🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Uğurlu imzalar

Rafiq Tağı

Anamı beş-on dəfə görməyim qalır

Qəriblikdə
nə səadət
anamı beş-on dəfə
görməyim qalır…
Ağlamağın ustasıdı,
hər il başqa cür
qocadı
anam –
onu beş-on dəfə
görməyim qalır.
Kefindədi
ürəyidaş oğlanları –
dünənəcən
təqaüdünə qardaş
oğlanları.
Məni görmək istəyir
deyirlər –
üzümdən öpmək istəyir…
Qəriblikdə
nə səadət –
təsadüfən sağ qalsaq,
anamı beş-on dəfə
görməyim qalır.

 

Nurməmməd Ağa

OLUR

Ayaqqabın dar olsa,
Dünya sənə dar olur.
Qan damarda həyatdır,
Axarkən murdar olur.

Hər yaşanan hiss  deyil,
Hər  müsibət yas deyil,
Tikan güldə pis deyil,
Gül tikanda xar olur.

O saçlara baxanda,
Yandırar da, yaxar da,
Tük xörəkdən çıxanda
Xörək zəhrimar olur.

Ağzımızda tüpürcək,
Həyatdır o da gerçək,
Tüpürcəyi tüpürsək,
Yalamaq da ar olur.

Kütləşər öz qınında,
Olsa namərd belində,
Qılınc  Əli əlində
Dönüb “Zülfüqar” olur.

 

Gülağa Tənha

MƏN SƏNİ UNUDA BİLMƏDİM HEÇ VAXT

Aradan fəsillər, illər ötsə də,
Mən səni unuda bilmədim heç vaxt.
O günlər bizləri atıb getsə də,
Mən səni unuda bilmədim heç vaxt.

Demə, aramızı duman, çən aldı,
O gözəl mahnılar dağlarda qaldı.
Yaşanan günlərim puç bir xəyaldı,
Mən səni unuda bilmədim heç vaxt.

İllər ötüb-keçir, saçlar ağarır,
Həzin bir ayrılıq nəğməsi çalır.
Ürək üsyan edir, nalə qoparır:
Mən səni unuda bilmədim heç vaxt.

Yadımdan çıxmayıb bircə anımız,
Dərdimiz, qayğımız, həyəcanımız.
İndi hara çatar ah-fəğanımız,
Mən səni unuda bilmədim heç vaxt.

Ölümdü unutsam mən bu həsrəti,
Kimdən almaq olar belə qüdrəti.
Bir an da çıxmadın yadımdan qəti,
Mən səni unuda bilmədim heç vaxt.

 

Rəsmiyyə Sabir

SƏNİ

O qədər böyük deyildin,
Gözümdə böyütdüm səni.
Dözdüm hər bir əzabına,
Dözüb də böyütdüm səni.Ömrün dumanında azdım,
Qələmlə qəbrimi qazdım,
Adına şeirlər yazdım,
Sözümdə böyütdüm səni.

Yaxındakı uzağımdın,
Həm ürək, həm göz dağımdın,
Mənim uşaqlıq çağımdın,
İzimdə böyütdüm səni.

Bir kor bəxtin əli oldum,
Bu sevdadan dəli oldum,
Eşqimin heykəli oldum,
Özümdə böyütdüm səni.
Özüm də böyütdüm səni.

Hazırladı: Fuad BİLƏSUVARLI

Azərbaycan.media