🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rəsmiyyə Sabirin “Söz olmuşam” şeiri

Bu dünyanın qəm sacında,
İllərlə mən qovrulmuşam.
Çiynimdəki dərd yükünü,
Daşımaqdan yorulmuşam.

O mənəm – çay kimi axan,
Yalquzaq kimi darıxan,
Özünü yandırıb yaxan,
Alışmayan köz olmuşam.

Həsrətdir qəlbimi didən,
Ömrümü şam tək əridən,
İçimdə geniş yer edən,
Bir dərdimlə yüz olmuşam.

Kim dözərdi dərdə bunca,
Yedim qəmimdən doyunca,
Gözünü açıb yumunca,
Bir də gördün söz olmuşam…

Mənbə: Azərbaycan.media