🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Təranə Məmməd: Xoşbəxtliyin rəngi

/Hekayə\
Xoşbəxtlik nə rəng olur görəsən? Yəqin ki, çoxumuz onu rəngarəng, əlvan görürük.Əslinə qalsa xoşbəxtliyin  rəngi yoxdur, ancaq xəyallarımızda biz  çox qəribə canlandıra bilirik onun rənglərini. Bəlkə elə ağ-qara olur xoşbəxtlik?
Bilmirəm, amma çox istəyirəm özüm görüm
onu və rəngini özüm təyin edim.
Adım Bəyazdır. Ulu nənəmin adını qoyublar mənə.
Ad çox böyük qüvvəyə malikdir. Mən bunu özümdə hiss edirəm. Deyirlər ki, həmin mənim o ulu nənəm çox qeyri-adi qadın olub. Zəmanəsindən irəli getmək istəyib həmişə. “Palaza bürünüb ellə sürün”məyi sevməyib.
Mən də beləyəm.
Avropada təhsil aldıqdan sonra Bakıya qayıtmışam. Böyük yığıncaqları, açıq -saçıqlığı sevmirəm. Tanıdığım ailələrin yaşıdlarım olan uşaqlarından başqa heç kimlə əlaqəm yoxdur.
Geyimim bir qədər başqalarının geyimindən seçilir.
Məsələn böyük məmnuniyyətlə kontrast rəngləri bir- birinə qatıb geyinə bilərəm. Geyimdə xüsusi bir stilim də yoxdur.
Ən böyük bəlam isə ….
Deyiləsi deyil ki. Özüm də dərk edirəm. Amma, neyləyim, mən buyam.
Açım sirrimi sizə?
Mən əlində mənə gül dəstəsi gətirən oğlanlara o dəqiqə “yox” deyirəm .
İnanmırsınız?
İnanmazsız da.
Adətən qızlar gül almağı sevirlər axı. Mən yox.
Gülləri sevirəm, amma əlində gül tutan kişiləri qəbul edə bilmirəm. Kişi də əlində gül götürər?
 Bu yaxınlarda bir cavan oğlanla tanış oldum. Rəfiqəmin qardaşıdır. Vuruldum ona!
Ah! İri gözlər, uca boy, nəvaziş, savad – hər şey yerində.
İki gündən sonra məni kafeyə dəvət etdi.
Geyinib kecinib getdim.
Nə görsəm yaxşıdır?
Bir dəstə gül əlində dayanıb kafenin qarşısında.
Yaxınlaşıb üzr istədim, dedim ki , təcili getməliyəm və getdim…
Bax beləyəm mən. Anam deyir ki, kaş bu adı sənə qoymayaydıq . Bəyaz arvadın da belə iştəkləri var imiş.
Evə gedirəm.
Bayaqdan arxamca bir oğlan gəlir. Tanımıram onu.
Elə hara gedirəm, ora gəlir.
Budur, lap mənə yaxınlaşıb.
– Salam, xanım.
– Salam.
– Sizi çox bəyəndim. Tamış olmaq istəyərdim.
– Mən sizi tanımıram və küçədə tanışlığı qəbul etmirəm.
– Mən də.
– Anlamadım
– Mən də sizi tanımıram və küçədə tanışılığı qəbul etmirəm. Gəlin gedək oturaq bir yerdə bir fincan kofe içək və tanış olaq.
Deyəsən bu adam mənlikdir.
Tərəddüd etmədən razılaşdım.
– Olar.
Biz kafedə oturub xeyli söhbət etdik
– Adım Bəyazdır,- deyə mən birinci tanışlıq verdim.
– Siyah! – deyə o mənə əlini uzatdı.
– Nə?
– Adım Siyahdır.
– Bu ola bilməz axı
-Niyə?
– Mən Bəyaz siz Siyah lap politradır ki.
– Babamın adıdır. Özüm də utanıram bu addan. Amma mənasına varmasan yaxşı səslənir.
Çox bəyəndim bu oğlanı. O qədər doğma və səmimi idi ki, sanki yüz ildir tanıyırdım onu.
Çox qorxurdum ki, bir gün mənə gül dəstəsi gətirəcək.
Lakin, belə olmadı.Heç demə Siyah ömründə əlinə gül dəstəsi almayıb.
– Gül alaram qadına, ancaq başqa formada. Əlimdə dəstə gül gətirməyi sevmirəm.
Bu oğlan mənim idi!Anama da dedim ki, bəxtim açılıb. Adını deyəndə isə anam dedi ki, bu oğlanı Allah yetirib.
Necə deyərlər, qız evində toydur, oğlanın heç xəbəri yox.
Siyah mənimlə görüşür, danışır, amma evlənmək təklif etmirdi.
Boynuma aılım ki, hərdən istəyirdim  evlilikdən söhbət açsın, ancaq….
Beləcə altı ay keçdi. Payızın ortaları idi.O gün  ad günüm idi. Təbii ki, gül məsələsi aramızda danışıldığından ondan gül gözləmirdim. Amma deyim ki, alsaydı, götürərdim.Nə isə…
Səhər tezdən zəng edib mənə gözəl sözlər dedi.
Sonra dostunun maşınını götürüb məni Mərdəkana dənizin sahilinə gəzintiyə dəvət etdi.
– Sənin maşının hanı bəs?- deyə mən soruşdum.
– Bu gün götürmədim.Bu maşın daha rahatdır,- dedi.
Razılaşdım.
Biz maşına oturub sahilə getdik.
Sahil tam sakitlik idi. Payızın ortalarında Xəzərin sahili artıq soyuq olur.
O maşını saxladı və
– Düş! – dedi.
Mən maşından düşdüm.
– Bir az da piyada gəzək,-deyə əlavə etdi.
Mən Siyahın qoluna girib addımladım.
Elə bir neçə addım getmişdik ki, irəlidə onun maşınını gördüm və təəccüblə:
– Bu sənin maşının deyilmi?!- soruşdum
– Aaaa! Bu bura necə gəlib?- deyə o da təəccübləndi.
Sonra əlimdən tutub maşına tərəf qaçdı. Məni də özüylə apardı.
Biz maşına yaxınlaşdıq.
O, arxa qapını açdı və….
Gözlərimə inanmadım!
Maşının içi dolu idi güllərlə, çiçəklərlə. Onların ətri sahili bürüdü.
Mən sevincimdən uçmaq istəyirdim.
Ömrümdə almadığım güllərin hamısını birdən aldım! Sevdiyim insandan! Bu başqa bir aləm idi!
O mənə yaxınlaşıb qarşımda diz çökdü və  cibindən bir qutu çıxarıb mənə uzadaraq
– Bəyaz, mənə ərə gedərsənmi? – dedi.
Mən sanki yuxudaydım. Belə evlilik təklifini ancaq kinolarda görmüşdüm. Söz tapa bilmirdim.
– Ya mənə hə deyib üzüyü barmağına tax,
ya da at dənizə, – deyə o, qutudaki üzüyü mənə uzatdı.
Üzüyü götürüb ona diqqətlə baxdım sonra var gücümlə onu dənizə ….
Yox. Atmadım. Sakitcə barmağıma taxdım.
Siyah əvvəl qorxdu sonra məni qucaqladı üzümdən öpüb:
– Xoşbəxt edəcəyəm səni. Sənə söz verirəm!- dedi.
Necə dedi elə də etdi. Sadə, gözəl, sevincli, kədərli, Bəyazlı və Siyahlı xoşbəxt bir ailə yarada bilib yaşadıq.
Üç il sonra.
-Ana mənə yenə o nağılı danış.
– Hansı nağılı, qızım?
– Bir maşın gül nağılını.
– Qoy ata danışsın. Axı o nağılı o yazıb.
Azərbaycan.media