🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Uğurlu imzalar

Əlibala Hacızadə

Gülüm

Qəlbimin qanıyla yazmışam, gülüm,
Adını ömrümün varaqlarına.
O qara gözlərin nur çeşməsidir,
Bənzəyir dünyamın çıraqlarına.

Mən necə əl çəkim bir cüt narından,
O ağ bədənindən – quzey qarından,
Öpdükcə doymuram dodaqlarından,
Şəkər səpilibdir dodaqlarına.

Sənsiz yaşamaram mən bircə an da,
Yolunda qurbandır bu baş, bu can da,
Ömürdən qiymətli nə var cahanda?
Mən onu atmışam ayaqlarına.

Yanında

Gül nəfəsin gül qoxuyur, ay gülüm,
De gül nədir, çiçək nədir yanında.
Bu dünyada mələkdən də gözəlsən,
Huri nədir, mələk nədir yanında.

Nə qədər ki sən yoxlarsan, mən varam,
Nə qədər ki sən sevərsən yaşaram,
Bir gözələ göz ucuyla baxmaram,
Gözəl nədir, göyçək nədir yanında.

Sənsiz olsam, varlığımı sarar qəm,
Sənsiz olsam, bircə anda ölərəm,
Gözlərimi sənə qurban verərəm,
Bu can nədir, ürək nədir yanında.

 

Şakir Xanhüseynli

***
nə üçün korladın dostluğumuzu,
dostluğu bir heçə bərabər tutdun…
qoyub bir tərəfə çörəyi, duzu
şeytana yönəlib onla əl tutdun…

əqidən oldumu əqidəsizlik,
yolu qarışqa da işıqda gedir…
düşüb qismətinə bir çarəsizlik;
gödənin özündən qabaqda gedir…

***
son nəfəs odu ki,
son dəfə baxırsan bir gözə,
son dəfə qulaq verirsən bir səsə…

son nəfəs odu ki,
sanki ilk dəfə görürsən
yüz kərə gördüyün üzü,
ilk dəfə eşidirsən
dəfən-dəfən eşitdiyin səsi…

son nəfəs…son nəfəs odu ki;
bəlkə də heç
son nəfəs deyilən bir şey yox,
sadəcə, bir səskən
sükuta dönürsən?..

 

Firudin Həsənağa

OYAQDI

Ah,səni ardınca nə səsdi dartan?!
Dünyanı qandallı məhbəsdi dartan,
Sanırsan bu cani nəfəsdi dartan-
Şəlləyib belinə qara qul çəkir.

Dönərmi əzəlki hala,qapısı?!

Ölür yuxu üçün qala qapısı…

Oyaqdı bu dərdin alaqapısı,

Uçmuş talelərə təzə yol çəkir.

İşləyib yarası gün-gün dərinə,

Yüz yol pərdə örtür sınan yerinə,
Can çəkən günlərin güzgülərinə,
Nigaran ümidlər qaravul çəkir.
Nağanın sonuncu gülləsi kimi,

Nigah kağızıdı,ölüm hökmüdü.

Vicdan divanının susqun hakimi,
Yumub gözlərini nəyə qol çəkir?…

 

Pərviz Cəbrayıl

Mənim Təmizkar Qadınım

Qadınım mənim,
dostum,
sirdaşım,
otdaşım,
torpaqdaşım
sevdiyim,
bağrıma basdığım,
üzünü belə görmədiyim
yoldaşım!

Əsirsən mənim yolumda,
yollarımın üstündə
əsirsən,
silib-süpürmək istəyirsən
getdiyim yolu.
Deyirsən, ayaqqabılarım,
şalvarım,
köynəyimin yaxası,
ətəyi, qolu
bulaşmasın.
Ayağıma zərrəcə
zir-zibil dolaşmasın.

Qardaşım!
Yolumda gördüyün
o toz-torpaq,
yar-yarpaq,
boş araq şüşələri,
dibinəcən sümürülmüş
ucuz siqaret kötükləri,
şəklim olan
qəzet qırıntıları,
polisə çağırış vərəqələri,
qırıq qandal tayları,
yağlı çaxırtikanları,
qan damlaları,
canavar tələləri,
quş cələləri,
altı yollarda getmiş
taykeş ayaqqabılar,
vaxtı lap çoxdan bitmiş
qət-təzə sürücülük vəsiqəsi,
pul islahatından xeyli sonra
bir kitabın arasında
bulunan
dəyərsiz, şax,
bir illik çörəyə
yetəcək qədər
ölmüş kağız əsginaslar…
Üstündən iyirmi il ötəndən sonra
əlimə yetən
“hə” cavabı yazılmış
sevgi məktubu –
iyirmi il sonra yoluma sırınan
ayaq izləri…

Süpürmə,- deməyə
dilim gəlmir,
bir daha yoluma çıxmazsan, deyə.
Ama özün bil,
bu sil-süpürdən sonra
məndən zibil də qalmır…

 

Fuad Biləsuvarlı

Qaçır

Fürsətin kəndiri qısa,
Yıxılıram əldən qaçır.
Bəzən deyə bilmədiyim,
Söz də çıxır dildən, qaçır.

Torpaq küsür – əkən yoxdu,
Ev ucaldıb tikən yoxdu.
Güldən şirə çəkən yoxdu,
Arılar da güldən qaçır.

Sayan yoxdu səni, məni,
Belə olmaz deyim yəni.
Kim dəyişdi zəmanəni,
Sonalar da göldən qaçır.

Ha gözlərik xoş baharı,
Bizə düşən – qışın qarı,
Sellər qaçır çaya sarı,
Çaylarımız seldən qaçır.

Belə doğub məni anam –
Ölən deyil arzu, inam.
Mən ki, alışan adamam!
Şair Fuad, küldən qaçır!

Hazırladı: Fuad BİLƏSUVARLI
Azərbaycan.media