Bu gün mənim doğum günümdür. Doğum günümlə bağlı məni təbrik edən bütün dost-tanışlara təşəkkürümü bildirirəm. Tanrı sizi mənə çox görməsin!
1958-ci il sentyabrın 8-də Cəlilabad rayonunun Alar kəndində doğulmuşam və elə bu kənddə də yaşayıram. 1981-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU-nu), 1989-cu ildə Jurnalist Sənətkarlığı İnstitutunu, 2007-cı ildə Azərbaycan Müəllimlər İnstitutunu bitirmişəm. Müxtəlif vəzifələrdə çalışmışam, kitabxana müdiri, müəllim, İcra nümayəndəsi, hətta bank işçisi olmuşam. İndi ADPU-nun Cəlilabad filialında işləyirəm. AYB və AAB-nin üzvüyəm.
1990-1991-ci illərdə müstəqillik mübarizi kimi iki il həbsdə yatmışam. Filologiya üzrə fəlsəfə doktorluğu işimi AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutundan götürmüşəm, Folklor İnstitutunda müdafiə etmişəm. “Azərbaycan folklorunda janrdaxili dəyişmələr” adlı elmlər doktorluğu işimi Naxçıvan Dövlət Universitetindən götürmüşəm, 2023-cü ildə tamamlamışam.
Həyat yoldaşımın və övladlarımın təhsil almasına nail olmuşam. Uzun müddət həyat yoldaşımla eyni məktəbdə işləmişik. Böyük oğlum Şaiq Hüseynbəyli məsul bir vəzifədə çalışır. Ortancıl oğlum Faiq Hüseynbəyli isə AYB üzvüdür və 15-ə yaxın kitabı işıq üzü görüb. Kiçik oğlum Afiq Hüseynbəylinin Pakistan-Azərbaycan ədəbi əlaqələrinə dair monoqrafiyası çap olunub.
Gənc yaşlarımda yaşadığım bölgədə “Nöqtələr” ədəbi qrupunu yaratmışam və eyni adda səkkiz toplu çap etdirmişəm. Qırx elmi və bədii kitabım nəşr olunub. Kitablarım və məqalələrim “Bilal Alarlı” təxəllüsü ilə işıq üzü görüb. Müstəqillik dövr ədəbiyyatı haqqında çoxlu sayda məqaləm çap olunub. Çoxlu sayda kitabım isə hələ də öz nəşrini gözləyir. Onların içərisində dəyərli olanlar “Muğan aşıqları”. “Çağdaş ədəbi proses”, “Cəlilabad ədəbi mühiti”, “Qədim Həməşəra diyarının folkloru” və bölgə folklor mühitləri ilə bağlı kitablardır.
Gənc yaşlarımdan hekayə və şeirlər yazıram. Hekayələrim indiyədək ayrıca kitab halında çap olunmayıb. Şeirlərimin də çoxu öz nəşrini gözləyir.
Doğum günümlə bağlı ÖZÜMÜ təbrik edirəm!
Ulu Tanrı, səndən çox şey istəmirəm, nə veribsən bəsimdir, nə verərsən qailəm, amma səndən bir xahişim var: Məni ömrümün sonunda boynunda haqqım olan insana da möhtac eləmə.. Yeniyetmə yaşlarımda bir il altı ay yataq xəstəsi olmuşam, revmatizm xəstəliyindən əziyyət çəkmişəm. 1974-cü il avqustun 13-də ölüb dirilmişəm, mənim üçün qazılan qəbir boş qalıb. Qırx il öz qəbrimin üzərində şam yandırmışam. İkinci dəfə daha ağır xəstəliyə mübtəla olmuşam. Xərçəng xəstəliyi bizim nəsildə irsidir, atam və əmim bu xəstəlikdən dünyalarını dəyişiblər. 2013-cü ildə, daha doğrusu, 55 yaşımda xərçəng diaqnozu ilə müalicə olunmuşam və ölümə qalib gəlmişəm. Müalicəmin əsasını türkəçarə metodları təşkil edirdi. Hətta sağaldığımı görən həkimlər təəccüblərini gizlətmədilər.
Bir maraqlı faktı da deyim: Nəslimizdə kişilərin yaşı altmışa çatmayıb, bu yaşı da ailəmizdə ilk dəfə mən ötüb keçmişəm.
Ulu Tanrı, məni, həmçinin sevdiklərimi və sevənlərimi xətalardan, bəlalardan, çətinliklərdən, pisliklərdən və pis adamlardan qoru!
Ömrümün axırına piyada gedirəm, Ulu Tanrı, sənə doğru gələn bu iki təkərimi – ayaqlarımı alma! Dünya malı istəmirəm, canımı sağlam elə!
Dünyanın ən gözəl varı-dövləti can sağlığıdır.
Dünyanın ən zəngin sərvəti can sağlığıdır.
Dünyanın ən gözəl neməti can sağlığıdır.
Canım sağ olmasa, dadlı nemətləri yeyə bilməyəcəyəm.
Canım sağ olmasa, qızıldan donum olsa belə, geyə bilməyəcəyəm.
Nə qədər yaşamaq əsas deyil, necə yamaq əsasdır. Ulu Tanrı, mənə verdiyin ömrü dəyərdən salma! Məni övladlarıma,övladlarımı mənə çox görmə!
BU DA AD GÜNÜM ƏRƏFƏSİNDƏ BİRNƏFƏSƏ QƏLƏMƏ ALDIĞIM ŞEİRLƏR
Mən ad günü keçirmirəm,
başıma yığışası
dostlarım qalmayıb.
Əziz günlərində
yada saldıqlarım
məni uzun zaman
yada salmayıb,
ildə bir dəfə
süfrə açanlara
süfrəm həmişə açıq olsa da.
*
Kiməsə əyilmədim,
kimsə əyə bilmədi məni,
başımı dik tutub
gəzdim həmişə.
Tənəli baxışlara,
xəfəngaltı xəyanətlərə
səbrlə
dözdüm həmişə,
əyənlərin
əyiləcəyi günü gözlədim.
*
Dərd güc gələndə
qəzəl atıram,
mahnı oxuyuram,
kefim kök olanda
ağı deyirəm.
Səhər duasını axşam edirəm,
axşam azanını
sübh çağı deyirəm,
hər yerdə varam,
öz yerimdə deyiləm.
*
Yavaş-yavaş
giley-güzarı tərgidirəm,
məni atıb gedən
dostlarım üçün darıxanda
özümlə söhbət edirəm,
dəlidi, deyirlər.
*
Əlləşib-vuruşuram,
sonda görürəm ki,
çox şey qazansam da,
çox şeydən məhrumam.
Gəlib çıxıram axirət evimə,
baxıram ki,
burda kimsədən fərqlənməyən mərhumam,
sümüklərim diş ağardır mənə.
*
Tanrı dərd verir ki,
dərman gəzəm,
canımı dünya malına
qurban verməkdən bezəm
və biləm ki,
axirətə bu dünyadan
bir can aparıram,
o da mənim olmur
çiyinlərə qalxanda.
*
Getmişdim qapı açmağa,
pəncərəni də bağladılar üzümə.
Fikir məni götürüb apardı,
yer tapa bilmədim özümə
qapısı,
pəncərəsi kilid görməyən evimdə.
*
Salam, ömrün sonu,
gəlmişəm,
mənim üçün qazılmış qəbrin
üstündə oturmuşam.
Son mənzilə gedən yolda
neçə dəfə büdəmişəm,
neçə dəfə yıxılmışam,
durmuşam,
burda rahatlıq tapmayacağımı
ağlıma gətirməmişəm.
*
Gənc yaşlarımda
sevdiyim qız bəyənmədi məni,
məni sevənlə evləndim
əlim hər yerdən üzüləndə.
Ağır bir yükün altına girdim,
belim yağır oldu,
arzum çin olanda,
qəddim düzələndə
başımı qaldırıb
ilk sevdiyim qızı axtardım,
gördüm o
məndən də ağır yükün altındadı.
*
Kim məni çox istəyir?
Mən kimi çox istəyirəm? –
Könül alanım,
yoxsa könül verdiyim gözəldi?
Sevdiyim nə bilir
sevənim nə çəkir?!
Məni qoyub gedəni
Tanrı qorusun,
mənə qalan
bir damın altında
ömür sürdüyüm gözəldi.
*
Darıxdığım anlarda
səndən çox
özümü axtarıram –
haçan itirmişəm,
necə itirmişəm,
bilmirəm.
Bu həmən mən deyiləm,
hüzuruna kimi gətirmişəm,
bilmirəm,
sən hardan biləsən?!
*
Bir səhv,
bircə səhv
alt-üst elədi həyatımı,
Kədərə,
qəmə,
qüssəyə bələdi həyatımı.
Həsrətlilərin belə görüşü olmur,
həyat amansızdır,
keçilmiş yolların
geriyə dönüşü olmur.
*
Sil gözünün yaşını, canım,
kədərinə gül,
Tanrının qismətinə,
qədərinə gül.
Gülüşünlə dağla sinəsini
sənə dağ çəkən zamanın,
Nəbzini tut
kədərə boyun əyməyənlərin
önündə dizə çökən zamanın.
Qatla ömrün qəm dolu səhifəsini,
gözlərin sevincdən dolsun.
Sənə kədər qismət eləyən fələyin
əli ağzında qalsın!
04-07. 09. 2025
Azərbaycan.media

