***
keçən o yolçuya ovcunda su ver,
dindirsən deyəcək ürəyim yanır…
necə bir dözülməz yer olubdu yer,
ay köksümdə ürək,
ürəyim yanır…
baxma ki, ağaclar ucalır göyə,
yenə meyilləri yerədi, bilsən.
hər şey torpaq üstdə,
gözünlə gör də,
özünə bir yerdə yer edir, bilsən…
dağlar da
yerindən sürüşməz azca,
bir qarış uzağı gözə almazlar…
dözümdə bir daş ol, ya da ki, qaya,
doğma yerlər üçün ayağın sızlar…
ÜRƏYİ deyirəm, ÜRƏYİ
ürəyin axırmı bir sözə sarı,
sən
başdan-ayağa qəribəliksən…
dibinə düşərsən uçurumların,
bax, özün özündən əlini çəksən…
olanın bir yoldu, gedirsən onu,
əsla həqiqəti kimsə danmasın;
vicdan bir incidi, itirsən onu,
elə et bu odda ürək yanmasın…
sızır bir çeşməyə doğru ürəyin,
alnını söykəyir bir damlasına…
ovcunda külü var neçə diləyin,
təki bir nəfəsdən dağılmasın da…
sən ki bələdsən ha
duyğularıma-
anma, xatırlama məni bir daştək;
qoy döyünsün elə ürəyin, amma
heç vaxt çırpınmasın yaralı quştək…
yoluna ən yumşaq otlardan döşə,
qanla işləsə də, bəslənmir qanla;
Mayası sevgiylə yoğrulubdu, hə-
ürəyi deyirəm ürəyi, anla…
***
Dağ kişini əridiblər mum kimi,
eləyiblər bir sümük, bir dəri, bax.
Ah-ufdadı uşaqları, qadını,
yaşamağın ta gedibdi suru, bax…
Sanki başı keçirilib nizəyə,
görənlərin canı düşür lərzəyə…
Bir rahat yer axtarırkən ölməyə,
ümid verir ona günün nuru, bax;
Yenə duyur çətinlikdə, dardadı,
nəfəsini güclə alır, zordadı…
Dediyim kəs hayandadı, hardadı,
gözünü bir dolandırıb bəri bax…
BİR ANIN şeiri
Yarpaqlar nəmlənib, qalmamış kimi
azca möhkəmliyi budaqların da;
Elə bil əllərim kövrəldi birdən,
əl vurdum, islandı barmaqlarım da…
Səhəri açıblar dirigözlü, hə,
ağaclar itirib yuxularını…
Həsrətlə döyünən ürəklərsayaq
bulaq gizlədəmmir duyğularını.
Güllər qulağında qoy sırğa etsin:
-bir də gözlərinə şeh yığmasınlar…
İpək kimi yumşaq otlara bax bir;
qoy gəlib ovcumda bitsinlər onlar!..
HAQQIN QİSASI
Fikrin tamamlanıb yarımçıq qaldı,
gördün ki, paradı əlində bütöv…
Əvvəldən başladın yolu bitirib,
gündə yanıbdımı qaralmış kösöv…
Sözün qısasıymış uzun bir ömür,
haqqın qisasıdı haqsızlıqlar, bax…
Oyaqkən görürsən ağır yuxular,
quyuya bir damla su at, daşacaq…
Yaxın gəl, bir dayan uzaqlığımda,
payından götürüm üstünə gəlsin…
Bir az sükutunu dərinləşdir də,
kimsə eşitməyib səsinə gəlsin…
Azərbaycan. media
