🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Səyavuş Aslan  — sənət aşiqi… — Fuad Biləsuvarlı yazır

Səyavuş Aslan — 90

1935-ci ilin 5 sentyabrı. Bakı hələ o illərdə öz sükutlu sabahlarını yaşamaqda idi. Küçələrdə benzin qoxusu ilə qarışan həyatın içində, adi bir sürücü ailəsinin evində dünyaya göz açan bir uşaq vardı. O gün heç kim bilməzdi ki, bu körpə, bir gün xalqın gülüşünü, kədərini, yaddaşını səhnəyə daşıyan bir sənətkar olacaq. Heç kim təsəvvür etməzdi ki, bu oğlan uşağı, zamanla milyonların qəlbində iz salacaq, səhnədəki hər çıxışı ilə xoş xatirələr toxuyacaq.

Bu uşaq—dadlı-duzlu zarafatları ilə xalqın dilinə düşən, kədəri gülüşə çevirən, səhnənin əsl ustası olan Səyavuş Aslan idi.

İstedad, hər insanda bir toxum kimi gizlidir. Amma onun cücərməsi üçün bir səbəb, bir çağırış, bir ruh titrəyişi lazımdır. Səyavuşun istedadı da elə bu titrəyişlə oyandı—xalqın içindən gələn bir səs, səhnəyə doğru çəkən bir cazibə ilə.

Kim bilərdi… Əgər o illərdə Bakının ürəyində döyünən Dəmiryolçular klubu olmasaydı, Səyavuş Aslanın taleyi hansı səmtə yönələcəkdi? Bəlkə də o, səhnənin sehrindən uzaq, adi bir həyatın içində itib gedəcəkdi. Amma tale, bəzən bir qapını açmaqla bir ömrü dəyişir.

O klubun dram dərnəyi, sadəcə bir məşğuliyyət yeri deyildi—orada ruhlar oyadılır, səslər səhnəyə çağırılırdı. Bu dərnəyə rəhbərlik edən Ağadadaş Qurbanov, istedadı yaşla ölçməzdi. O, insanın içindəki alovu görərdi—bir baxışdan, bir sükutdan, bir cümlədən. Səyavuşu da elə bu baxışla tanıdı. Onun içindəki gülüşü, kədəri, səhnəyə çevriləcək o daxili melodiyanı hiss etdi.

Beləcə, bir klubun kölgəsində, bir ustadın diqqətində, bir uşağın taleyi səhnəyə doğru yön aldı. Səyavuş Aslan artıq sadəcə bir oğlan deyildi—o, xalqın gülüşünü daşıyan bir simvola çevrilməyə başlamışdı.
Səyavuş da Ağadadaş Qurbanovun diqqətini elə ilk gündən cəlb eləmişdi.
Bu boyca çox da hündür olmayan oğlan klubdan, məşqlərdən getmək istəmirdi.
Bu cəhəti onu başqalarından çox fərqləndirirdi.

Ağadadaş müəllim bu gəncin səhnə ehtirasını, tamaşalara sonsuz marağını görür, duyur və ürəkdən sevinirdi. Onun simasında gələcəyin yeni bir teatr ulduzunu görürdü.

Sonralar tanınmış teatrşünas, professor İlham Rəhimli Səyavuş Aslan haqqında bu sətirləri yazacaqdı: “… O, təkcə gözəl, duzlu, şirin, şux yumorlu aktyor deyil, həmçinin kövrək insandır, xeyirxah adamdır, səmimi dostdur. Yanan, yana-yana qovrulan və həmişə özündən, gördüyü işlərdən narazı qalan, neçə-neçə çalınmamış qələbənin sorağı ilə axtarışlar zəhmətinə qatılaşan sənət aşiqidir…”

Bəli, insan həyatında xoş təsadüflər həmişə böyük rol oynayır. Ağadadaş Qurbanov da “kəşf etdiyi” bu gənc oğanı çalışdığı Musiqili Komediya Teatrının xor heyətinə qəbul etdirir.

İndi meydan daha genişdir. Səyavuş əsl səhnə görür, aktyorların məşqlərini izləmək imkanı əldə edir, bir sözlə, teatrla nəfəs alır.

Beləcə, günlər həftələrə, həftələr aylara çevirilir. Səyavuş adicə xor ifaçısı olsa da, ürəyindəki sənət yanğısı onu rahat buraxmırdı. Məşqlər və tamaşa zamanı bir çox aktyorların oyunlarına o qədər baxıb izləmişdi ki, onların sözlərini belə əzbərdən bilirdi. Və elə bu keyfiyyəti də onun gələcək sənət yolunu işıqlandırmışdı.

… Musiqili Komediya Teatrında Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” əsəri tamaşaya hazırlanıb. Hər tamaşa anşlaqla keçir. Əsas rollarda tanınan, sevilən aktyorlar. Axşam növbəti tamaşadır.

Son anda məlum olur ki, Vəli rolunun ifaçısı Xalq artisti Lütvəli Abdullayev xəstələnib. Rejissor Ələsgər Şərifov özünü itirib. Biletlər satılıb, tamaşaya az qalır…
Elə bu vaxt xor ifaçısı Səyavuş özündə cəsarət tapıb rejissora deyir.

– İcazə versəniz, rolu mən oynayaram.
Sözlərini də əzbər bilirəm.
Başqa çıxış yolu olmadığından Ələsgər Şərifov könülsüz də olsa, razılıq verir.
Bu, Səyavuş üçün əsl sınaq idi.
Axır ki, illərdir arzuladığı böyük səhnəyə çıxırdı.

Səyavuş bu sınaqdan yaxşı çıxdı. Sonralar Lütvəli Abdullayevlə gənc Səyavuş arasında əsl ata-bala münasibəti yaranır və son günədək də belə davam edir.
Səyavuş Aslan teatr, səhnə fanatı idi.

Və bu fanatlığı ucbatından da başına çox qəribə hadisələr gəlmişdi. Bu da onlardan biri.
Səyavuş hərbi xidmətdədir.
Tanış komandirindən tez-tez icazə alıb yaxınlıqdakı kluba gedir. Hətta tamaşalarda rollar da ifa edir. Məşhur “O olmasın bu olsun komediyasında baş rolda – Məşədi İbad rolunda çıxış etməlidir.

Tamaşa günü komandirini tapa bilmir və icazə məsələsi düyünə düşür. Bəs tamaşa necə olacaq?!
Səyavuş əsgər paltarındaca hasardan aşır, özünü kluba çatdırır. Tamaşaya lap az qalıb, klub tamaşaçılarla doludur. Səyavuş əsgər paltarını soyunub stulun başına çıxır, qrimlənib səhnəyə çıxır.

Deyəsən, hər şey qaydasına düşüb.
Ancaq həmin yerdən keçən hərbi patrullar pəncərədən əsgər paltarını görüb, maraqlanırlar. Birinci pərdə alqışlarla başa çatır. Patrullar əsgər paltarının sahibi Səyavuşu sorğu-suala tuturlar.

Onun icazəsiz qaçdığı məlum olur. Heç bir xahiş minnət tərs patrul komandirini razı salmır. O, səhnəyə çıxır və tamaşaçılara elan edir: Tamaşanın davamı olmayacaq: Hərbi qayda-qanunu pozduğuna görə Məşədi İbadı götürüb aparırıq…
Bu komik tamaşada komik hadisə uzun illər gülüş mövzusuna çevirilir.

Səyavuş bənzərsiz, təkrarı olmayan bir aktyor idi. O, böyük sənətkar Lütvəli Abdullayevdən aldığı komediya aktyoru estafetini məharətlə davam etdirə bildi.

Onun üçün rolun böyüklüyü, kiçikliyi yox idi. Onun üçün səhnə və tamaşaçı vardı.
Yadınıza Sabit Rəhmanın “Hicran” tamaşasında əvəzedilməz Nəsibə Zeynalovanın, Hacıbaba Bağırovun və Səyavuş Aslanın ustalıqla yaratdıqları səhnəni yada salmaq istəyirəm.
Gündə yüz dəfə baxsan da, üç misilsiz sənətkarın yaratdıqları bu virtuoz ifaya yenə də dönə-dönə baxmaq istəyirsən.

Ən qəribəsi isə budur ki, bu üç sənətkar həmin səhnəni yaradarkən, aralarında inciklik varmış, heç bir-birləri ilə danışmırmışlar. Amma ən diqqətli tamaşaçı belə bunu qətiyyən hiss etmir…

Səyavuş Aslan sənətdə böyük iz qoymuş aktyordur. Onun yaradıcılıq fəaliyyəti təkcə teatr səhnəsi ilə bitmirdi. Kino filmlərdə yaratdığı obrazlar da sevilir. Bu rolların hər biri Səyavuş Aslanın peşəkar aktyor kimi sənət gücünün bariz nümunəsidir.

“Ulduz” filmində Şubay, “Əhməd hardadır” filmində Saqqal Ramiz, “Romoe mənim qonşumdur” filmində Səməd obrazları tamaşaçılar tərəfindən çox sevilir.

“Yuxu” filmindəki polis rəisi obrazı isə daha çox diqqət çəkir. Bu filmin adı çəkilən kimi, sanki polis rəisinin – Səyavuş Aslanın səsini eşidirik:
– Məsmə arvad oğlunu basacağıq içəri…

Səyavuş Aslan səhnəyə yalnız çıxmırdı—o, xalqın içindən çıxıb, xalqın ruhunu özü ilə səhnəyə gətirirdi. Onun gülüşü, bir millətin gülüşü idi; onun kədəri, bir xalqın içində gizlənmiş sızıltı. Hər obrazında bir həyat yaşanır, hər səhnəsində bir yaddaş dirçəlirdi.

O, səhnədən getdi, amma səhnə onun nəfəsiylə yaşayır. Onun səsi, hələ də teatr salonlarının divarlarında dolaşır. Onun baxışı, hələ də tamaşaçıların gözlərində qalır. Və onun adı—Səyavuş Aslan—Azərbaycan səhnəsinin yaddaş kitabında qızıl hərflərlə yazılıb.

Çünki o, sadəcə aktyor deyildi. O, xalqın gülüşünü qoruyan, kədərini səhnəyə çevirən bir ruh daşıyıcısı idi.

Sözardı: Səyavuş Aslan belə aktyor idi.
Sanki yaratdığı hər  obrazla o, öz adını da teatr və kino tariximizə qızıl hərflərlə yazdı.
Belə sənət fədailəri tez-tez doğulmur.
Onlar dünyaya bir dəfə gəlir, yaratdıqları obrazlarla da tamaşaçı qəlbində ömürlük abidə ucaldırlar.

Milyon-milyon tamaşaçı sevgisi isə belə sənətkarların ən böyük mükafatıdır. Səyavuş Aslan kimi əvəzsiz sənətkarın bizi tərk etməsi mədəniyyətimiz üçün çox böyük, ağır itkidir.
Yaşasaydı, bu il 90 yaşı tamam olacaqdı.
Səyavuş Aslansevərlər üçün o, həmişə canlıdır.

Müəllif: Fuad BİLƏSUVARLI, AYB və AJB üzvü, Prezident mükafatçısı, Həsən bəy Zərdabi mükafatçısı