🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Günel Natiqin “Darıxmaq ağrısı” adlı hekayəsi

Azərbaycan.media Günel Natiqin “Darıxmaq ağrısı” adlı hekayəsini təqdim edir:
Gözlərinin ağı-qarası bircə oğullarını da qəzada itirəndən sonra qoca ilə qarının tək işi darıxmaq olmuşdu.

Evin otaqları geniş, amma ruhsuz idi. Elə bil nəfəs almağa belə ərinirdi. Basırıq əşyalar, ağır mebellər adama tərəf gəlir, pıçıltıyla yalvarırdılar: “Aparın bizi burdan.”

Məscid genişliyində bir ev; amma sanki Allah da yox idi burada.

Qarı biş-düşü bilmirdi, heç vaxt öyrənmək məcburiyyətində qalmamışdı. Həftədə bir dəfə gələn xidmətçi evin işlərini görür, xörəklər bişirib gedirdi. Bir həftəlik bişirilən yeməklər də bu evdə darıxmağa məhkum idi; soyuducudan çıxarılıb süfrəyə gələcəkləri günü gözləyirdilər.

– Birinci gün küftə yeyəcəyik, ikinci gün kələm dolması, üçüncü gün yarpaq dolması…

– Yarpaq dolmasını üçüncü gün yeyəcəyik? – qoca hər dəfə eyni sualı verirdi.

– Üçüncü gün. – Qarı qərarlı səslə deyirdi. İndi bu kiçik qaydalar ona həyatın yeganə düzəni kimi görünürdü.

Birinci gün küftə darıxırdı, ikinci gün yarpaq dolması, üçüncü gün kələm dolması… Soyuducunun basırıq rəflərində, boşqabların dibində darıxırdılar. Tez yeyilmək və bu darıxmaqdan qurtulmaq istəyirdilər.

Bu evin tənhalığı da özü qədər böyük idi. Üç nəfərlik ailə idilər: ata, ana, oğul.
Üç nəfərlik arzular… Üç nəfərlik sevinclər… Üç nəfərlik həsrət…

Oğullarını heç kim əvəz edə bilmirdi, heç kim onların həyatına girmirdi.

Bir dəfə qoca həyətdən pişik tapıb gətirdi. Amma bu, zavallı heyvan üçün cəza oldu. O da onlar kimi darıxmağa məhkum idi. Pəncərənin qabağında saatlarla oturub həyətin, digər pişiklərin iyini alırdı. Sonra başını pəncərənin kənarına qoyub yuxuya gedirdi; yəqin yuxusunda bu evdən qaçdığını görürdü.

Amma bir gün darıxmağa nifrət elədi. Dözmədi. Özünü pəncərədən atdı.

“Pişik həmişə dörd ayağı üstə düşər”, – qoca ilə qarı özlərini inandırmaq istədilər.

Amma pişik buna inanmadı. Doğrudan da öldü.
Bəlkə onun üçün belə daha yaxşı idi…

İndi qoca ilə qarı yenə ikilikdə darıxırdılar.

– Sarı oğlan gələcək ha… – qoca dilləndi.

Sarı oğlan kənd toyuğu gətirirdi. Hər gəlişində nə iləsə zarafat edir, onları güldürürdü. Əslində, satdığı toyuqları almaqları üçün edirdi bunu. Amma onlar üçün fərqi yox idi. Bir az da olsa gülmək, bir az da olsa unutmaq bəs edirdi.

Sarı oğlan gedəndən sonra yenə darıxırdılar. Və onun yenidən gəlişini gözləyirdilər.

– Sarı oğlan nə dedi? – qoca soruşurdu.

– Dedi ki, çil toyuqla qara toyuq əməlli-başlı dalaşıb… – qarı uydurulmuş bir hekayənin içinə girirdi.

– Gör ha… – qoca özünü gülən kimi göstərirdi.

– Həə… Sarı hirslənib, ikisini də tutub kəsib.

– Onda da xoruz üstünə gəlib, xoruzlanıb…

Sarı oğlanın növbəti gəlişinə qədər bu kiçik uydurma hekayəni min cür təkrarlayır, min cür danışırdılar.

Bəlkə də Sarı oğlanın hinində nə çil toyuq vardı, nə də qara toyuq. Bəlkə də uşaq başı aldadar kimi aldatmışdı onları. Amma indi onlar da uşaq kimi bir-birinin başını qatırdılar.

Onların həyatında rəng yox idi. Günlər bir-birini təkrarlayır, saatlar səssizcə axırdı, amma zamanın onlara dəxli qalmamışdı.

Heç nədən zövq almırdılar. İnsanları sevmirdilər. Təbiətə baxmırdılar.
Gözəllik deyə bildikləri tək şey daş-qaş, qızıl, almaz, firuzə idi.

Və indi əşyalar da susmuşdu.

Otaqların dərinliyində, dolabların qaranlığında sükuta qərq olmuş daş-qaşlar, bəzək əşyaları, qızıl bilərziklər… Heç biri sahiblərinə yiyə durmurdu. Halbuki qadın ömrünü onlara həsr etmişdi: bir-bir seçmiş, almış, sevmiş, qorumuşdu.

İndi isə o əşyalar da ev sahibləriylə birlikdə darıxırdı.

Dolabların ən məhrəm yeri daş-qaşların ixtiyarında idi: almazlar, brilyantlar, yaqutlar, firuzələr…

İllərlə qaranlıq guşələrdə gözləyən bu sükut dolu sərvət heç vaxt sahibinin barmağını isidə bilməmişdi. Heç vaxt bir doğmanın əlində parıldamamışdı.

Onlar sevgini, insanları, təbiəti deyil, əşyaları sevdilər. Və indi o əşyalar kimi donub qalmışdılar.

Bir zamanlar hamıya sədd çəkmişdilər, indi isə özləri həmin səddin içində kilidlənmişdilər.

Darıxırdılar.
Və əşyalar da onlarla birgə darıxırdı.

– Sarı oğlan gələcək ha… – qoca yenə dilləndi.

Qarı düşündü. Bəlkə kiçik bir qaşlı üzüyü Sarı oğlanın qızına versin? Axı qızının ad günü idi…

Onsuz da bu evin, bu daş-qaşların axırı necə olacaq, kim bilir? Oğulları sağ olanda onları itirməkdən qorxurdu. Amma indi qorxmurdu.

Artıq heç bir hiss qalmamışdı. Nə qorxu, nə sevinc.
İndi yalnız darıxmaq vardı. Əzabla, ağrıyla, ağır-ağır darıxmaq…

Əvvəllər ər-arvad ticarət obyektində çalışırdı. Kişinin pul qazanmaq bacarığı, qadının isə pul hərisliyi bir-birini tamamlayırdı. Bəlkə də onları birləşdirən təkcə bu idi. Və, əlbəttə, yeganə övladları…

O bağ qırıldıqdan sonra sabaha gedən yollar da bağlandı. Keçmişə qayıtmaq mümkün deyildi. Yer və göy arasında sıxılıb qalmışdılar.

Söhbət etmək üçün mövzu yox idi. Televizor çoxdan üzünü divara çevirmişdi; ana-bala ülfətinə dair bir kadr görən qadın dözə bilməmişdi.

Kişi də razılaşmışdı. Çünki analıq, atalıq duyğularının bircə işartısı belə o ağır itkini, o boşluğu yenidən canlandırırdı.

Onsuz da televizor onların zamanına yaddı.
Oğullarını itirəndən bəri zamanın nəbzi onların nəbzi ilə vurmurdu.

Qarı düşündü: bu gün ayın neçəsidir? Xatırlaya bilmədi.

Keçmişin hansısa tarixindən üzü bəri hesablamaq istədi, amma yadında bircə də olsa, parlaq gün qalmamışdı. İnsanlara aid xatirələr silinmişdi, əvəzində, əşyalar yaddaşında canlı idi.

Hər bir üzüyün, qolbağın, yataq dəstinin tarixçəsi… Necə görmüşdü, necə bəyənmişdi, neçəyə almışdı, şkafın hansı küncündə gizlətmişdi…

Qardaşıyla son görüşü on beş il əvvəl olmuşdu. Onda qardaşı qapıya gəlmişdi.

O isə könülsüz içəri buraxıb gözləmişdi: görəsən, nə vaxt sözünü deyib gedəcək?

Qardaşının həyəcan dolu baxışları, stulda sıxılaraq oturuşu, gözləntilərlə dolu sükutu…

Saatına baxmışdı — düz on beş dəqiqə idi ki, dilinin ucunda bir söz vardı, amma deməyə ürək eləmirdi.

Bunu çoxdan bilirdi. Qardaşı oğlunun xəstə olduğu xəbərini də eşitmişdi.

Qapını açmamışdan əvvəl nə deyəcəyini, necə deyəcəyini planlamışdı.

Öz dərdlərini sadalayacaq, nəfəs çatışmazlığını imitasiya edəcək, əlini ürəyinin üstünə qoyub ağlamsınacaqdı. İlk anda səhv etmişdi, əli sağ tərəfə getmişdi, amma tez düzəltmişdi.

Onsuz da qardaşı bunu görəcək halda deyildi.

Qardaşı oğlunun qəfil beyin qanaması keçirdiyini, Avropada küçənin ortasında yıxıldığını, yad əllər tərəfindən xəstəxanaya çatdırıldığını bilirdi.

Həkimlər həyatını xilas etmiş, amma xəstəxananın ödənişi edilməzsə, xəstənin evə buraxılmayacağını demişdilər.

Oğlan xəstəxanada girov qalmışdı.

Qardaşı heç ağzını açmamışdan qadın bütün bunların hamısını bilirdi; ordan-burdan eşitmişdi.

Qardaşının pul üçün onun üstünə gələcəyini də elə əvvəlcədən yəqin etmişdi. Ona görə hazır idi yalandan and-aman edib, bircə balasını “öz əliylə qəbrə qoymağa”.

Qardaşı əli ətəyindən uzun gedəndə də vicdanı sızlamamışdı. Başını rahat yastığa qoyub mışıl-mışıl yatmışdı.

Sonra eşitdi ki, qardaşı başqa qapıları gəzib, nəhayət, yəhudi qonşulardan borc tapıb oğlunu evə gətirib.

Bunu bilən kimi qardaşına zəng etmişdi:

“Kasıblığın üzü qara olsun, kömək edə bilmədim…”

Amma o gündən sonra qardaşı onu həyatından silmişdi.

Bir dəfə də bacısı gəlmişdi. Bank borcu vardı. Evini girov qoymuşdu, vaxt qurtarırdı.

Ümidi yalnız ona idi.

O isə yenə hazır idi- bacısını dinləmədən öz “dərdini” ağlaya-ağlaya danışmışdı.

Bacı onun göz yaşlarını görəndə, ümidini yığışdırıb getmişdi.

Bacı evdən çıxdıqdan dərhal sonra qadın mebel mağazasına zəng etmişdi:

“Qonağım getdi, sifarişi gətirə bilərsiniz.”

Bacısı birdəfəlik getmişdi.

Amma o, həmin dəbdəbəli mebel dəstini illərlə saxlamışdı.

İnsan doğmasını ata bilərmi?
O da atmamışdı.

Oğlu öləndə də yanlarında yalnız bu mebellər vardı.
Və başqa heç kim yox idi.

Qarı indi qardaşı üçün darıxırdı.
Bacısı üçün darıxırdı.
İnsanlar üçün darıxırdı.

Qoca da canlı təmas üçün darıxırdı.
İndi, sonuncu dəfə, əlini ürəyinə aparanda bunu anladı.

– Sarı oğlan gələcək, e, Sarı oğlan…

Amma bu dəfə qadının pıçıltısı qocanı üz qoyduğu gedər-gəlməz yoldan qaytara bilmədi.

Qarı, ərinin cansız bədəninə baxıb, ölümlə birgə darıxdı.

O özü öləndə isə yalnız ölüm darıxdı.
Çünki başqa heç kim qalmamışdı.

Azərbaycan.media