🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Günel Natiqin “Epidemiya” hekayəsi

Qocanı yoluxmağa Allahın hər günü şəhərdən kimlərsə gəlirdi.
“Bu görkəmdə Dağdağan ağacıyla görüşməyə necə gedim?” – deyə sitəm edən Qoca ziyarətçiləri ilə qabaq-qənşər oturmalı olurdu.
Gələnlər onun hər cizgisini, hər baxışını, hətta nəfəsinin titrək axarını belə yadda saxlamaq istəyirdilər. Onlar artıq yazacaqları xatirələri, nekroloqları düşünürdülər. Qoca bunu anlayır, amma susurdu. O, səssiz-səmirsiz Dağdağan ağacı ilə xəyali söhbətlərinə davam edirdi.
Gələnlər tez-tez onu öz dünyasından ayırır, həyat, ölüm, sevgi, günah barədə soruşurdular. O isə artıq uzun-uzadı danışmaqdan yorulmuşdu. Cavabları da özü kimi qocalmış, sönmüşdü. İndi onun içində yalnız bir şey canlı idi – xəyalındakı Dağdağan ağacı.
“Sənin poeziyanda dünya çox gözəl idi. Təbiətdəki yaşıl yarpaqlar qədər! Necə oldu ki, bu qədər zalımlaşdı?” – Dağdağan ağacı ondan soruşsa, nə cavab verəcəkdi?
Qoca susurdu. Onsuz da adamlar onun dilindən yeni sözlər eşitmək üçün gəlmirdilər. Onlar sadəcə toxunmaq, bu toxunuşdan bir az istilik, bir az da xatirə götürmək istəyirdilər. Ölümə gedən bir yolun son dayanacağında bir anlıq dayanıb nəfəs almaq istəyirdilər.
Onu beləcə itirmək istəmirdilər. Ona görə də arı pətəyə yığışan kimi başına yığılırdılar.
Qoca üçün ən ağır anlar xatirə fotoları çəkiləndə olurdu. İnsanlar tələsirdilər. Bəlkə də bu, son şans idi. Ona görə bir deyil, iki deyil, onlarla poza istəyirdilər. Qocanı gah sağa, gah sola çevirir, onun gücsüz başını istədikləri kimi yönəldirdilər.
Qoca bu vaxt özünü heç vaxt olmadığı qədər zəif hiss edirdi.
Obyektivə baxmağı rica edirdilər, bəzən bir az sərt səslə. Çünki Qoca tez-tez öz aləminə dalırdı.
Amma Qoca üçün bunun artıq fərqi yox idi. Çünki şəkillərin hamısında o eyni idi- çarəsiz. İnsanlar isə hər zaman eyni cür gözəl düşürdü.
O, bu fotolara baxmırdı. Baxmaq istəmirdi. Çünki orada təkcə öz çarəsizliyini yox, insanların gözlərindəki o anlaşılmaz kədəri də görürdü.
Bir vaxtlar sözü keçən adam olmuşdu, yüksək məqamlar görmüşdü. İndi isə fotoların mərkəzində bir xatirəyə çevrilirdi.
Amma zaman onu hər şeyə alışdırmışdı. Hətta obyektivə baxmağa da…
Günlər keçdikcə Qoca bir az da taqətdən düşürdü. Amma onun nəfəsi azaldıqca yanına gələnlərin sayı çoxalırdı. Hamı, sanki gecikməkdən qorxaraq, onunla görüşməyə can atırdı.
Nəticədə, artıq demək olar ki, onunla şəkil çəkdirməyən qalmamışdı. Şəkli olmayanlar da tərəddüd içindəydilər:
Bəlkə… Bəlkə hələ də gec deyil…
Qoca o qədər əldən düşmüşdü ki, sağ olduğu bir möcüzə kimi görünürdü. Bəlkə də elə buna görə onun ölüm xəbəri tez-tez yayılırdı.
Hər dəfə bu xəbər gəldikdə, onunla şəkil çəkdirməyə macal tapanlar bir qədər rahatlayır, görüşə bilməyənlər isə içini çəkirdi:
Bəlkə…
Və hər dəfə ölüm xəbərinin yalan olduğu üzə çıxanda, kəndə onunla görüşə gedənlərin sayı daha da artırdı. Onu sağ-salamat görənlər pıçıldayırdılar:
“Şükür, bu günü də gördük…”
Qoca hələ də özündə güc tapıb ölümə müqavimət göstərirdi. İki ildir ki, onu çökdürən ağır xəstəlik bədənini zəiflətmişdi, amma iradəsini sındıra bilməmişdi.
O isə düşüncələrində Dağdağan ağacına boylanırdı. Bir vaxtlar şeirlər qoşduğu, varlığına pənah apardığı ağac. O ağac ki, Qoca ona bu görkəmdə gedib-görünməkdən utanırdı.
Dünya isə böhran içindəydi. Hər gün yeni xəbərlər yayılırdı: ölüm xəbərləri, itkilər, izsiz yoxa çıxan insanlar… Əvvəlcə inanmadılar. “Dünya genişdir, bizə toxunmaz” – dedilər.
Amma sonra dünya bir ovuc yerə çevrildi. Epidemiyanın ayaq səsləri artıq hər küçədən, hər kənddən eşidilirdi.
Ölənlərin sayı durmadan artırdı.
Daha qəribəsi o idi ki, ölənlər yoxa çıxırdı. Onların adları, şəkilləri, xatirələri… sanki epidemiya təkcə canları deyil, izləri də özüylə aparırdı.
Sanki hər şey qurban verilmişdi.
Hətta xatirələr də…
Ucqar kənddəki xəstə yatağında təkliyinə bürünmüş Qoca isə yanına gələnləri bir-bir xatırlayırdı. Onların baxışlarını, təbəssümlərini, susqunluqlarını…
İndi o, onların yolunu gözləyirdi. Və gülümsəyirdi.
Çünki hamısı burada idi ; baxışlarında, xatirələrində, hafizəsinin dərinliklərində. Onlar öz gülüşlərini, hüznlərini, ölüm haqqında pıçıldanan fikirlərini ona yadigar qoyub getmişdilər.
Və indi, Qocanın edəcəyi sonuncu şey qalmışdı – Dağdağan ağacına yollanmaq.
Onunla üz-üzə dayanmaq, gözlərinə baxmaq, illər boyu demək istədiyi sözləri pıçıldamaq.
Artıq dünya ona dar gəlmirdi.
Artıq o, bu kiçicik dünyadan qorxmurdu…
Mənbə: Azərbaycan.media