🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ayaz Arabaçı poeziyasından bir yarpaq…

Götürüm

Bu istidə dan yeli tək bir az əs,
Nəfəsini otağıma götürüm.
Aradakı bütün sözlər yox olsun,
Dodağını dodağıma götürüm..

Baxma belə, saçım-başım qırovdu,
Bundan belə ömrüm səndə girovdu,
Mənim sinəm Savalandı , Murovdu,
O dağıma, bu dağıma götürüm..

Şeytan bilməz min cəhd qılsa oynunu,
Aç, qolların bağlamasın qoynunu,
Elə bükmə sərçə kimi boynunu,
Gedək səni budağıma götürüm.

Çox susursan, bir ömürlük “hə” qədər,
Könlüm səndən əyilməyib “ə”qədər,
Səndən gələn buludları nə qədər,
Qan ağlayan bulağıma götürüm? ..

Fərhad canım, Kərəm canım yarımdı,
Çox üzgünəm, əsəblərim tarımdı,
Düz bucaq da, kor bucaq da varımdı,
Səni hansı bucağıma götürüm..

Dağılmasın ürək boyda ev içdən,
Sevirsənsə mənim kimi sev, içdən,
Az qalıram sənə görə sevincdən,
Bu dünyanı qucağıma götürüm.

Azərbaycan.media