🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Dahi, Xalq şairi Dəmir Gədəbəylinin şeirləri

GƏLMİSƏN …

Xoş gəlmisən, ala gözlü Əzrail,
Yəqin bizə can almağa gəlmisən.
Allahın hökmüsə, qailəm, qail,
Buyur, başla, vay salmağa gəlmisən!

Amma son sözümü çatdır Allaha,
Gətirsə gəlmərəm dünyaya daha!
Nahaqdan can alıb, batma günaha,
Qılıncını boş çalmağa gəlmisən?!

El, obaya sözdən çələng hörmədim,
Bağban tək bağ saldım barın dərmədim,
Dəmirəm vətəndə bir gün görmədim,
Mərd düşmənsən, dost olmağa gəlmisən?!

O DAĞLARDA YALAN OLMAZ…

Yeri, öz yolunla çıx get ay oğul!
Vallah səndən Seyran olmaz, ay olmaz!
İstəsən anadan min dəfə doğul,
Yarımçıqdan insan olmaz, ay olmaz!

Adamlıq, insanlıq Allah vergisi,
İnsanlıq sevməyir çamuru, hisi,
El- oba tanıyır yaxşını, pisi!
O dağlarda yalan olmaz, ay olmaz!

Heç kəsə bənzəməz, özüdü Seyran!
Bizim el, obanın gözüdü, Seyran!
Dəmirin qəlbinin sözüdü, Seyran!
Tülkülərə meydan olmaz, ay olmaz!

X Ә R Ç Ә N G . . .

Məmləkətdə son durum…

Bu yara ayrı yaradı,
Deşiləsi çiban deyil!
Ciyərim para – paradı,
Atam, dözmək asan deyil!

Deyillər ağırdı yaran,
Neştər alıb, yoxdu yaran!
Göynərtisi kəsmir bir an,
Bu xərçəngdi, yaman deyil!

Dərman təsir etmir buna!
Didir məni çevrib yuna!
Dəmir rəngim olub cuna,
Görən deyir, insan deyil!

A X T A R I R . . .

( Divani )

Çarxı – dövran elə dönüb, hamı nicat axtarır!
Ağalar kefə qurşanıb, kasıb həyat axtarır!
Haqq yaradan hər nə varsa üz tutub yamanlığa;
Tülək Tərlan uça bilmir, qoşa qanad axtarır!

Sonradan görən gədələr, dədə- babasın danır,
Göy kağıza qurşananlar, dünyanı beş gün sanır,
Pozulub mizan – tərəzi, göydə Allah utanır,
İsrafil Surun çalmağa, məqam, saat axtarır!

Şair Dəmir, var- yoxunu yadlar alıb əlindən,
Şükr elə ki, düz söz üstə, asmayıblar dilindən!
Oğurlanıb Türk adımız, xəbər yoxdu elindən,
Yolda qalıb igid oğlan, hələ Ağ at axtarır!

ACI  RÜBAİLƏR …

1.
Saç, saqqal ağarıb, olubdu dən- dən,
Dünyaya baxıram, dağ zirvəsindən…
Gəlir göz önünə fərsiz bir nəsil,
Qoruya bilmədik, səni ey Vətən!

2.
Qoruya bilmədik torpaqlarını,
Şuşa dağlarını, yaylaqlarını,
Çiçəyi çırtladı xaçpərəstlərin,
Ruslar söndürəndə, ocaqlarını!

3.
Söndü Qarabağın min bir ulduzu,
Qaralar geyindi,oğulu, qızı,
Bu gün qəbri üstə Pənah xanların,
Gəzir, şıllaq atır, hər hay donuzu!

4.
Dağlardan çox aydın görünür dünya,
Gündə ağ yalana bürünür dünya,
Başsız başçıların düşüb əlinə,
Dalca, dizin – dizin sürünür, dünya!

5.
Üç div əjdaha tək açıbdır ağzın,
Üçü də qan içən, üçü də pozğun,
Dünyanı udmağa hazır dayanıb,
Biri o birlərin oxumur kağzın!

Azərbaycan.media