🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rəşad Məcid: Media məsuliyyəti və cəmiyyətin birliyi – çağırış və xəbərdarlıq

Son günlər sosial şəbəkələrdə məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ilə bağlı yayılan fikirlər, təəssüf ki, müzakirədən çox hiddət və qəzəb dalğasına çevrilib. Bu mənzərə cəmiyyətimizin informasiya mühitində narahatedici bir gərginlik yaradır.
Mətbuat Şurası olaraq bu tendensiyanı diqqətlə izləyirik. Artıq bir sıra profilaktik görüşlər keçirmiş, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları” çərçivəsində media nümayəndələrinə xatırlatmışıq: insanları dininə, dilinə, irqinə və yaşadığı yerə görə fərqləndirmək yolverilməzdir. Media təmsilçiləri cəmiyyətə təqdim etdikləri informasiya və fikirlərdə son dərəcə həssas olmalı, bölücülük yarada biləcək ifadələrdən çəkinməlidirlər. Sevindirici haldır ki, əksər media qurumlarımız bu məsələdə kifayət qədər ehtiyatlı və peşəkar davranırlar.
Bununla yanaşı, Mətbuat Şurası olaraq narahatlıqla müşahidə edirik ki, bəzi sosial platformalarda – xüsusilə “TikTok”da – məqsədli şəkildə bölücülük yaradan təqdimatlar yayılır. Sanki kimlərsə pusquda dayanıb, cəmiyyətin birliyinə zərbə vurmaq üçün fürsət axtarır. Bu cür yanaşmalar 44 günlük Vətən müharibəsindəki Zəfərimizi, doğma torpaqlarımıza qayıdış əzmimizi gözdən salmağa, xalqımızı “kiçik toplum” kimi təqdim etməyə yönəlmiş təhlükəli meyillərdir.
Bu səbəbdən, media sahəsində çalışan hər kəsə – jurnalistlərə, blogerlərə, informasiya yayıcılarına – müraciət edirəm: dilə gətirdiyiniz hər söz, paylaşdığınız hər fikir cəmiyyətin sabitliyinə, birgə yaşam qaydalarına və Vətənimizin inkişafına təsir edə bilər. Bu məsuliyyəti daşımaq və dərk etmək hər birimizin borcudur.
Eyni zamanda, qeyd etməliyəm ki, informasiya mühitində müşahidə olunan bu xoşagəlməz halların yalnız ictimai deyil, hüquqi qiymətləndirilmə tərəfi də mövcuddur. Əgər kimsə geniş ictimaiyyətə ünvanlanmış çıxışında nifaq və bölücülük yaradırsa, bu artıq hüquqi müstəvidə də araşdırılmalı məsələdir. Ümid edirəm ki, bu amil ciddi şəkildə nəzərə alınacaq.
Rəşad Məcid  
 Azərbaycan Mətbuat Şurasının Sədri
 Azərbaycan.media