− Ata, nə olar, az iç bu zəhrimarı! Ayaq altında diyirlənən boş araq şüşələrinə nifrətlə baxan yeniyetmə oğlunun bu fəryadına heç əhəmiyyət vermədi, sanki bu sözləri ona yox, daşa-divara deyirdilər. Şişkin gözlərini güclə açıb oğluna və evin bir küncündə çarpayıda yatan xəstə arvadına tərəf boylandı. Sərxoş ata hər şeyi qatı duman içində görürdü. Bu ailənin mizan-tərəzisi çoxdan pozulmuşdu. Evə kefli gələn kişi hər gecə yaratdığı qalmaqal, dava-dalaşla kiçik yaşlı oğlunu, yüksək qan təzyiqindən əziyyət çəkən arvadını, hətta qonşuları da boğaza yığmışdı. Heç bir nəsihəti, yalvarışı vecinə almırdı.
Oğlunun “ata, sabah mənim ad günümdür, istərdim ki, bizim də süfrəmizdə gözəl yeməklər olsun, sinif yoldaşlarımla bu günü qeyd edim” deməsi də heç nəyi dəyişməmişdi. Bu sözləri söyləyib evdən həmişəki kimi yarıac, yarıtox çıxan oğlan məhəllədə yaşıdları ilə qarşılaşsa da, onlara bənd olmayıb yoluna davam etdi. Hara gedəcəyini heç özü də bilmirdi.
Başında qarışıq fikirlər dolaşırdı: “Niyə atası qeyri-normal həyat tərzi keçirir. Alkoqol düşkünü olduğu üçün onu işdən çıxarıblar. Əcaib hərəkətləri, kobud davranışı ilə anamı da xəstə edib. Belə həyat, görəsən, nə vaxt bitəcək?”
Əsən soyuq külək sanki iliyinə işləyirdi. Gödəkçəsinin yaxalığını qaldırdı, əllərini cibinə qoydu. Yenə də üşüyürdü. Parkın girəcəyində payız küləyinin sovurduğu xəzəl qalaqları qəribə bir gözəllik yaratmışdı. Ayaqlarını qızılı yarpaq topalarına çırparaq yeriyirdi. Gümüş rəngli, parıltılı bir əşya ayağına toxundu. Xəzəllərə tərəf əyilib diqqətlə baxdı. Təptəzə Ayfon telefonu idi. Telefonu yerdən götürdü. Hətta sevindi də. Ani olaraq düşündü ki, “bu bahalı telefonu satsam, xeyli pulum olar, evimizə çoxlu ərzaq, anama dava-dərman və təzə paltar alaram. Axı, sabah həm də ad günümdür.” Elə bunları götür-qoy edirdi ki, əlindəki telefon zəng çaldı. Bu qəfil zəngdən yamanca diksindi. Telefonun ekranında bu sözlər yazılmışdı: “Anamın zəngi.” Telefonu itirən şəxsin anasının zəngləri isə bir an ara vermirdi. Övladından nigaran qalan ana cavab almaq üçün israrla zəng edirdi.
“Axı, telefonu aça bilmərəm, cavab versəm, telefonu mütləq qaytarmalı olacağam. Bu, sanki oğurluq malı gizlədən, həyəcandan əlləri titrəyən oğlanın düşüncələri idi. Birdən öz anasını xatırlayıb qeyri-iradi telefonu açdı və cavab verdi.
− Kimsiniz, qızımın telefonu niyə sizdədir? Neçə saatdır ki, qızımla danışa bilmirəm. Onun başından bir tük əskik olsa… – Ana qırıq-qırıq danışır, qəhər onu boğurdu.
− Qızınız barəsində heç nə bilmirəm. On dəqiqə öncə bu telefonu xəzəllərin arasından tapmışam.
− Bəs mənim qızım hanı? Siz özünüz indi hardasınız? Parkın sağındakı kiçik bağda? Nə olar, mənə qızımdan bir xəbər deyin… Deməli, o, haradan keçibsə, telefonunu orada itirib. Yəqin yaxın məsafədədir. Telefonu söndürməyin lütfən… İndi maşına minib gəlirəm.
Oğlancığaz ananın təlaş dolu səsini dinləyə-dinləyə sövq-təbii qızın axtarışına çıxmışdı. Qaş qaralır, parkdan əl-ayaq çəkilirdi. Kiçik bağda da sakitlik idi. Yamyaşıl, sıx çətirli ağacların arasındakı skamyada tənha bir qızın oturduğunu görüncə, ona yaxınlaşdı. Gənc qızın bənizi qaçmışdı, solğun çöhrəsindən şiddətə məruz qaldığı duyulurdu. Ağ köynəyinin qolları kəsik-kəsik olmuş, pərişan saçları kürəyinə dağılmışdı.
Qıza yaxınlaşıb:
− Siz telefonunuzu itirmisiz? − deyə soruşdu.
Qız qəfil sualdan diksindi:
− Bunu hardan bildiniz?
− Sizin Ayfonu tapmışam. Alın, ananızla danışın.
Gözlənilməz təklifdən şaşıran qız ağlamsınaraq anasına bunları nəql edirdi:
− İki nəfər üstümə şığıdı. Ətrafda kimsə gözə dəymirdi. Başıma-gözümə vurmağa başladılar. Məndən pulumu və telefonumu istəyirdilər. Lap vəhşiləşmişdilər. Yekəpər oğlan çantamı alıb qaçanda o birisi də onun dalınca yüyürdü. Mən cibimdə gizlədiyim telefonumu gücüm çatınca uzağa – xəzəl tökülmüş dar cığıra tulladım. Düşündüm ki, sonra özüm tapıb sənə zəng edərəm, dalımca gələrsən. Nə illah etdimsə, gözümə dəymədi, heç cürə tapa bilmədim. Üzgün görkəmdə və pulsuz evə necə qayıdaydım? Sonrası isə artıq sənə bəllidi… Kaş belə bir qardaşım olaydı, ana…
Ertəsi gün səhər sərxoş kişinin qapısı döyüldü. Başı bədəni üstündə güclə dayanan, gecəki kefliliyindən bir az ayılan kişi gözəl geyimli, şux qamətli bir xanımı kandarda görəndə təəccübünü gizlədə bilmədi. Qadın gətirdiyi hədiyyələri, pal-paltarı, ərzaq bağlamalarını və zərfin içinə qoyduğu pulu elə dəhlizdəki kiçik masanın üstünə düzüb:
− Çox tərbiyəli, ağıllı oğlunuz var, − dedi. Onun yerinə başqası olsaydı, tapdığı bahalı telefonu heç qaytarmaq barədə düşünməzdi. Üstəlik o, hələ oğru-cibgirlərin əlindən qurtulmuş qızımı bu telefonla tapmaqda mənə kömək eləyib. Daha hansını deyim… Kaş mənim də belə bir fərasətli, zirək oğlum olaydı… Hədiyyələr onundur. Bu azyaşlı, saf ürəkli oğlanın yaxşılığını heç vaxt unutmarıq.
Oğlunun ünvanına birnəfəsə deyilən xoş sözləri, alqışı eşidən ata yerində donub qalmışdı. Dumanlı gözləri ilə bu çağırılmayan qonağa baxır, yaraşıqlı, qədd-qamətli xanımın söylədiklərini dinləyirdi. Qonağın hüzur dolu səsi o qədər məlahətli idi ki! Evin bir küncündə, çarpayıda yatan xəstə ana yorğan-döşəkdən silkinib ayağa qalxmış, dəhlizə çıxmışdı. Maraqlı mənzərə idi.
Hekayəmizin azyaşlı qəhrəmanı isə gözə dəymirdi. O, dəhlizə açılan qapının arxasında dayanıb ötən günün olayları barədə düşünürdü. Qızına görə dünən sıxıntı keçirən ana ilə də görüşməliydi. O, irəli yeriyib qadınla köhnə tanışlar kimi salamlaşdı və onu içəri dəvət etdi:
− Təsadüfə baxın ki, bu gün mənim ad günümdü, on iki yaşım tamam olur. Gəlin, birlikdə qeyd edək!
Zemfira MƏHƏRRƏMLİ,
