🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Uğurlu imzalar

Bilal Alarlı

Qapımı açarsan öləndən sonra

Sağlığımda yoxlamadın necəyəm,
Qapımı açarsan öləndən sonra.
Bir daha danışıb gülməyəcəyəm,
Qapımı açarsan öləndən sonra.

Ucalarsan, başın göylərə dəyər,
Zaman gələr, Fələk qəddini əyər.
Kefimi soruşmaq istəsən əyər,
Qapımı açarsan öləndən sonra.

Dar gündə Tanrının üstünə qaçdım,
Üzümə gün doğdu, nurumu saçdım.
Çətinə düşəndə qapını açdım,
Qapımı açarsan öləndən sonra.

Adamlar körpüdür, deyib, ötürsən,
Açıq süfrələrdən yeyib ötürsən.
Kor olmuş gözünü döyüb ötürsən,
Qapımı açarsan öləndən sonra.

Tanrı verən ömür–gündü, sənindir,
Əcəl quşu göydən endi, sənindir,
Görəcəksən, növbə indi sənindir,
Qapımı açarsan öləndən sonra.

Əlizadə Nuri

O yandan bir dərd gələcək

Həyat varsa, şərt gələcək,
Haqq  axtaran pərt gələcək…
O yandan bir dərd gələcək
Gəlib səni tanıyacaq.

Kimi toyda, kimi yasda,
Kim dərində, kim dayazda.
Qış əkdiyin ağac yazda
Gülüb, səni tanıyacaq.

Kimsən belə, nəsən belə?
Yüz yaşlı körpəsən belə.
…Üzünü gizləsən belə
Ölüm səni tanıyacaq…

Salam Sarvan

BİR QURTUM SU  VERİN

Yazmaq – qələm kimi yonulmaqdı da,
yonulub kağızdan yuxa çıxıram…
Qara günlər çıxır  kir kimi məndən,
yuyunub beş arşın ağa çıxıram.

Nə yanğı söndürmək, nə içmək üçün –
bir qurtum su  verin tüpürmək üçün…
Sənin ad gününə gül dərmək üçün
sinəmə çəkdiyin dağa çıxıram…

Öz üstümə qoşun göndərən şaham…
Yellər də qoşuldu mən çəkən aha…
Səni axtarmağa gedirəm daha –
ta mən də bu gündən yoxa çıxıram.

Faiq Balabəyli

Şuşa

Mənim qoca şəhərim, mənim uca şəhərim,
neçə ilin həsrətini çəkən, yorğun Şəhərim!
Özümüzdən çox uzaq,
könlümüzə çox yaxın,
gözümüzlə görünməyən tənha, oğrun Şəhərim!
Axır ki, qayıtdıq, gözlərin aydın!..

Qırmızı koftalı, yaşıl tumanlı,
ətrafı çiskinli, çənli, dumanlı,
abırlı, həyalı, nurlu, imanlı,
yaşıl meşələrdən qurşaq bağlayan,
dumanı başına çalmatək çəkən,
yaşmaq bağlayan Şəhərim!
Qayası, qalası, didərgin balası
hirsindən, hikkəsindən ağlayan Şəhərim,
axır ki, qayıtdıq, gözlərin aydın!..

Nizama düşəcək qarışıq küçələrin,
verəcək özünə yaraşıq küçələrin…
Qaranlıqlar yox olacaq, işıq küçələrin
üzünə xal kimi düşən Şəhərim!..
Gözəldir hər tinin, guşən, Şəhərim,
axır ki, qayıtdıq, gözlərin aydın…

Dostum Xaqan dənizdə dözmədi,
qalxdı sinənə,
Səndən yan keçsin deyə, düşmən gülləsi
özünü sipərtək taxdı sinənə.
Döyüşə-döyüşə tapdı şəhadət,
ruhu səndə qaldı, adını
götürüb gəldi dənizə,
gəmiyə çevrildi, üzdü, Şəhərim.
Ruhu quşa döndü başının üstə
sərgərdan-sərgardan gəzdi, Şəhərim.
Axır ki, qayıtdıq, gözlərin aydın…

Doyunca əyilib içdim suyundan;
Tamı tamahlandırdı, yumdum gözümü,
dadı damağıma köçdü, içimə çəkdiyim
havanı udmaq
geri qaytarmamaq… yordum özümü…
Qaratikanların, böyürtkənlərin
əlimi daladı, ovcumu, dizimi –
amma incitmədi, beləcə açıldı günüm, səhərim.
Dağların qoynunda məğrur dayanan
ismətli, namuslu gəlin Şəhərim!..
Axır ki, qayıtdıq, gözlərin aydın!..

Əlirza HƏSRƏT

ŞİMAL KÜLƏYİTƏK SOYUQ DA OLSAN

Durubdur gözümə köhnə yoxuşlar,
Qəfəsdə oxuyur pərişan quşlar.
Seyrəlməz yanından dostlar,tanışlar,
Həmişə şax dursan,ayaqda olsan.

Dolan bu dünyanı qarış-qarış gəz,
Nə çəmən taptala,nə də bir gül əz.
Nadandan Vətənə heç xeyir gəlməz,
Sən ona arxa da,dayaq da olsan.

Bir qərib ahıyla sızıldayır ney,
Dilimi göynətdi bu qəmli giley.
Qürbətdə ağlına Vətən gələr hey,
Yuxuda da olsan,oyaq da olsan.

Gördün ki işlərin düşüb dərinə,-
Güvən ilqarına,məhəbbətinə.
İsindim mən sənin hərarətinə,
Şimal küləyitək soyuq da olsan.

Hazırladı: Fuad BİLƏSUVARLI

Azərbaycan.media