🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Biz 32 İldi ölürük…- Roza Əliqızı yazır

Bu bizim Qubadlıdakı evimizin,həyət qapısının,otaqların açarlarıdır…Düz 32 ildir məndədir,ama açmağa qapılar yoxdu ki? Sahibsiz qalmış,dərddən,həsrətdən biraz paslanmış… Bir gün bu açarları əlimə alıb  işğaldan azad olmuş Qubadlıya kəndimizə  Xanlığa getdim,getdim ki xəyalımda təssəvvür etdiyim,daha doğrusu xəyallarımda yaşayan uşaqlıqda yaşıdlarımla məhlədə tez-tez dalaşıb,küsüb barışdığım,həm də çox özlədiyim burnumun ucunun göynədiyi həmin küçədən keçib həyət darvazamıza yaxınlaşıb qapını açam, həyətimizə daxil olaraq…Tələbəlikdə olduğu kimi qapını açıb həyətə girəndə birinci “ana “deyincə ilk öncədə məni qarşılamağa anam çıxardı…

Hələ ondan öncə avtobusdan düşəndə kəndin başından enəndə həkəri çayından ibarət “gers” var idi,yanında təndir, rəhmətlik Mirzə kirvənin təndiri,onun yanında isə 10 il oxuduğum məktəbimiz,Xanlıq məktəbi yəni…

İndi 32 il öncəki xəyallarla kəndə daxil olurdum həm də çox həyəcanla…Kəndin girəcəyində 20 yanvar şəhidlər abidəsi vardı… Onu gözüm önünə gətirirəm… Kəndimiz gözlərim önündə canlanır,axı düz 32 il mən bunu yuxularımda görərdim,kəndə gəlib kəndimizi gəzməyi, məktəbin önündən səhəng kürəyimdə bulağa su doldurmağa getməyi… Əslində bulaq da bəhanəydi insanlarımızı görmək üçün…

Beləcə 32 il sonra kəndə daxil oluram,gözlərim dörd bir yanı gəzir; amma xəyalımda qalan heç nəyi görmürəm, hanı bizim kəndimiz soruşanda,bura sizin kəndiniz Xanlıqdı deyirlər… Çaşqın halda nəyisə axtarırmış kimi o tərəf bu tərəfə boylanıram,-yox bu bizim kəndimiz deyil,hanı şəhidlər abidəsi?biraz irəli yeriyirəm,-hanı gers?,hanı Mirzə kirvənin təndiri?, hanı mənim doğma Xanlıq məktəbim?,hanı bizim körpü?…Heç nə yox? yox.. Məhəlləyə girmək istəyirəm,məhəlləni tanımıram yolun istiqaməti dəyişmiş,məhlə yox tanımıram,küçə yox…

İrəli gedirəm sağda və solda uçudulmuş evlər,yenə tanımıram,bura sizin məhlədi desələr də heç tanımıram,heç nə tanış gəlmir… Biraz irəlidə bax, bu da sizin həyət desələr də inanmıram; burda heç nə yox düzənləyiblər hər yeri,izi tozu yox belə?… Allah, Allah hanı bizim evin  həyətin qapısı?.. Əlimdəki bu top açarlarla donub qalıram,uşaqlığımı mənə xatırladacaq  bir çöp belə yox… Bu nə qırğınlıqdı belə,uşaqlıq xəyallarımın qırğınlığı,hər şey boşa çıxdı…

Məhləmizi göz önünə alıb getmişdim mən kəndimizə… İstəyirsiniz deyim məhlə kimin evindən başlayır?..
Hə, birinci girişdə “Çoban Məhəmməd”in evi və Ağakişioğlu Əlinin evi,sonra Partkom Məhəmmədin evi,sonra, diş həkimi Məhəmmədin,biraz irəlidə,İslamgilin,solda isə Məmiligilin… Aha biraz irəlidə isə deyəsən çatırıq,bizim evimiz,solda dəyirmançı Məhərrəmin, bizdən sağda Gülnüsə xalagilin,Zamingilin yəni,bizdən irəlidə isə Mantıgilin, Əlisahibgilin,sonra isə Xəlilgilin,Xədicə xalagilin,daha sonra Vahid müəllimin və rəhmətlik Sayı dayının evi,ordan isə məhlə bitir poçta tərəf…bir yol aşağı məhləyə gedir,bir yol isə yuxarı dərəyə tərəf.., ah uşaqlığım uşaqlığım hardasan?hara yoxa çıxdız?bir an xəyalımdan ayılıb  gözlərim düzənlənmiş boş səhraya baxır…əlimdə açar bağırıram.

“Ana ay ana”…amma anam yox açarla həyət darvaza qapısını açmaq istəyirəm amma nə həyət var nə də darvaza qapısı…heç nə yox ki….Kənd yox,məktəb yox,məhlə yox,həyətimiz evimiz yox…anam da yox.

Əlimdə qalan isə bu top açar uşaqlığımın xatirəsi…
İndi özünə jurnalistəm deyənlər bizləri qınağa çəkir”-balam niyə elinizə obanıza dönmürsünüz?”..
Ay bizi qınayanlar, insan olmayan kəndinə,evinə portalla icazəiləmi gedər?..

Çox söz deyərdim ağzımı açıb,ama səviyyəli jurnalistlərin səviyəli ittihamı olsaydı…
Birdə içimi qıran bir Qazi qardaşımın  bir yazısı oldu məcburi köçkünlərə ünvanlanmış ”sizi öldürməyən erməniyə lənət olsun” yazısı… Qardaş  bir dana bir naxırın adını batırırmış misalını unutdun deyəsən? Amma mən unutmaram. Çünki sən qazisən ama heç duymadınmı arxa cəbhədə   döyüş görməyən  və bu gün özünə qazi deyib at oynadanları?..
Heç mənim dilim gəlib deyə bilərmi səni öldürməyən erməniyə lənət olsun? Yox heç demərəm bizləri bu gün üz-üzə qoyan erməniyə  lənət olsun !..

Bunu unutma ki, bizi erməni öldürə bilmədisə ,bizləri sizlərin yerli-yersiz ünvanlanan  bu ittihamları öldürdü…düz 32 ildi ölürük!..

Roza Əliqızı yazıçı-publisist
Azərbaycan.media