🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ayaz Arabaçının şeirləri

Pozulub Tanrıdan gələn naxışlar,
Nifrətə çevrilib qanlı baxışlar,
Damır təpəsindən qara yağışlar,
Fərli ev də yoxdur, eşik də yoxdur.

Nə söz var, qulaqda sırğalamağa?
Başlayın di görək, zırvalamağa..
Yığıb xəyalları yırğalamağa,
İçimdə bir isti beşik də yoxdur.

Gəlib bu torpağa düşmüş əsirəm,
Məni bilən bilir, kiməm, nə sirəm,
Bir həsir, bir də ki, Məmmədnəsirəm,
Adıma bir dənə yeşik də yoxdur.

Gah tavan ağnayır, gah pol oynayır,
Köhlən meydanında Pit Pull oynayır,
Cibimdə siçanlar futbol oynayır,
Hakimlik etməyə pişik də yoxdur.

Qarışıb şəhərdə acı-şirinə,
Sabun çatdırmırıq dərdin kirinə,
And olsun “müqəddəs” deşik pirinə,
Girməyə bir dənə deşik də yoxdur..

Ya ölkə qürbətdi,ya da biz qərib..
Canım sıxıntılı, könlüm müztərib,
Payız bir balaca burun göstərib,
Qaz da kəsilibdir, işıq da yoxdur.

Keçid dövrüdü,çoxdan-
Aza keçid dövrüdü..
Qışı yola salmışıq,
Yaza keçid dövrüdü..

Uzaq düşmə modundan,
Yapış sözün codundan,
İndi birbaş odundan,
Qaza keçid dövrüdü.

Xeyir tapmaz şər gələn,
Cərgələn ey,cərgələn..
Başımıza hər gələn ,
Qəza keçid dövrüdü.

Ömür vidsiz-fasonsuz.
Gözümüzdə su sonsuz,
Çəkdiyimiz bu sonsuz,
Cəza,keçid dövrüdü.

Qurmuşam sözdən qala,
Vurmuram mıxa-nala,
Yəni ki,pazdan bala,
Paza keçid dövrüdü..

Mənbə: Azərbaycan.media