Nəbioğlu

Azərbaycan.media